Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-576/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC (keçmiş "xxxx" İKB ASC) və Cavabdeh2 MMCyə qarşı kredit, ipoteka (girov) müqavilələrinə xitam verilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci ildə (oktyabr) "xxxx" İKB-nin (Cavabdeh1 ASC) 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi, “Mercedes E230” markalı, 99-DC228 dövlət qeydiyyat nişanlı avtomobilə dair "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış ipoteka (girov) müqaviləsinə xitam verilməsi, kreditor "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı, borcalan İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi 05 oktyabr 2012-ci il göstərilən zaminlik müqaviləsinin ləğv edilməsi, “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin (avtomobilin) qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2012-ci il tarixdə "xxxx" İKB-nin (Cavabdeh1 ASC) 6 saylı filialı ilə İddiaçı arasında 36 ay müddətinə, illik 22% olmaqla 6885 manat məbləğində kreditin verilməsinə dair 17-A-1-0- 4845-12 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin “Mercedes E230” markalı, 99-DC228 dövlət qeydiyyat nişanlı avtomobilə dair 05 oktyabr 2012-ci il tarixdə 17-A-1-0-4845-12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə kredit vaxtında və tam ödənilmişdir. Bununla da İddiaçı Cavabdeh1 ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliyi qalmamışdır. "xxxx" MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan 19 avqust 2022-ci il tarixli, SF21382 nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ASC tərəfindən verilmiş kreditin verilmə tarixi xx.xx.2012, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2012, kreditin son müqavilə üzrə bitmə tarixi xx.xx.2015, sonuncu ödəniş tarixi xx.xx.2015, kreditin statusu tam ödənilmişdir. Lakin Cavabdeh2 MMC 31 avqust 2022-ci il tarixli, 257 saylı məktubla İddiaçı xəbərdarlıq edərək bildirmişdir ki, guya verilmiş kreditin təminatı kimi "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə İddiaçı və Cavabdeh2 MMC arasında 05 oktyabr 2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı 05 oktyabr 2022-ci il tarixli, 17-A-1-0- 4845-12 saylı kredit müqaviləsi üzrə banka olan borcundan ümumilikdə 9558 manat Cavabdeh2 MMC tərəfindən ödənilmişdir. Cavabdeh2 MMC tərəfindən aparılmış sonrakı ödənişlərdən 3504 manat məbləği zamin Cavabdeh2 MMC-nə geri qaytarılmışdır. Halhazırda geri qaytarılmayan məbləğ 6054 manat təşkil edir. Yuxarıda göstərilənləri rəhbər tutaraq 6054 manat məbləğində pulun 3 gün ərzində İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. İddiaçı Cavabdeh2 MMC-ni və onun rəhbərliyini (hətta onun istənilən işçisini belə) tanımır. İddiaçılə Cavabdeh2 MMC və onun rəhbərliyi arasında münasibətlər mövcud olmamışdir və hazırda da belə münasibətlər mövcud deyildir. Odur ki, Cavabdeh2 MMCnin İddiaçı borclarına görə zaminlik müqaviləsi bağlaması və onun borclarını ödəməsi həqiqəti əks etdirməməklə, heç ağılabatan da deyildir. Digər tərəfdən, yuxarıda göstərildiyi kimi, "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, kredit məbləği İddiaçı tərəfindən tam ödənilmişdir. Göstərilənlərə əsasən, 2012-ci ildə (oktyabr) "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə əsas öhdəliyin təminatı kimi zaminlik, ipoteka (girov) müqavilələrinin mövcud olub-olmamasının, kredit öhdəliyinə kimin tərəfindən və hansı tarixdə xitam verilməsinin (ödənilməsinin), kreditin İddiaçı tərəfindən tam ödənidiyi bir halda Cavabdeh2 MMC-nin hansı əsasla Cavabdeh1 ASC-yə 9558 manat ödəməsinin və Cavabdeh2 MMC tərəfindən aparılmış ödənişlərdən 3504 manat məbləğinin ona geri qaytarılıb-qaytarılmamasının və geri qaytarıldığı halda, geri qaytarılmanın əsaslarının aydınlaşdırılması zərurəti yarandığından Cavabdeh2 MMC-yə müracət edilmiş, Cavabdeh2 MMC-dən bir sıra sənədlər göndərilmişdir. Göndərilmiş sənədlərdən görünür ki, guya 05 oktyabr 2012-ci il tarixdə kreditor "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı, borcalan İddiaçı və zamin Cavabdeh2 MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən müqavilə həqiqəti əks etdirmir. Buna görə də kreditor "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı, borcalan İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi 05 oktyabr 2012-ci il göstərilən zaminlik müqaviləsi ləğv edilməlidir. Digər tərəfdən, Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli, SF-21382 nömrəli çıxarışdan göründüyü kimi, Cavabdeh1 ASC tərəfindən verilmiş kreditin verilmə tarixi xx.xx.2012, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2012, kreditin son müqavilə üzrə bitmə tarixi xx.xx.2015, kreditin statusu tam ödənilmişdir. Göstərilənlərə əsasən, "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə İddiaçı arasında arasında bağlanmış kredit müqaviləsi üzrə kredit tam ödənildiyindən əsas öhdəliyə həmçinin əlavə öhdəliyə xitam verilmişdir. Odur ki, “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlər qaytarılmalı və ipotekaya xitam verilməlidir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-576/2023 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin olunaraq Cavabdeh1 ASC (keçmiş "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, tədqiq olunmuş sübutlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşmüş öhdəliyi yerinə yetirdiyindən, kredit müqaviləsinə və onun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə xitam verilməli və “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlər iddiaçıya qaytarılmalıdır. Lakin qətnamənin nəticə hissəsindən göründüyü kimi məhkəmə iddiaçının "xxxx" İKB (Yelo Bank ASC) 6 saylı filialı, İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi xx.xx.2012-ci il göstərilən zaminlik müqaviləsinin ləğv edilməsi, “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin qaytarılması tələbi üzrə qətnamə çıxarmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 229. Əlavə qətnamə və əlavə qərardad 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə.. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əlavə qətnamə çıxarılaraq barəsində qətnamə çıxarılmamış tələblər üzrə əlavə qətnamə çıxarılaraq həmin tələblərin də təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri barəsində qətnamə çıxarılmamış tələblər üzrə əlavə qətnamə çıxarılaraq həmin tələblərin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan İddiaçı 36 ay müddətinə, illik 22% olmaqla 6885 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 17-A-1-0-4845-12 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus “Mercedes Benz” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. "xxxx" İKB ASC-nin 6 saylı filialı, İddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borcalan İddiaçı ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ĞLL 705840 saylı kassa mədaxil orderinə əsasən X1 tərəfindən 17-A-1-0-4845-12 saylı zaminlik müqaviləsi üzrə 5700 manat mədaxil olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli SF-21382 saylı çıxarışdan görünür ki, 17-132628-1 hesab nömrəli, 6885 manat kredit üzrə kreditin statusu “tam ödənilmiş” göstərilmişdir. Cavabdeh1 ASC (əvvəlki "xxxx" İKB ASC) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraicətə əsasən müəyyən olunur ki, İddiaçı kredit müqaviləsini güzəştli şərtlərlə tam icra etdiyindən "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə İddiaçı arasında bağlanmış 17-A-1-0-4845-12 saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı qismində xx.xx.2012-ci il tarixli 17-A-1- 0-4845-12 saylı İddiaçı məxsus “Mercedes Benz” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış ipoteka müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, sözügedən nəqliyyat vasitəsinin üzərində olan yüklülüyün ləğvi ilə bağlı müvafiq qeydiyyatın aparılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 294. Girova xitam verilməsi 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə, girova xitam verilir. Maddə 311. Mülkiyyətçinin kreditoru təmin etmək hüququ 311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 15. İpotekanın dövlət qeydiyyatının ləğvi 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 48. İpotekaya xitam verilməsi 48.1.2. Öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı zaminlik müqaviləsinin ləğvi tələbini həmin müqavilədən məlumatı olmaması, belə bir müqavilənin bağlanmaması ilə əsaslandırmışdır. Mülki Məcəllənin yuxarıda göstərilən maddələrində müqavilənin ləğvi əsasları dəqiq müəyyən edilmişdir. Müqavilədən məlumatının olmaması, imzalanmaması müqavilənin ləğvi üçün əsas kimi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" İKB (Cavabdeh1 ASC) 6 saylı filialı, İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi xx.xx.2012-ci il göstərilən zaminlik müqaviləsinin ləğv edilməsi tələbi təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllə § 2. Müqavilənin bağlanması Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə istinad olunan maddələrə əsasən müqavilə barədə məlumatın olmaması, müqavilənin imzalanmaması, yəni müqavilənin bağlanmasının Mülki Məcəllə ilə müəyyən edilmiş şərtlərinə əməl olunmaması müqavilənin etibarsızlığı üçün əsasdır. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşmüş öhdəliyi yerinə yetirdiyindən, kredit müqaviləsinə və onun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə xitam verildiyindən ipoteka predmeti olan “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" İKB (Yelo Bank ASC) 6 saylı filialı, İddiaçı və zamin Cavabdeh2 MMC arasında bağlanma tarixi xx.xx.2012-ci il göstərilən zaminlik müqaviləsinin ləğv edilməsi tələbi rədd edilsin. “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin qaytarılması vəzifəsinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbi təmin edilsin. “Mercedes E230” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair daşınar əmlakın rəsmi reyestrində müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədlərin qaytarılması vəzifəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-576/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(004)-576/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver