Məhkəmə qərarları › İş №e-2(004)-5753/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5753/2022

30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5753/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000(on üç min) manat dəymiş ziyan məbləğində, 10000 (on min) manat mənəvi ziyan məbləğində, ümumilikdə 23000(iyirmi üç min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm elan olunsa da, mülki iddia olmamışdır. Cavabdehin törətdikləri cinayət nəticəsində iddiaçıya 13000(on üç min) manat ziyan dəymişdir. İddiaçının həyat yoldaşı, X5, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X1 sahəsi üzrə müvafiq kursda iştirak etmişdir. Təlimlərin birində təlimçi Səmədzadə Gövhər, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Mamalıq və Ginekologiya kafedrasının professoru olan, eyni zamanda İnstitutun Cərrahiyə fakultəsinin Elmi Şuranın üzvü olan Cavabdeh tibb sahəsi üzrə işçilər axtardığını və həmin işçiləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında işlə təmin etməsi barədə kurs iştirakçılarına məlumat vermişdir. Bu məlumatdan sonra o, Cavabdeh ilə mobil telefon ilə danışaraq, bu məsələ barədə görüşmək üçün razılığa gəlmişlər. Görüş zamanı Cavabdeh, iddiaçının həyat yoldaşı, X4 Silahlı Qüvvələrin Baş X2 Şöbəsində, UZİ həkimi vəzifəsinə işə düzəldəcəyi barədə təminat vermiş və bunun müqabilində onlardan 13000 (on üç min) manat pul istəmişdir. İlk görüş də 9000 (doqquz min) manatı, ikinci görüş də isə, 4000 (dörd min) manatı iddiaçı Cavabdeh vermişdir. Ümumi 13000(on üç min) manat pul müqabilində, 1 (bir) ay yarım müddət ərzində iddiaçının həyat yoldaşı, X4 işə düzəltməsi haqqında söz vermişdir. Bu müddət ərzində Cavabdeh 26 fevral tarixində iddiaçıya zəng vuraraq işin həll edildiyini, növbəti həftə X3 ərizəsini alıb əmrini verəcəkləri barədə onlara məlumat vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh xəstəxanadan çıxmağı və pulu qaytarmaq barədə onlara heç bir məlumat verməmişdir. Bir vətəndaş kimi iddiaçıya cox pis təsir etmişdir və həyat yoldaşına qarşı belə rəftar edilməsi, bələ haqsız vəziyyətə düşməkləri iddiaçını çox sarsıtmış, ürək ağrıları daha Cavabdeh ilə dialoq aparmağına imkan vermir. İddiaçı bir vətəndaş olaraq bu vəziyyətdən o qədər sarsıldı ki, həmin şəxs barəsində qanun çərçivəsində tədbir görülməsi qərarına gəlmişdir. Mamalıq və Ginekologiya kafedrasının professoru, İnstitutun Cərrahiyə fakultəsinin Elmi Şuranın üzvü olan Cavabdeh hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, hipokrat andına sadiq olmalı, vəzifəsinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. İşgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir, habelə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Bundan başqa istintaq dövründə polis idarəsinə, məhkəmə prosesləri zamanı xərclər, gedib gəlmək üçün nəqliyyatdan istifadə etmək üçün yol xərcləri, bu işlə bağlı iddiaçının getdiyi günlərdə işə cıxmayıb işdən uzaq qaldığı vaxtları əldən çıxmış fayda kimi ağlabatan miqdarda nəzərə alıb, ümümilikdə çəkdiyi xərclərə əlavə olunmalıdır. Daha sonra iddiaçının hadisə zamanı keçirdiyi qorxu, həyacan, mənəvi sarsıntı nəticəsidə bir müddət xəstə düşüb, şokda olmuşdur, buna görə mənəvi zərərin məbləği isə 10000 (on min) manat məbləğində qiymətləndirilərək cavabdehdən tələb edilir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinə cavabdehə çatdırılması üçün iddia ərizəsi və məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cəzaçəkmə Müəssisəsindən cavabdehin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana da məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 1(004)- 255/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cavabdeh 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Hökmdə, eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 16 oktyabr 2012-ci ıl tarixdən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında professor və 24 fevral 2014-cü ildən 17 fevral 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş tanışı İddiaçı inam və etibarından sui-istifadə edərək onun arvadı X4 Silahlı Qüvvələrin Baş X2 şöbəsinə şüa-diaqnostıka həkimi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı 07 yanvar 2020-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərmiş «Lemelange» adlı kafedə 9,000 (doqquz min) manat və 14 yanvar 2020-ci tarixdə Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nın inzibati binasının yan tərəfində 4,000 (dörd min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 13,000 (on üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (103)-1901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, apellayasiya şikayəti təmin olunməmiş, “8 noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarın 4 13 və 30-cu hissəsini tətbiq edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 05 oktyabr 2021-ci il tarixli hökmün dəyişdirilməsi, Cavabdeh 05 noyabr 2021-ci il arixdə çəkilmiş 01(bir) il 10(on) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının 06 ay azaldılması və üzərində 01(bir) il 04(dörd) ay 29(iyirmi doqquz) gün müddətində azalıqdan məhrum etmə cəzasının saxlanılması, cəza çəkməsinin əvvəlinin 05 noyabr 2021-ci il tarixindən hesablanması qərara alınmışdır. İş materiallarında olan Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-891/2022 saylı, xx.xx.2022-ci il tarxili qərarından müəyyən olunur ki, kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarını dəyişdirilməsi, qərarın nəticəvi hissəsinin 3-cü və 4-cü abzaslarının yeni redaksiya verilməsi hökmlə Cavabdeh təyin edilmiş cəza 01(bir) il 11(on bir) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının 06 ay azaldılması və üzərində 01(bir) il 05(beş) ay 29(iyirmi doqquz) gün müddətində azalıqdan məhrum etmə cəzasının saxlanılması, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması, qərardan Cavabdeh təyin edilmiş cəzanın 05 noyabr 2021-ci il tarixdən hesablanması barədə müddəanın çıxarılması qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh hissə-hissə, ümumilikdə 13000 manat pulun verilməsi və sonuncunun həmin pulu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi Yasamal Rayon Məhkəməsinin 1(004)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (103)- 1901/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına və Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-891/2022 saylı, xx.xx.2022-ci il tarxili qərarına əsasən müəyyən edildiyindən, həmin faktın mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu səbəbdən də, iddia tələbi 13000 manat maddi zərərin tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KM-nin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqdisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənvəi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İndiki halda cavabdehin mənə mənəvi zərər vurması işin faktiki hallarından da aydındır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində borcun qaytarılmaması nəticəsində ona mənəvi zərər dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 13.000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 13.000 (on üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar