Məhkəmə qərarları › İş №e-2(004)-5694/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5694/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5694/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 95,45 manat əsas borc, 36,56 manat faiz borcu olmaqla, cəmi 132,01 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* nömrəli ödəniş kartına xidmət göstərilməsi haqqında müqaviləyə əsasən bank müştəriyə cari hesab açmağı və hesab üzrə ödəniş kartı vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərini göstərməyi, müştəri isə bankın müəyyən etdiyi tariflərinə əsasən göstərilən xidmətlərə görə müvafiq haqqı banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdə etibarən illik 30% məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yolverməmək müştərinin vəzifələrindən biridir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pulvəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, UB-İNSH/ƏB/687 saylı arayışa əsasən Cavabdeh AZ96UBAZ**********1010AZN001 nömrəli kart hesabı üzrə xx.xx.2022-ci il tarixə 95,45 manat overdraft borcu, 36,56 manat faiz borcu olmaqla, cəmi 132,01 manat borcu vardır. İşin halları odur ki, iddiaçı ilə Cavabdeh arasında ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh kart hesabı üzrə hesabda olan vəsaitdən artıq istifadə etdiyindən overdraft yaranmış və Cavabdeh borcu müəyyən edilmiş vaxt ərzində ödəməyərək öhdəliyini lazımınca icra etməmiş, nəticədə cərimə borcu yaranmışdır. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 7 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh 95,45 manat overdraft borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 102,45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 132,45 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 95,45 manat overdraft borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 102,45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 132,45 (yüz otuz iki manat qırx beş qəpik) manat mələğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar