Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5854/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı «X1» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «X1» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmiş, bu səbəbdən borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmə qətnaməsi qəbul edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx"MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun cavabdeh tərəfindən tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək hər ay 100 manat və sonuncu dəfə ödənilən 2804 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx"MMC-yə yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 720.60 (yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göstərilənlərə əsasən, Cavabdeh 720.60 (yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3201/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ümumilikdə 4872,43 (dörd min səkkiz yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 1,30 (bir manat, otuz qəpik) manat pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 233697 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5200 (beş min iki yüz) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində kreditin əsas məbləği və оna illik 25 faiz dərəcəsi olmaqla, hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə öhdəliklərini lazımıca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı borcverənin çəkdiyi və/və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin, o cümlədən hüquqi xidmət ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu xərclərin əvəzini, habelə borcverənin əldən çıxmış faydasını ödəmək borcalarının vəzifəsidir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, borcalan təsdiq edir ki, öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borcların geri qaytarılmasının təmin edilməsi məqsədilə borcverən borun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün məhkəmə instansiyalarına müraciət etmək, borcalana aid olan məlumatları həmin şəxslərə təqdim etmək və bu işlərin aparlımasına görə həmin şəxslərə ödənilən xərclərin və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri borcalandan tələb etmək hüququna malikdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən edilir ki, "xxxx" QSC və "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 233697 nömrəli kredit Müqaviləsi üzrə ödənilməsi təmin edilən 4804 manat məbləğində pul vəsaitinə görə "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 720.60 (yeddi yüz iyirmi manat altmış qəpik) manat xidmət haqqı ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilərək "xxxx" QSC-yə təqdim edilən, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək müddəti əhatə edən təhvil aktlarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3201/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh "xxxx" QSC-yə olan borcunun "xxxx" MMC tərəfindən tam həcmdə geri ödənilməsi təmin edilmişdir. Ödənişlərin təmin edilməsinə görə, ödənilməsi təmin edilən məbləğin 15% hissəsinin "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Təhvil aktına əsasən "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə ödənilməli olan ümumi məbləğ 720.60 (yeddi yüz iyirmi manat altmış qəpik) manat təşkil edir. İş materiallarında olan X1» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya 720.60 (yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğində maddi zərərin ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına "xxxx" QSC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. “İcra haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarının icrası müvafiq səlahiyyətli icra qurumu tərəfindən təmin edilməlidir. Yəni, dövlətin icra hakimiyyəti qolunun orqanı kimi Ədliyyə Nazirliyinin icra qurumlarının vəzifəsi məhkəmə qərarlarının icrasını təmin etməkdir. İcra vərəqəsinin icrası ilə bağlı müvafiq xərclər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra xərcləri hesab edilərək icra məmurunun müvafiq qərarı əsasında borcludan tutulur. Tələbkarın xüsusi hüquqi marağı icra sənədinin icra edilməsi olsa da, hüquqi maraq və mənafelər qanunla müəyyən edilmiş formada müdafiə edilməlidir. Yəni, dövlətin tətbiq etdiyi qanunvericilik sisteminin imperativ tələblərinə əməl etmək yurisdiksiya altında olan hər bir subyektin vəzifəsidir. Mübahisə predmeti üzrə icra sənədi icra orqanı tərəfindən icra edilməli olduğu halda tələbkar (hazırki iddiaçı) tərəfindən əlavə xərclərin çəkilməsi ilə bağlı fəaliyyət sonuncunun hüququdur və bu hüququn həyata keçirilməsi riski, xərcləri təşəbbüskarın öz üzərinə düşür. Nəzərə alınır ki, icra işi üzrə icra orqanının hesabına borclu tərəfindən tələbin 7%-i həcminə ödəniş həyata keçiriləcəkdir. Belə çıxır ki, borclu icra sənədinin icra edilməsi ilə bağlı 2 qat yüklənəcək, yəni həm icra orqanına 7%, həm də tələbkarın hüquqi xidmətləri üçün 720 manat ödəniş etməli olacaqdır. İcra sənədi əsasında 4872,43 (dörd min səkkiz yüz yetmiş iki manat qırx üç qəpik) manat məbləğində tələb üzrə 720 manat icranın həyata keçirilməsi ilə bağlı hüquqi xidmətlərin ödənilməsinə dair xərc ağlabatan hesab edilmir. Tələbkar bankın hüquq şöbəsi və hüquqşünasları olmasına baxmayaraq icra məqsədləri üçün üçüncü şəxsdən hüquqi yardım alması anlaşılan deyildir. “Müqavilə azadlığı” prinsipinin özü yalnız müqavilə tərəfi olan subyektin üzərinə vəzifə qoyulması ilə nəticələnir. Tələbkar hər hansı digər subyektlə müqavilə (tapşırıq, xidmət) münasibətlərinə daxil olursa öhdəlik münasibətləri məhz müqavilə tərəfləri (tapşıran və icraçı) arasında yaranır. Həmin müqavilənin maliyyə yükünün borclunun üzərinə qoyulması ədalətli deyildir, qanuni və ya müqavilə əsası yoxdur. Əgər maliyyə yükü borcluya həvalə edilməlidirsə, məntiqli olaraq müqavilənin icrası üzrə digər risklər də müqavilə tərəfi olmayan borclunun üzərinə qoyula bilər ki, bu da hüquqi deyildir. Hazırki tələbin qanuni əsası qismində nə delikt hüquq institutu, nə də öhdəlik hüquq institutunun dispozitiv şərtləri çıxış edə bilməz. Ümumiyyətlə, hazırki mübahisə üzrə tələb edən, tələb edilən və tələb olsa da, zəruri 4-cü ünsür “qanuni əsas” yoxdur. “Vəkillər və vəkillik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, subyektlərə peşəkar hüquqi yardım (xidmətlər) Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirməklə qanunun tələbləri daxilində ədalətli qərarlar qəbul etməlidirlər. Hüquqdan sui-istifadə etmək yolverilməzdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «X1» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «X1» Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5854/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5854/2024
13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver