Məhkəmə qərarları › İş №e-2(004)-5499/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5499/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5499/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin qalığının geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul vəsaitinin qalığının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş pul vəsaitinin qalığı olan 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 8100 manat pulun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh vasitəsilə avia biletlər almışdır. Onların arasında etibar yaranmışdır. İddiaçı 2022-ci ilin avqust ayından 2023-cü ilin mart-aprel aylarına kimi cavabdehə Türkiyəyə getmək üçün bilet almaq məqsədilə hissə-hissə 12.000 manata yaxın pul ödəmişdir. İddiaçı pulu fərqli vaxtlarda online, özünün və ərinin bank kartlarından və yaşadığı evin yaxınlığında e-manat terminalı vasitəsilə göndərmişdir. Cavabdeh verdiyi vədə tam əməl etməmiş və biletləri almamışdır. Cavabdeh aldığı puldan bir hissəsini qaytarmışdır, 8.000 manat borcu qalmışdır. Hazırda 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və nümayəndəsi və vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək və ərizə verərək bildirdi ki, iddiaçı ona avia biletlərin alınması üçün hissə-hissə olmaqla cəmi 12.000 manata yaxın pul vermişdir. O, biletlərin bir hissəsini alaraq vermişdir. Sonradan biletlərin qiymətləri qalxdığına görə vədinə əməl edə bilməmişdir. O, aldığı vəsaitdən 6553 manatını iddiaçıya bank kartı vasitəsilə qaytarmışdır. İddiaçının təqdim etdiyi e-manat terminalı vasitəsilə göndərilən pulların qəbzləri onda olmadığına görə. Onun hesabına görə 3.095 manat borcu qalmışdır. Lakin hazırda həmin ödənişləri də nəzərə almaqla, onun iddiaçıya 5.300 manat borcu qalması ilə razılaşır və 5.300 manat borcu hər ay təxminən 500 manata kimi olmaqla ödəyə biləcəkdir. Odur ki, iddianın 5300 manat pul tutulması hissəsində təmin edilməsinə etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, bank kartından çıxarışlardan və e-manat ödəniş terminalının qəbzlərindən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində bank kartı və emanat ödəniş terminalı vasitəsilə Cavabdeh məxsus olan bank kartı hesabına hissə-hissə olmaqla təxminən 11.852 manat pul göndərmişdir. Cavabdeh göndərilən pul vəsaitinin bir hissəsinə avia biletlər alaraq İddiaçı təqdim etmişdir, qalan vəsaitdən isə 6652 manatını iddiaçının kart hesabına qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 5.300 manat borcu qalmışdır. Cavabdeh 5.300 manat borcu qalmasını etiraf etməsinə dair məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə vermişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5.300 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 5.400 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni 2.700 manat pul tutulması hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.300 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 5.400 (beş min dörd yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar