Məhkəmə qərarları › İş №e-2(004)-5575/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5575/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5575/2025 27.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 138nkCNTR/24 nömrəli kredit müqaviləsindən görünür ki, bank xx.xx.2026-cı il tarixinədək illik 29 faiz ödəmək şərti ilə 1768 manat məbləğdə krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12%, maksimum 40% təşkil edir.

2. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli nömrəli müqavilələrin bağlanmasıdır.

3. Ödəniş qrafikindən görünür ki, ödəniş müddəti 24 ay, ödəniş məbləği hər ay 98 manat, sonuncu ay 100,12 manat olmaqla razılaşdırılmışdır.

4. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 138nkCNTR/24 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 1386,71 manat, faiz borcu 220,56 manat və 63,30 manat cərimə borcu olmaqla, cəmi 1670,57 manat borcu yaranmışdır.

5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqla əsas borc 1386,71 manat, 114,53 manat faiz və 20,64 manat cərimə borcu olmaqla, 1521,88 manat məbləğin tam ödənilməsi tələb olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1386,71 manat əsas, 220,56 manat faiz və 63,30 manat cərimə borcu olmaqla, ümumilikdə 1670,57 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37,11 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 29% ödəmək şərtilə 1768 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1386,71 manat əsas, 220,56 manat faiz, 63,30 manat cərimə borcu yaranmışdır.

b) iddiaya etiraz

8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Borcun əsası olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 138nkCNTR/24 nömrəli müqaviləyə əsasən "xxxx" KB ASC kredit alana 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 1768 manat məbləğində kredit vermişdir.

15. Cavabdeh öhdəliyini pozaraq 1386,71 manat əsas, 220,56 manat faiz, 63,30 manat cərimə borcu olmaqla, cəmi 1670,57 manat borcu yaranmışdır.

16. Odur ki, həm müqavilə üzrə əsas borc, həm də hesablanmış faiz və cərimə borcu cavabdehdən tutulmalıdır.

17. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

18. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddiaçı məhkəmədən 37,11 manat məbləğdə dövlət rüsumunun tutulmasını xahiş etsə də, ********** nömrə ilə 36,71 manat məbləğdə dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmişdir. Odur ki, bu hissədə iddia qismən təmin edilməli, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 36,71 manat cavabdehdən tutulmalıdır.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qismən iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, faiz və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. 1386,71 manat əsas, 220,56 manat faiz, 63,30 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,71 manat olmaqla, ümumilikdə 1707,28 manat pul Cavabdeh tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar