Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5631/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ramprasath Veerapandianın Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ramprasath Veerapandian Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək 2000 manat kirayə xərci və 2000 manat gündəlik yemək üçün, 700 manat vəkil xidməti, 1000 manat bilet pulu və ödənilən dövlət rüsumunun əvəzi olan 77 manat olmaqla, ümumililkdə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəlilov X2 Ramprasatha qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 4600 manat, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən isə 4 aylıq icarə haqqı kimi 8000 manat, cəmi isə 12600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 nömrəli 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Veerapandian Ramprasath arasında bağlanmış 08 iyul 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Veerapandian Ramprasathdan 6000 manat icarə haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 nömrəli 16 fevral 2021-ci il tarixli qətnaməsi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş icra məmuru Bəhruz Bayramovun icraatına götürülmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, borclu Veerpandian Ramprasathın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu, xx.xx.1996-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Veerpandian Ramprasathın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 937/2021 saylı xx.xx.2021-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadından verilmiş şikayətə əsasən qərardad Bakı Apellyasiya Məhkəməsinin 8(103)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4682/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qanun pozuntuları ilə qəbul edilmiş qətnaməyə görə Veerapandian Ramprasath 2 (iki) il ərzində öz ölkəsinə (Hindistana) qayıda bilməmiş beləliklə ona maddi zərər dəymişdir. Qeyd edir ki, Veerapandian Ramprasath ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərardadı olduğuna görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi (23 ay) məcburiyyət qarşısında ölkəsinə qayıda bilməmişdir. İddiaçı Veerapandian Ramprasath öz ölkəsinə (Hindistana) 03 fevral 2023-cü il tarixdə getməyə cəhd etmiş lakin hava limanında pasport yoxlanışında ölkədən çıxmağa qadağa qoyulduğuna görə buraxılmamışdır. Biletin pulu təxminən 1000 (min) manat təşkil etmişdir. Bu müddət ərzində iddiaçı kirayədə yaşamış 2000 manat və gündəlik yeməyini təmin etmək üçün 2000 manat pul xərcləmişdir. Əlavə olaraq vəkil xidmətinə görə 700 (yeddi yüz) manat pul xərcləmişdir. İddiaçı Veerapandian Ramprasath qadağa olduğu üçün Hindistan Respublikasına qayıda bilməmiş orada əldə edəcəyi gəliri əldən çıxmış fayda olaraq maddi zərərə məruz qalmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin keçirilmiş 2 hazırlıq iclasında da iddiaçının nümayəndəsi iştirak etməmiş, daha sonra isə hazırkı baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkilinin həm hazırlıq, həm də baxış iclasları zamanı məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barəsində sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə iclası iddiaçı tərəfin iştirakı olmadan keçirilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçının ona borcu olmuş və borc məbləği məhkəmə qaydasında tutulmuşdur. İddiaçı 3 ildir ki, borcunu qaytarmamasına baxmayaraq ondan əlavə xərclər tələb edir. Hazırkı iddia absurddur ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh Ramprasath Veerapandiandan 6.000 manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4682/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1996-cı il təvəllüdlü borclu Ramprasath Veerapandianın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn pul tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 6.000 manat məbləğində pulun tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alaraq icra şöbəsinə yönəldilmişdir. İcra işi gedişində borclu Ramprasath Veerapandian icra sənədini könüllü olaraq icra etmədiyindən icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə Ramprasath Veerapandianın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Ramprasath Veerapandian barəsində çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Ramprasath Veerapandiandan pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi rədd edilmişdir. X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin qərardadınan verilmiş şikayətə əsasən apellyasiya instansiya icraatında qərardad ləğv edilmişdir. Hazırda iddiaçı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırıldığı dövrdə məcburi olaraq Azərbaycan Respublikasının ərazisində qalmaq, yemək xərclərinin cavabdehin təqsirli hərəkətləri nəticəsində meydana gəldiyindən cavabdeh tərəfindən ona vurulan maddi ziyan kimi qiymətləndirilərək əvəzinin ödənilməsini, həmçinin hazırkı iddia ərizəsinin verilməsi üçün hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması müvafiq dövr üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi üzrə icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə baş tutmuşdur. Bu halda cavabdehin hər hansı təqsiri müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin (hazırkı halda cavabdehin) hüquqlarının müdafiəsi barədə məhkəmədə iddia qaldırması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanunsuz və ya əsassız olması, qarşı tərəfin (hazırkı halda iddiaçının) hüquqlarının pozulması iddia qaldıran şəxsin təqsiri hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər bir şəxsin, pozulmuş və ya pozulduğunu hesab etdiyi hüquqularının məhkəmə qaydasında müdafiə edilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Beləliklə, Cavabdeh məhkəmədə qaldırdığı iddia tələbinin nəticəsində qəbul edilmiş məhkəmə qərarlarının əsasında Ramprasath Veerapandianın ölkədən getmək hüqunun məhdudlaşdırılması və dolayısı ilə Ramprasath Veerapandianın gündəlik tələbatlarına uyğun xərclərinin yaranmasında Cavabdeh birbaşa təqsiri müəyyən edilmir. Həmçinin Cavabdeh Ramprasath Veerapandianın hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı digər qanunsuz hərəkətləri, hüquqpozmaları və müdaxilələri ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi sübut olmadığından, iddiaçının Azərbaycan Respublikasının ərazisində qalması ilə bağlı çəkdiyi yaşayış yeri ilə təmin olunmas, yemək xərcləri və hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş xərcin əvəzinin cavabdehlərdən tutulması barədə tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı Ramprasath Veerapandianın Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 6759, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-5631/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5631/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver