Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5957/2025 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 70 manat dövlət rüsumu, ümumilikdə 5070 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Land Rover LR4” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Land Rover LR4” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Bmw 328” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Land Rover LR4” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan (Nikah haqqında şəhadətnamə ilə) idarə etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına” dair xx.xx.2023-cü il tarixli qərarına əsasən şəxsin Nikah şəhadətnaməsi ilə nəqliyyat vasitəsini idarə etməsi onun həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi anlamına gəlir. Belə ki, qeyd olunan qərara əsasən qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərləarvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ərarvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Göründüyü kimi nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması onun etibarnamə olmadan idarə edilməsidir. Bu da qanunvericilikdə nəzərdə tutulduğu kimi sığortaçının subroqasiya hüququnu yaradır. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 5000 (beş min) manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənə5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də “Land Rover LR4” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Cavabdeh xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Land Rover LR4” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ailəsinin ümumi istifadəsində olan avtomobildir. Həmin vaxt nəqliyyat vasitəsində həyat yoldaşı da onunla birlikdə olmuşdur. Hadisə ilə bağlı polis orqanında hər iki tərəfin verdiyi izahatda da açıq şəkildə göstərilmişdir ki, cavabdeh nəqliyyat vasitəsini ailə üzvü kimi, həyat yoldaşının razılığı ilə və onun iştirakı ilə idarə etmişdir. Bu fakt rəsmi izahatla təsdiq olunur və həmin izahatın surəti məhkəməyə əlavə edilir. İddiaçı öz tələbini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsaslandıraraq nikah şəhadətnaməsi ilə idarəetməni etibarnaməsiz idarəetmə kimi qiymətləndirir. Lakin qeyd edilməlidir ki: Nəqliyyat vasitəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş ümumi əmlakıdır. Hadisə zamanı cavabdehin həyat yoldaşı avtomobildə olmuş və idarəetməyə etiraz etməmişdir. Faktiki olaraq nəqliyyat vasitəsi sahibinin razılığı mövcud olmuşdur. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs zərərə görə məsuliyyət daşıyır. Lakin cavabdeh nəqliyyat vasitəsini qanunsuz ələ keçirməmiş, ailə üzvü və faktiki istifadəçi kimi, sahibin razılığı ilə idarə etmişdir. Bundan əlavə, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranması üçün əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istifadə edilməsi tələb olunur. Cavabdeh isə: nəqliyyat vasitəsini qanunsuz istifadə etməmişdir, avtomobil sahibinin (həyat yoldaşının) razılığı olmuşdur, bu hal polis izahatı ilə sübut olunur. Belə olan halda, cavabdehin hərəkətləri sığortaçının subroqasiya hüququnun yaranmasına əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, sığorta müqaviləsi qüvvədə olmuş və hadisə sığorta hadisəsi kimi qəbul edilərək ödəniş edilmişdir. Sığortaçı öz müqavilə öhdəliyini yerinə yetirmişdir və bu halın mübahisələndirilməsi üçün qanuni əsas yoxdur. Odur ki, "xxxx" ASC-nin cavabdehə qarşı 5000 manat sığorta ödənişi və 70 manat dövlət rüsumunun tutulması barədə iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh qohumluq məlumatlarından görünür ki, Cavabdeh X5 ilə nikahdadır. - PME********** nömrəli, xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən X4 mülkiyyət hüququ əsasında məxsus olmuş “Land Rover LR4” markalı, 77BH066 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də 1 il müddətinə xx.xx.2024-cü il tarixinə qədər sığorta etdirmişdir. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2023-cü il. - “Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində saat 19:40 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsi ərazisində Cavabdeh idarə etdiyi “Land Rover LR4” markalı, 77BH066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X1 mülkiyyətçisi olduğu “BMW 328” markalı, 77CK049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsində “Land Rover LR4” markalı, 77BH066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsirli bilinmiş, “BMW 328” markalı, 77CK049 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. - İAS231332 saylı sığorta ödənişi aktından müəyyən olunur ki, X5 “Land Rover LR4” markalı, 77BH066 dövlət dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü ildən xx.xx.2024cü ilədək 55000 manata sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Land Rover LR4” markalı, 77BH066 dövlət nömrə nişanlı avtomaşın “BMW 328” markalı, 77CK049 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Ümumilikdə 5505 manat məbləğində ziyan dəymişdir. “Land Rover LR4” markalı, 77BH066 dövlət nömrə nişanlı avtomobili Cavabdeh idarə etmişdir. - "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW 328” markalı, 77CK049 dövlət nömrə nişanlı avtomobilə 5505 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X2 ödənilmişdir. - “X6 Mərkəzi” MMC-nin xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı “Land Rover LR4” markalı, 77BH066 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 5215 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Mülki Məcəllənin 936.1, 936.2-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 3.4-cü maddəsinə əsasən mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda Cavabdeh sözügedən avtomobili həyat yoldaşı (avtomobilin mülkiyyətçisi) X3 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin iş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin sığorta münasibəti inzibati münasibətlə eynilik təşkil etmir, sığorta münasibəti mülki münasibətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə istinadən qeyd edilə bilər ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanır, avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu tərəflər arasında şifahi istifadə müqaviləsinin bağlanmasını təsdiq edir. Belə müqavilənin isə yazılı bağlanması kimi məcburi şərt yoxdur. Belə olan halda iddiaçının subroqasiya ilə bağlı tələb etmə hüququnun yaranması istisnadır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, 4 saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.) Məhkəmə müəyyən edir ki, Cavabdeh avtomobili X3 razılığı və iradəsinə uyğun olaraq idarə edib. Belə ki, bu faktın əksi iş materialları ilə müəyyən edilmir. Avtomobilin Cavabdeh tərəfindən idarə edilməsi zamanı mülkiyyətçi olan X3 razılığın olması aşkardır. Beləliklə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən Cavabdeh həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5957/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5957/2025
10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver