Məhkəmə qərarları › İş №e-2(004)-5854/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5854/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5854/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və X5 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və X4 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 3620 AZN (üç min altı yüz iyirmi manat) pul məbləğinin, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 AZN (üç yüz iyirmi manat) pulun və 57 AZN (əlli yeddi manat) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cı il tarixdə saat 11:10 radələrində X12 etibarnamə əsasında idarə etdiyi, İddiaçı Məhhəmədəli qızının mülkiyyətində olan “Chevrolet Malibu” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, C.Səlimov küçəsində hərəkətdə olan zaman X12 ilə eyni istiqamətdə sol zolağda hərəkətdə olan “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşın sağa dönmə manevr hərəkəti apararkən manevr qaydalarını pozaraq S.Abbasovun idarə etdiyi avtomobillə toqquşmuşdur. X1 idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobilin sol yan tərəfini əzmiş və iddiaçıya maddi ziyan dəymişdir. Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir və sürücü vəzifəsində işləyən X7 yol vərəqi əsasında həmin nəqliyyat vasitəsini idarə etmişdir. Faktla bağlı Bakı şəhər DYPİ-də araşdırma aparılmış və xx.xx.2025-ci il TP ******* nömrəli qərara əsasən X7 xx.xx.2025-ci il tarixdə 11:30-da Nəsimi rayonu, C.Səlimov küçəsində “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “40” manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmadığından S.Abbasovun idarə etdiyi iddiaçının mülkiyyətində olan “Chevrolet Malibu” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta şirkəti tətəfindən qarşılanmamışdır. “X16” MMC-nin xx.xx.2025-ci il tarixli yekun ziyan aktına əsasən xx.xx.2025-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3620 AZN (üç min altı yüz iyirmi manat) məbləğində maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı iddiaçıya vurumlmuş zərərin məhkəmədənkənar ödənilməsi üçün cavabdehlərə pretenziya göndərilmiş, lakin pretenziyaya müsbət və ya mənfi hər hansı bir cavab verilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 3620 AZN (üç min altı yüz iyirmi manat) pul məbləğinin, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 AZN (üç yüz iyirmi manat) pulun və 57 AZN (əlli yeddi manat) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X8 xx.xx.2025-ci il tarixdə, saat 11:30-da, Nəsimi rayonu, C.Səlimov küçəsi ərizəsində “Kamaz-Yük” markalı, KA255QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 11:30-da, Nəsimi rayonu, C.Səlimov küçəsi ərizəsində “Kamaz-Yük” markalı, KA255QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edilərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Chevrolet Malibu” minik markalı, ** VC *** nömrəli qeydiyyat nişanlı avtomobil xx.xx.2025ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən mülkiyyətçi İddiaçı X10 “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəcam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri vermişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2026-cı il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən “Chevrolet Malibu” minik markalı, ** VC *** nömrəli nişanlı avtomobilə “X16” MMC-nin servisində yekun texniki baxış zamanı ehtiyat hissələrinin dəyişdirilməsinə və təmir edilməsinə ehtiyac olduğu müəyyən edilmiş və ehtiyyat hissələri üzrə 2590 manat, xidmət üzrə 1030 manat, cəmi 3620 manat məbləğində hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 541/E nömrəli mütəxəssis rəyinə əsasən ** VC *** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilə dəymiş zərərin usta xərcləri ilə birlikdə ümumi məbləği 3620 (üç min altı yüz iyirmi) AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, N nömrəli “N nömrəli hərbi hissə komandirinin” əmrindən çıxarışa əsasən Qərargah bölüyünün taktiki komanda məntəqəsi heyətinin avtomobil sürücüsü mülki işçi X9 21 (iyirmi bir) gün müddətinə, 10 noyabr 2025ci il tarixədək N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, X8 N nömrəli hərbi hissədə sürücü vəzifəsində işləyir. Bundan başqa iş materiallarına baş vermiş yol-nəqliyyat hadisəsi yerini və nəqliyyat vasitələrini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında X12 tərəfindən idarə edilən “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işçisi X8 tərəfindən idarə edilən və Müdafiə Nazirliyinin mülkiyyətində olan “Kamaz-Yük” markalı, KA 255 QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ərazisində xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3620 manat məbləğində zərər dəymişdir. Hazırda İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 3620 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 57 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin mülkiyyətində olan və işçisi X8 tərəfindən idarə edilən “Kamaz-Yük” markalı, KA 255 QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, qərara əsasən X8 xx.xx.2025-ci il tarixdə, saat 11:30-da, Nəsimi rayonu, C.Səlimov küçəsi ərizəsində “Kamaz-Yük” markalı, KA255QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. X16 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qüsur aktı və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 541/E nömrəli mütəxəssis rəyinə əsasən ** VC *** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 3620 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, qanunvericiliyin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Çünki işəgötürənin tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından, həmçinin işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri, ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 57 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 57 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən İddiaçı mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 3620 manat manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 57 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən İddiaçı mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 3620 (üç min altı yüz iyirmi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 57 (əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar