Məhkəmə qərarları › İş №e-2(004)-5900/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5900/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5900/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyun 2023-cü il tarixli, YSNPU- 08891 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6835,99 manat, faiz borcuna görə 605,71 manat, dəbbə borcuna görə 1006,48 manat olmaqla, cəmi 8448,18 manat məbləğində pulun və 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsinə əsasən illik 15,5 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8000 manat məbləğində cavabdehə kredit verilmişdir. 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 9-dan gec olmayaraq hər ay 279,29 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 09 İyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6835,99 manat, faiz borcuna görə 605,71 manat, dəbbə borcuna görə 1006,48 manat olmaqla, cəmi 8448,18 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh X1 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, işləmədiyinə görə müqavilə üzrə borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2023cü il tarixli, YSNPU-08891 saylı Kredit müqaviləsinə əsasən bank Borcluya illik 15,5 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verməyi, borclu isə “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı Kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə banka olan borcu əsas borcuna görə 6835,99 manat, faiz borcuna görə 605,71 manat, dəbbə borcuna görə 1006,48 manat olmaqla, cəmi 8448,18 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə olan borcu əsas borcuna görə 6835,99 manat, faiz borcuna görə 599,83 manat, dəbbə borcuna görə 985,58 manat olmaqla, cəmi 8421,40 manat təşkil edir. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 105 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 6835,99 manat əsas, 605,71 manat faiz, 1006,48 manat dəbbə borcu olmaqla, cəmi 8448,18 manat, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 6835,99 manat əsas, 599,83 manat faiz, 985,58 manat dəbbə borcu olmaqla, cəmi 8421,40 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 09 iyun 2023-cü il tarixli, YSNPU-08891 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcu cavabdehə ünvanlanmış bildiriş məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1006,48 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6835,99 (altı min səkkiz yüz otuz beş manat doxsan doqquz qəpik) manat əsas borc, 599,83 (beş yüz doxsan doqquz manat səksən üç qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 7635,82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat pul cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 10 (on) manat (105-95=10) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6835,99 (altı min səkkiz yüz otuz beş manat doxsan doqquz qəpik) manat əsas borc, 599,83 (beş yüz doxsan doqquz manat səksən üç qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 7635,82 (yeddi min altı yüz otuz beş manat səksən iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 (doxsan beş) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 10 (on) manat (105-95=10) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar