Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5705/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 19623,89 manat məbləğində əsas borcun, 2391,75 manat məbləğində faiz borcunun, 759,49 manat məbləğində cərimə borcunun, cəmi 22775,13 manat borcun və 159 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19,5% olmaqla 20500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit sazişinə (eyni zamanda zaminlik müqaviləsi) əsasən, bank borcalan Cavabdeh2 36 ay müddətinə, illik 19,5% olmaqla 20500 manat məbləğində kredit vermiş, Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icrası üçün borcalan ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsinə 1 nömrəli əlavə olan “Ödəniş cədvəli”-nə əsasən, borcalan Cavabdeh2 hər ay 756,64 manat olmaqla, faiz borcu ilə birlikdə ümumilikdə 27246,49 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit sazişinin digər şərtlər adlanan 4-cü bəndinin kredit şərtləri adlanan hissəsinə əsasən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan İddiaçı ASC-nin 23 avqust 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”-nin xüsusi hissəsinin “Nağd pul krediti” bölməsinin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında/lakin 0,51 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 gun müddətində tətbiq edilir. xx.xx.2023-cü il tarixli, cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsinin ləğv olunduğu bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, Cavabdeh1 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviləsi üzrə əsas və cərimə borcunun ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Cavabdeh2 tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan ona xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə tərəflər arasında kredit müqaviləsi həmin tarixdən məhkəmədən kənar ləğv edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarının 4 və 5-ci bəndlərinə əsasən:
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi 2157,89 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilərək cavabdehlərdən 2157,89 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 157,37 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 19623,89 (on doqquz min altı yüz iyirmi üç manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 2157,89 (iki min yüz əlli yeddi manat səksən doqquz qəpik) manat, cərimə borcu üzrə 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 22541,27 (iyirmi iki min beş yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borc və 157,37 (yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova