Məhkəmə qərarları › İş №e-2(004)-5945/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5945/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5945/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)221119-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 15071,08 manat məbləğində borcun - bundan 14576,65 manat əsas və 494,43 manat faiz borcunun və iş üzrə ödənilmiş 135,21 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq bağlanmış 22 noyabr 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)221119-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 14 576,65 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına və xx.xx.2022-ci il tarixli, **********970 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 12 may 2023-cü il tarixə kredit üzrə cəmi borcu 15071,08 manat təşkil edir. Bundan 14576,65 manatı əsas, 494,43 manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış 22 noyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)221119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 14 576,65 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq krediti, ona hesablanmış faizləri müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə borcu 3 gün müddətində ödənilməsi müqavilənin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən, iddia əsas borc tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə faiz borcu tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləlilklə Konstitusiya Məhkəməsinin istinad olunan qərarına əsasən müqavilənin tərəflərindən biri müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəfin ona müqavilənin ləğvi təklifini bildirməklə müqavilə ləğv edilmiş hesab edilir. Eyni zamanda həmin qərarda Konstitusiya Məhkəməsinin ifadə olunmuş hüquqi mövqeyinə əsasən hazırki halda iddiaçı bank yalnız müqavilənin qüvvədə olduğu müddətdə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faizlərin tutulmasını tələb edə bilər. Müqavilənin ləğvindən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə nəzərdə tutulmuş 5 faiz məbləğində vəsait tələb edə bilər. Yuxarda qeyd olunduğu kimi, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna, yəni müqavilənin ayrılmaz tərkib hissəsi olan cədvəllə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti ödəmədiyinə görə iddiaçı bank xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərməklə kredit müqaviləsi üzrə bütün borcu vaxtından əvvəl cavabdehdən tələb etmiş və bununla da müqavilədən birtərəfli imtinasını, yəni müqavilənin ləğv olunması barədə iradə ifadəsini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflr arasında kredit müqaviləsi 16 may 2022-ci il tarixdə ləğv edilmiş hesab edildiyindən iddiaçı həmin tarixə mövcud olmuş müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faiz borcunu, yəni 347,06 manat məbləğində faiz borcunu tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcu tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 347,06 manat məbləğində faiz borcu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 133,89 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 14576,65 manat əsas, 347,06 manat faiz borcu olmaqla, cəmi 14923,71 (on dörd min doqquz yüz iyirmi üç manat yetmiş bir qəpik) manat borc və 133,89 (yüz otuz üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar