Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5724/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlərə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş): 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsi ilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.2.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks etdirilməlidir; 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Yuxarıda göstərilən qanunvericilik aktı normalarından görünür ki, iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka predmeti üzərində hüququ olan tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5724/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Mən, Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci il tarixdə saat 15:00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-5724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5724/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver