Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-616/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Rəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2009cu tarixli, № 2(004)-5256/2009 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 26 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 150 ( yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (¼) hissəsi miqdarında aliment tutularaq azyaşlı uşağın mənafeyi naminə İddiaçı Abbas qızına ödənilməsini və mediasiya prosesinə dair ödənilmiş 60 (altmış) manat xərcin əvəzi Cavabdeh tutularaq İddiaçı Abbas qızına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət edilmiş, Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2009cu tarixli, № 2(004)-5256/2009 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 26 oktyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, alimentin tutulma müddətinin 06 noyabr 2009-cu il tarixdən müəyyən edilməsi, qətnamənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Mətanət Hacıyeva). Bildirir ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən dərhal icraya yönəldilmişdir. Qətnamə icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin, 2020-ci ilin oktyabr ayından 2024-cü ilə qədər qətnamə icra olunmamış, daha sonra cavabdeh həbs olunduqdan sonra alimenti ödəməyə başlamışdır. İddiaçıda olan qeyri-rəsmi məlumata əsasən, cavabdeh hazırda "xxxx" da işə düzəlmiş və rəsmi əmək haqqı 1500 AZN-dan yüksəkdir. Bunu məhkəmənin özü də elektron sistemdə axtarış etməklə rahatlıqla müəyyən edə bilər. Hesab edirlər ki, hazırki vəziyyətdə alimentin miqdarı artırılmalıdır. Bildirirlər ki, 26 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi ( ¼) miqdarında aliment tutulmalıdır. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz verərək, iddia tələbinin 26 oktyabr 2008-ci il təvəllüdlü X6 hər ay 235 AZN sabit şəkildə aliment miqdarının hissəsində təmin edilməsini, tələbin digər hissəsindən isə rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı onun "xxxx" QSC-də işə düzəldiyini və rəsmi 1500 AZN əmək haqqı aldığını məhkəməyə bildirib. Lakin, onun 2-ci dəfə ailə həyatı qurduğunu və həmin nikahdan 2 övladının olmasını nəzərə almayıb. Bu həqiqəti bilə-bilə, gizli saxlamağı özünə məqsədəuyğun bilib. Əlavə olaraq, xx.xx.2024-cü il tarixdə X4 iştirak etdiyi halda, arayışda iştirak etmədiyi qeyd olunmuşdur. O, bir ata olaraq övladının qayğısını çəkməkdən boyun qaçırmır. Lakin məhkəmənin onun ailəsinin və uşaqlarının olmasını nəzərə alması vacibdir. Hal- hazırda həm ailənin maddi ehtiyaclarını, həm də iddiaçının iddia etdiyi kimi gəlirin 1/4 hissəsini ödəməyə imkanı çatmır. Bu saydıqları barədə iddiaçının məlumatı var. Lakin, İddiaçı qeyri-adekvat hərəkətləri və qeyri-etik danışıq və davranışları ilə periodik olaraq müxtəlif səbəblər, xərclər barədə bildirərək ondan pul tələb edir və hətta pulun valideynləri tərəfindən və ya qardaşı tərəfindən ödənməsini tələb edir. Onun bu ilin iyun ayında inzibati həbsdə olduğu zaman, iddiaçının qardaşı Abbasov Samirin iştirakı ilə 28 saylı Notariat ofisinin qarşısında qardaşı Nümayəndə2 şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək ona hədə-qorxu gəlmiş və ondan pul verməsini istəmişdir. Hətta buna məsəl: qardaşı Nümayəndə2 3 il öncə İddiaçı işlədiyi bankda valyuta mübadiləsi xidmətindən istifadə etməsini, həmin mübadilə sənədinin onun şəxsən imzaladığını bildirmiş və ona pulun var deyərək, ondan pul verməsini tələb etmişdir. Əlavə olaraq qeyd edir ki, bununla İddiaçı bank işçisinin bankla olan Əmək müqaviləsinin şərtlərini pozmuş, yəni Bank haqqında məlumatları yaydığını da unutmuşdur. Bir daha qeyd edir ki, onun iyun ayında inzibati qaydada həbs olduğu zaman iddiaçının qardaşı Abbasov Samir də bunların hamısına şahid olub. Çünki onun həbsdən azad olmağı üçün İddiaçı ilə danışıqlar mümkün olmamış, hər saat bir fikir dəyişib, qeyri-ciddi tələb və təkliflər etmişdir. Bu səbəbdən qardaşı Nümayəndə2, iddiaçının ailəsinin böyüyü kimi onun qardaşı Abbasov Samirə müraciət etmişdir və aralarında razılığa gəlmişdilər. Lakin, hazırki vəziyyət onu göstərir ki, gərək İddiaçı bir daha aliment tələb etməyəcəyi və qalan alimentdən imtina edəcəyi təkliflərini də 28 saylı Notariat ofisində onun ərizəsi ilə təsdiqini alardılar. Əlavə edir ki, ailələri və xüsusən də ataları uzun illər yəni iddiaçı ilə nikaha girməmişdən əvvəl tanış olublar. İddiaçı periodik olaraq bu cür pul tələbləri səbəbindən, artıq ailələrində söz-söhbətlər, psixoloji gərginlik və travmalar yaşanır. Bütün bu hadisələr onun hazır ki, ailəsinin dağılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən : Məhkəmə ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalmasını da nəzərə almalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, şəxsin özünün maddi ehtiyaclarına olan minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə onun ikinci dəfə ailə həyatı qurmağına, bu nikahdan 2 övladının olmasına, kredit borcunun mövcüd olduğuna diqqət yetirməlidir. Bu səbəbdən iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan övladlarının yaşayış minimumuna uyğun olaraq 235 manat miqdarında sabit şəkildə aliment təyin oluna bilər. O ki, daha artıq məbləğə, gəlirin 1/4 hissəsinə o, tək olaraq onu verə bilmir. Əlavə olaraq bildirir ki, iddiaçı bank sektorunda 15 ilə yaxındır işləyir və aylıq əmək haqqı 1200 AZN – 1500 AZN civarındadır. Fikricə, iddiaçı aldığı məvaciblə və hazırki 150 manat aliment məbləği ilə onun yeni ailəsindən daha yaxşı yaşayış səviyyəsini təmin edə bilər. İddiaçı ümumilikdə əmək haqqını və alimenti birlikdə hesablasaq, aylıq gəliri onun əmək haqqısına yaxın bir məbləğ alınır. Bu isə adam başı gəlirin ən az 700 AZN təşkil etdiyini göstərir. Onun isə aldığı əmək haqqı ailə üzvlərinin, yəni 4 nəfərin arasında bölüşdürülsə, iddiaçının adam başına düşən gəlirindən daha aşağı olmuş olacaqdır. Bundan başqa iddiaçı da ailə həyatı qurub. Bu səbəbdən İddiaçı maddi ehtiyaclarına həyat yoldaşı dəstək olmalıdır. Lakin, bu barədə məlumatı iddiaçı gizlətməyə çalışır. Oğlundan anasının niyə soyadını dəyişdiyini soruşduğunda o nənəsinin soyadı olduğunu bildirdi. Bu da o deməkdir ki, ya oğlu bu barədə məlumatsızdır, ya da ona elə deməsi tapşırılıb. İddiaçı özü hazırda Bakı şəhərində həyat yoldaşı ilə yaşayır, uşaq isə uzun müddətdir ki, iddiaçının qeydiyyatda olduğu ünvanda, yəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində nənəsinin himayəsində yaşayır. Bütün qeyd olunanlardan aydın olur ki, iddiaçının maddi vəziyyəti onların maddi vəziyyətlərindən daha yaxşıdır. Aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla bilər. Onun və iddiaçının 26 oktyabr 2008-ci il təvəllüdlü X6 üzərində eyni hüquqları və vəzifələri vardır. Bu səbəbdən uşağın maddi təminatı iddiaçının da vəzifəsidir. Sonda onu da qeyd edir ki, 2024-cü ilin iyun ayında onunla 1 illik əmək müqaviləsi bağlanıb, xx.xx.2024-cü tarixdə dəyişikliyə əsasən hazırda əmək haqqısı "Gross” 2450 AZN təyin olunmuş, “Nett” isə təxmini 2000 AZN olacaqdır. İddiaçı Abbas qızının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə qarşı tərəfin etiraz ərizəsinə etiraz verərək, iddia ərizəsinə etiraza kəskin şəkildə etiraz edərək, iddialarının tam olaraq təmin edilməsini xahiş etmişlər. Qarşı tərəfin etiraz ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, Qarşı tərəf etiraz ərizəsində qeyd edir ki, iddiaçı onun "xxxx" QSC-də işə düzəldiyini və rəsmi 1500 AZN əmək haqqı aldığını məhkəməyə bildirib. Lakin onun 2-ci dəfə ailə həyatı qurduğunu və həmin nikahdan 2 övladının olmasını nəzərə almayıb. Bildirirlər ki, bu yanaşma absurddur. Ona görə ki, cavabdehin nikaha daxil olması və övladlarının dünyaya gəlməsi iddiaçı ilə cavabdehin nikahından dünyaya gəlmiş övladın hüquqlarını məhdudlaşdırmamalıdır. Bütün uşaqlar qanun qarşısında bərabərdir. Heç bir uşaq digərindən daha yaxşı yaşama haqqına sahib deyildir. Qeyd etmişdir ki, bu həqiqəti biləbilə, gizli saxlamağı özünə məqsədə uyğun bilib. Əlavə olaraq, xx.xx.2024-cü il tarixdə X4 iştirak etdiyi halda, arayışda iştirak etmədiyi qeyd olunub. Bildirirlər ki, cavabdehi mediasiya prosesində görən olmamışdır. Söz versə də, mediasiya prosesinə gəlməmişdir.Daha sonra əlavə etmişdir ki, o, bir ata olaraq övladının qayğısını çəkməkdən boyun qaçırmır. Lakin, məhkəmənin onun ailəsinin və uşaqlarının olmasını nəzərə alması vacibdir. Hal-hazırda həm ailəsinin maddi ehtiyaclarını, həm də iddiaçının iddia etdiyi kimi gəlirin 1/4 hissəsini ödəməyə imkanı çatmır. Bildirirlər ki, cavabdehin bu yanaşması da əsassızdır. Alimentin % hissədə və ya sabit pul məbləğində istənilməsi iddiaçının hüququdur. Daha sonra cavabdeh deyir ki, bu saydıqları barədə iddiaçının məlumatı var. Lakin İddiaçı qeyri-adekvat hərəkətləri və qeyri-etik danışıq və davranışları ilə periodik olaraq müxtəlif səbəblər, xərclər barədə bildirərək məndən pul tələb edir və hətta pulun valideynləri tərəfindən və ya qardaşı tərəfindən ödənməsini tələb edir. Bildirirlər ki, Bu da tamamilə yalandır. İddiaçı bu dediklərini sübuta yetirə bilməz. Hər bir tərəf öz tələb və etirazının əsasını sübuta yetirməlidir. Qeyd etmişdir ki, onun bu ilin iyun ayında inzibati həbsdə (alimentə görə inzibati həbsdə olduğunu qəbul edir) olduğu zaman, iddiaçının qardaşı Abbasov Samirin iştirakı ilə 28 saylı Notariat ofisinin qarşısında qardaşı Nümayəndə2 şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, ona hədə-qorxu gəlmiş və pul verməsini istəmişdir . Hətta buna məsəl: qardaşı Nümayəndə2 3 il öncə İddiaçı işlədiyi bankda valyuta mübadiləsi xidmətindən istifadə etməsini, həmin mübadilə sənədinin onun şəxsən imzaladığını bildirmiş və ona, sənin pulun var deyərək, ondan pul verməsini tələb etmişdir. Əlavə olaraq qeyd edir ki, bununla İddiaçı bank işçisinin bankla olan Əmək müqaviləsinin şərtlərini pozmuş, yəni Bank haqqında məlumatları yaydığını da unutmuşdur. Bu məlumat da tamamilə yalandır. Cavabdehin buna dair də hər hansı mötəbər sübutu yoxdur. Cavabdehin etirazı tamamilə özünü müdafiə xarakteri daşıyır. Daha sonra cavabdeh qeyd edir ki, İddiaçı periodik olaraq bu cür pul tələbləri səbəbindən, artıq ailələrində söz-söhbətlər, psixoloji gərginlik və travmalar yaşanır. Bütün bu hadisələr onun hazır ki, ailəsinin dağılmasına gətirib çıxara bilər. Buna cavab olaraq da bildirirlər ki, iddiaçı cavabdehdən qanunsuz nəsə tələb etmir. İddiaçı qanunu pozmadan övladına qanunla təyin edilmiş alimentin miqdarının dəyişdirilməsinı istəyir və bu da iddiaçının konstitusion və konvension hüququdur. Cavabdeh sanki göstərməyə çalışır ki, guya ona haqsızlıq olunur. Amma bildirmək istəyirlər ki, haqsızlıq olunan tərəf İddiaçıdır. İllərlə ona aliment ödənilməmişdir. Aliment şişərək “7000 AZN -ni keçmişdir. Bununla bağlı icra şöbəsindən icra haqqında məlumatları əldə edə bilmək mümkündür. Belə ki, hətta vəziyyət o həddə çatmışdır ki, icra məmuru cavabdehin həbs olunması ilə bağlı təqdimatla məhkəməyə müraciət etmiş və təqdimat əsaslı olduğu üçün təmin edilərək cavabdeh barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 3(004)-2882/2024 saylı qərarı ilə Cavabdeh AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. (hakim Rəşad Cavadzadə) Həbs olunduqdan sonra iddiaçıya 4000 AZN ödəmiş, iddiaçı rəhm edərək qalan 3000 AZN pulu ödəmədiyinə görə cavabdehi bağışlamışdır. Lakin cavabdeh 3000 AZN borcu hələ də ola-ola elə danışır ki, sanki haqsızlıq olunan tərəfdir. Tam əksinə haqsızlıq olunan tərəf iddiaçıdır. Daha sonra qeyd edir ki, məhkəmə onun ikinci dəfə ailə həyatı qurmağına, bu nikahdan 2 övladının olmasına, kredit borcunun mövcüd olduğuna diqqət yetirməlidir. Bildirirlər ki, şəxsin kredit borcu olması və ikinci dəfə ailə həyatı qurması alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Bundan başqa əlavə edir ki, onun və iddiaçının 26 oktyabr 2008-ci il təvəllüdlü X6 üzərində eyni hüquqları və vəzifələri vardır. Bu səbəbdən uşağın maddi təminatı iddiaçının da vəzifəsidir. Qeyd edirlər ki, iddiaçı uşağa baxmaqdan imtina etmir. Uşağın bütün təhsil, geyim, qida, reabilitasiya, baxım, əyləncə və sair xərcləri onsuz da illərdir anası tərəfindən qarşılanır. Bundan başqa qarşı tərəf iddia edir ki, 2450 AZN (grossla) əmək haqqı alır. Onlar hələ əmək haqqını az göstərmişlər. Cavabdehin məqsədi illərdir, hər nə yolla olur olsun iddiaçıya aliment ödəməməkdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsinə etiraz verərək, iddiaçının vəkili etirazda məni və ya bizi yalançı və fikirlərimizi absurd adlandırır, uşaqlar arasında yaranan ayrı seçkiliyi qeyd edir. Lakin iddiaçı tərəf ayrı seçkilik yaradacaq tələblər ilə çıxışlar edir. Çünki, İddiaçı ona bunlar barədə məlumat vermədən və onun razılığı olmadan oğlu Fərid Hacıyevi bahalı təlim kurslarına yazdırmış və xidməti müqavilələr bağlamışdır. İddiaçı müqavilələri qeyd olunan təlim kurslarının xərclərini ödəməyə imkanı çatdığından könüllü bu qərarı vermiş və sonradan onun xəbəri və razılığı olmayan xərcləri ondan tələb etməyə başlamışdır. Məhz onu bu xərcləri ödəməyə təhrik etməklə övladları arasında ayrı seçkiliyi iddiaçı yaratmış olur və onun ailəsində münaqişələrin yaranmasına səbəb olur. Onun digər uşaqlarından yalnız oğlu Hacılı Orxanı hazırlaşmaq üçün yazdırmış, iddiaçı əgər tələb edirsə ayrı seçkilik olmasın, bilməlidir ki, bu allimentin tələb olunan miqdarda qaldırılması onun digər övladlarının yaşam tərzinin aşağı düşməsinə səbəb olacaqdır. İşsiz qaldığı müddətdə yaranmış borclarını ödəmək məqsədi ilə götürdüyü kredit müqaviləsinə qarşılıq olaraq, İddiaçı yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə götürdüyü kredit müqavilələrini əlavə etmişdir. Elə təsəvvür yaranır ki, illər sonra bu iddianı qaldırmaqda məqsədi, yeni ailəsində olan xərcləri də ona ödətdirməkdir. İddiaçının vəkilini böyük hərflər ilə qeyd edərək onları yalançı adlandırır və sübutların olmamasını qeyd edir. Onlar Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənən qanunlara riayət edirlər. Məhkəmə qarşısında yalan və ya absurd adlandırılan fikirlər söyləməmiş və saxta sənədlər əlavə etməmişlər. Lakin, ilk etirazda da qeyd etdiyi kimi Mediasiya Təşkilatında iştirak etməyinə baxmayaraq iştirak etməmiş kimi arayış təqdim olunub. 13 noyabr 2024-cü il tarixdə Mediasiya təşkilatında X5 ilə görüşmüş, 16 noyabr 2024-cü il tarixdə məhkəmədə iştirakı üçün məktubu almış və bu da bir daha sübut edir ki, yalan məlumatlar verən məhz iddiaçı tərəfdir. Özlərinin danışıb, razılaşdırdıqları mediasiya prosesinin də ödənişini ona ödətmək istəyirlər.O, bəzi mövzulara qayıtmaq istəməsə də, hazırki vəziyyət onu məcbur edir ki, iddiaçının vəkilinin məhkəmə prosesində toxunduğu boşanma səbəbinə aydınlıq gətirərək, İddiaçı ilə boşanmanın səbəbləri ailələrinin nüfuzuna xələl gətirməsi olmuşdur. Belə ki, 6 ay ailəli olduğu müddətdə onun xarici ölkələrdə ezamiyyətdə olduğundan istifadə edərək ona xəyanət etmişdir, hətta buna qardaşı Abbasov Samirin ailəsi də şahid olmuşdur və bəzi detalları onlar ona bildirmişdilər. Ümumiyyətlə bu məsələdən qeyd olunan müddət ərzində iddiaçının bütün ailə üzvlərinin məlumatları olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5256/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 26 oktyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 3 saylı Bakı şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsində tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 192915 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X10 xx.xx.2008-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1914 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan AZ-İ 568818 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X9 xx.xx.2010-cu il tarixdə nikahlarını Azərbaycan Respublikası Kürdəmir rayon qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Hacıyev " arvada "Hacıyeva" soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir rayon qeydiyyat şöbəsində tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 484781 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2010-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 855 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ 759545 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2016-cı il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2378 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-2882/2024 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təlimlərin küçirilməsinə dair Xidmət Müqaviləsinin Qiymətlərin razılaşdırma protokoluna əsasən Hacıyev Fərid ilə Davincischool arasında məşğələlər üzrə 1 aylıq dərsin məbləği 400 (dörd yüz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təlimlərin keçirilməsinə dair Xidmət Müqaviləsinin Qiymətlərin razılaşdırma protokoluna əsasən Hacıyev Fərid ilə Davincischool arasında məşğələlər üzrə 1 aylıq 8 qrup dərsin məbləği 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi Cavabdeh "xxxx" QSC/Satınalmalar İdarəsi/İnnovativ və marketing məhsullarının təchizatı şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur və işçinin aylıq əmək haqqı 2450 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK0948037C299 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC xx.xx.2028-ci il tarixinədək illik 17.5% ödəmək şərtilə 10020.00 manat məbləğində krediti istehlak məqsədilə borcalan Cavabdeh verir. İş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********000007 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC xx.xx.2025-ci il tarixinədək illik 4% ödəmək şərtilə 20000.00 dollar məbləğində krediti borcalan X2 verir. Aylıq ödəniş 591 dollar təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1006-18621-AİF-KM17 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC xx.xx.2045-ci il tarixinədək illik 7% ödəmək şərtilə 94000.00 manat məbləğində krediti borcalan X2 verir. Aylıq ödəniş 664.37 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndinə “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.” məzmunda birinci cümlə əlavə edilmişdir. Həmin bəndin ikinci cümləsinə əsasən Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bundan başqa 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir. “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq, yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin ailə və ya maddi vəziyyətini, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli, 2(004)-5256/2009 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının mediasiya prosesinə dair ödənilmiş 60 manat xərcin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. X4 (İMS) iştirak edilməməsi barədə MŞB/2-1145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən 60 (50+10) manat məbləğində İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli, 2(004)-5256/2009 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay onun qazancının (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-616/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-616/2025
30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver