Məhkəmə qərarları › İş №e-2(004)-5810/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5810/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5810/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı X1 Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 01.09.2021-ci il tarixdə elektron qaydada Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, pensiyasından tutulmuş 238,12 manat pulun Cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində öz tələblərini əsaslandırdığı halları qeyd etsə də, bu halları təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. İddiaçı ərizəsində Göyçay Rayon Məhkəməsinin məhkəmə əmrinə əsasən onun pensiyasından tutulub Cavabdeh QSC-nin hesabına köçürülmüş pul vəsaitini geri tələb etsə də, məhkəmə əmrini, onun ləğv edilməsi barədə məhkəmə qərardadını, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktını və onun pensiyasından pulun tutulmasını təsdiq edən hesabdan çıxarışı, o cümlədən tələb etdiyi məbləğin geri qaytarılması üçün Cavabdeh QSC-yə müraciət etməsini və Cavabdeh QSC-nin pulu ödəməkdən imtina etməsini təsdiq edən yazılı sübutları ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində qeyd edilən nöqsan aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.1, 152.1.6, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar