Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5442/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Şirvan” filialı ilə X4 Maarif oğlu arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsinə əsasən 3371,62 manat əsas borc, 104,94 manat faiz borcu, 58,34 manat cərimə olmaqla, cəmi 3534,90 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55,35 manat pulun birgə borclu kimi Əliyev Elşən Maarif oğlunun qanun üzrə birinci dərəcə vərəsələri- Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şirvan” filialı ilə X4 Maarif oğlu arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və onlara əlavə olan ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablanmış faizi hər ayın 30-dan gec olmamaq şərtilə ödəməli idi. Lakin X4 Maarif oğlu kredit ödənişlərini vaxtı-vaxtında edə bilməmişdir. 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsinin 30 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, Əliyev Elşən Maarif oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Hal-hazırda bank Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsaslanaraq, X4 Maarif oğlunun xx.xx.2021-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə birinci dərəcə vərəsələrindən tələb edir. Bu borclunun vərəsələri- Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi X2 izahatında Əliyev Elşən Maarif oğlunun bankdan kredit götürməsindən və qeyd edilən borcdan məlumatı olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh2 xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir) Cavabdeh2 məhkəmə iclasına gəlməməsin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin “Şirvan” filialı ilə X4 Maarif oğlu arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən 36 ay müddətinə illik 17 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, AZ-İİ seriyalı 200865 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Elşən Maarif oğlu xx.xx.2021-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi” səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 745 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2”V”-125 reyesyr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əliyev Elşən Maarif oğlunun vərəsləri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dır və onların hər birinə 1/3 hissə olmaqla Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Şəhadətnamə verilən miras əmlak Azərbaycan Raspublikasə DİN Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 56 nömrəli məktubuna əsasən 2382,69 manat müavinətdən ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Əliyev Elşən Maarif oğlunun 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsi üzrə 3371,62 manat əsas, 104,94 manat faiz və 58,34 manat cərimə olmaqla, cəmi 3534,9 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərə Əliyev Elşən Maarif oğlunun vərəsləri olaraq 30 noyabr 2020-ci il tarixli SVNPU- 03386 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC–yə borclarını 3 iş günü müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, İddiaçı ASC ilə Əliyev Elşən Maarif oğlu arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ASC Əliyev Elşən Maarif oğluna 4000 manat məbləğində pul vəsaitini kredit verməyi, Əliyev Elşən Maarif oğlu isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Əliyev Elşən Maarif oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X4 Maarif oğlunun ölümündən sonra mirası qəbul etmiş vərəsələri olan cavabdehlər miras qoyan, həmçinin kredit müqaviləsi üzrə borclu olan Əliyev Elşən Maarif oğlunun öhdəlikləri üzrə borcluya çevrilmişlər. Cavabdehlər miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyan Əliyev Elşən Maarif oğlunun 30 noyabr 2020-ci il tarixli SVNPU-03386 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin (müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri) yerinə yetirilməsi üçün kreditor olaraq İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, borclunun vərəsəsi olaraq cavabdehlər onlara çatan miras payının həcminə uyğun olaraq kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras əmlak 2382,69 manat müavinətdən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün onlara çatan miras payı həcmində məsuliyyət daşıdığından cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulu 2382,69 manat miras payı həcmində tutulmalı və həmin məbləğdən 58,34 manat cərimə, 104,94 manat faiz borcuna, qalan 2219,41 manat isə əsas borca çıxılmalıdır. Belə ki, Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2219,41 (iki min iki yüz on doqquz manat qırx bir qəpik) manat əsas borc, 104,94 (bir yüz dörd manat doxsan dörd qəpik) manat faiz borcu, 58,34 (əlli səkkiz manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 2382,69 (iki min üç yüz səksən iki manat altmış doqquz qəpik) manat pul pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 55,35 (əlli beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun 32,60 %-i, yəni 18,05 (on səkkiz manat beş qəpik) manatı iddiaçıya aid edilməli, qalan 67,40 %, yəni 37,30 (otuz yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2219,41 (iki min iki yüz on doqquz manat qırx bir qəpik) manat əsas borc, 104,94 (bir yüz dörd manat doxsan dörd qəpik) manat faiz borcu, 58,34 (əlli səkkiz manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 2382,69 (iki min üç yüz səksən iki manat altmış doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,30 (otuz yeddi manat otuz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 18,05 (on səkkiz manat beş qəpik) manat (55,35-37,30=18,05) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5442/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5442/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver