Məhkəmə qərarları › İş №e-2(004)-5632/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5632/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5632/2022 28.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia həcminin azaldılmasına dair ərizə verdiklərini, lakin yetkinlik yaşına catmayan cavabdehlərin cavabdehlər siyasından çıxardılmasına dair dəqiqləşmə barədə ərizə verməkdən imtina etdiklərini bildirdi. Əlavə olaraq bir sıra məhkəmələrdə yetkinlik yaşına çatmayan şəxslərin cavabdeh kimi cəlb olunmasına dair məhkəmə təcrübəsinin olduğunu, habelə yetkinlik yaşına çatmayan şəxslərin qanuni nümayəndələrini müəyyən edə bilmədiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mülki işin baxılmamış saxlanmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunmuşdur. İş materiallarında olan Avtomatlaşdırılmlş informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi cavabdehlər Cavabdeh1 (xx.xx.2005-ci il təvəllüdlü) və Cavabdeh3 (xx.xx.2011-ci il təvəllüdlü) yetkinlik yaşına çatmamışlar, yəni onların mülki-prosessual fəaliyyət qabiliyyəti yaranmamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki iş üzrə cavabdehlər qismində cəlb edilə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən on altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4.-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 (xx.xx.2005-ci il təvəllüdlü) və Cavabdeh3 (xx.xx.2011-ci il təvəllüdlü) yetkinlik yaşına çatmamışdır. Bununla da iddiaçı öz iddia ərizəsində cavabdeh qismində yetkinlik yaşına çatmayan şəxsləri göstərməklə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərini pozmuş, iddia ərizəsi düzgün formada tərtib edilməmişdir. Habelə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar