Məhkəmə qərarları › İş №e-2(004)-6022/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6022/2022

12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6022/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 143.10(yüz qırx üç manat on qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100(yüz) manat pulun və ödənilmiş 30.40(otuz manat qırx qəpik) manat dövlət rüsumunun ümumilikdə 273.50(iki yüz yetmiş üç əlli qəpik) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 21 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Arayışdan görünür ki, cavabdeh xx.xx.1997-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 559/560 məhəllə, mənzil 64-ün sahibidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan 24,02,2008-ci ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2009-cu ilədək son ödənişi etmiş və xx.xx.2009-cu ildə 6.90 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1-ə 1807 K saylı, xx.xx.2012-ci il tarixli akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmiş və hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Bundan sonra, xx.xx.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1807 K saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra yəni xx.xx.2013-cü ildə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0609 L saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirəm ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Bildiririk ki, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş akt üzrə iddia müddəti ötməsi səbəbindən həmin akt üzrə hər hansı tələbimiz yoxdur. Həmin ünvana xx.xx.2012-ci ildə tərtib edilmiş 1807 K saylı aktdan xx.xx.2013-cü ildə tərtib edilmiş akta qədər olan müddət 477 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 143.10 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş, məktub poçt xəbərnaməsinə “Bağırov.X” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. İddiaçı MMC-nin baş direktoru X1 xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq mülki işdə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdehin iştirakının təmin edilməsi qeyri-mümkün olduğu halda işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı Mənzil Komunal İstismar sahəsi tərəfinindən verilən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 559/560 məhəllə, mənzil 64 saylı mənzildə xx.xx.1997-ci ildən mənzilin sahibidir, qeydiyyatı yoxdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 06 sentyabr 2011-ci il tarixli 1807 saylı akta əsasən, Yasamal rayonu, Hüseyn Cavid prospekti 559/560 məhəllə, mənzil 64 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 27 dekabr 2012-ci il tarixli 0609 saylı akta əsasən, Yasamal rayonu, Hüseyn Cavid prospekti 559/560 məhəllə, mənzil 64 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC tərəfindən ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1" Kabel Televiziyasının xidmələrinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan “K@TV1" Kabel Televiziyasının şəbəkəsinə qoşulub.xx.xx.2009-cu il tarixinədək son ödəməsini edib.xx.xx.2009-cu il tarixində 6.90(altı manat doxsan qəpik) manat borc ilə şəbəkəndən ayrılıb. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli digər arayışdan görünür ki,1807 N saylı akt tərtib olunana qədər ünvan 3 ünvanında yerləşən yaşayı binasının 64 saylı mənzilə sonuncu dəfə xx.xx.2012-ci il tarixində baxış keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli aktların tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir. Habelə müvafiq aktın sonuncuya təqdim edilməsi məqsədilə lazımi tədbirlər görülməmişdir. Aktı tərdib edən şəxslər (harada və hansı vəzifədə işləmələri) barəsində məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli aktların tərtib edilməsinə bağmayaraq 3 il ərzində aktla bağlı cavabdehdən pul istənməmiş və 9 ildən sonra məhkəməyə müraciət olunmuşdur. Aktlarda mənzilin qapısını açan olmadı bildirilmişdir. Yəni, iddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli aktlar qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Çünki, iddiaçı ilə cavabdehin arasında müqavilə mövcud deyildir, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delikt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh “Cavabdeh (K@TV1) əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 143.10(yüz qırx üç manat on qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100(yüz) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar