Məhkəmə qərarları › İş №e-2(004)-598/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-598/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-598/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi zərər tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (avtobusa) dəymiş ziyan 372,88 manat məbləğin, 30 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1.-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin sübutlarla təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 600.1-ci maddələrinə əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, 11 dekabr 2021-ci il tarixində təxminən saat 08:50 radələrində **-VT-*** DQN-lı “DAEWOO BS090 AVTOBUS” markalı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh Xətai rayonu, Xocalı prospektinin dayanacağında sərnişin endirib mindirdikdən sonra hərəkətə başlayan zaman İddiaçı MMC-nin istifadəsində olan **-JZ-*** DQN-lı avtobusun sol arxa yan hissəsindən sürtərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Hadisə Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin baş inspektoru kapitanı X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində sürücü Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından, barəsində İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilib, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hər iki sürücünün verdiyi yazılı izahatlarında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X4 İdarəsində tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair İXP ******* №-li, xx.xx.2021ci il tarixli inzibati tənbeh vermə haqqında protokol sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobusun sol arxa yan hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 1 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. BMC AZ Servis Mərkəzi tərəfindən verilən 002573 saylı Zərər Aktına əsasən ** JZ *** DQN-lı avtobusa 372,88 AZN maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi sənədləşdirilən zaman müəyyən edilmişdir ki, ** VT *** dövlət qeydiyyat nişanlı “DAEWOO BS090 AVTOBUS” markal nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud deyil. Avtobusun icbari sığortasının olmaması nəticəsində, sürücünün İddiaçı MMC-nin balansında olan avtobusa vurmuş olduğu 372,88 manat məbləğ cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdim: İddia təmin edilsin. Cavabdeh 372,88 (üç yüz yetmiş iki manat səksən səkkiz qəpik) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova İş N 2(004)-598/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 14:00-da başladı çatdı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar