Məhkəmə qərarları › İş №e-2(004)-5833/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5833/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5833/2022 19.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0015/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0015/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 4990.13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0015/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 4985.27 manat əsas borc, 306.43 manat hesablanmış faiz borcu, 4062.99 manat dəbbə pulu olmaqla,cəmi 9354.69 manat borcu vardır. Eyni zamanda nəzərəinizə çatdırırıq ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0015/PB/19 saylı kredit müqaviləsinə əsasən 4985.27 manat əsas borc, 306.43 manat hesablanmış faiz borcu, 4062.99 manat dəbbə pulu olmaqla, cəmi 9354.69 manat kredit borcu və 113.55 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, xx.xx.2019cu il tarixli, 0015/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 4990.13 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun kredit müqaviləsi üzrə 4985.27 manat əsas borc, 306.43 manat hesablanmış faiz borcu, 4062.99 manat dəbbə pulu olmaqla,cəmi 9354.69 manat borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 4062.99 manat cərimə (dəbbə pulu) onu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 400 manat məbləğədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 0015/PB/19 nömrəli kredit müqaviləsi üzrə 4985 (dörd min doqquz yüz səksən beş) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 306 (üç yüz altı) manat 43 (qırx üç) qəpik hesablanmış faiz borcu, 400 (dörd yüz) manat dəbbə pulu, cəmi 5691 (beş min altı yüz doxsan bir) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 113 (bir yüz on üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumunun 39.16%-i, yəni 45 (qırx beş) manat 33 (otuz üç) qəpiyi iddiaçıya aid edilsin, qalan 60.84%-i, yəni 68 (altmış səkkiz) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 0015/PB/19 nömrəli kredit müqaviləsi üzrə 4985 (dörd min doqquz yüz səksən beş) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 306 (üç yüz altı) manat 43 (qırx üç) qəpik hesablanmış faiz borcu, 400 (dörd yüz) manat dəbbə pulu, cəmi 5691 (beş min altı yüz doxsan bir) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 113 (bir yüz on üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumunun 39.16%-i, yəni 45 (qırx beş) manat 33 (otuz üç) qəpiyi iddiaçıya aid edilsin, qalan 60.84%i, yəni 68 (altmış səkkiz) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar