Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6209/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulan maddi ziyana görə 2 943,18 (iki min doqquz yüz qırx üç manat on səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli manat) manat, ümumilikdə 2 993,18 (iki min doqquz yüz doxsan üç manat on səkkiz qəpik) manat məbləği Cavabdeh alınıb iddiaçı “Azərbaycan Dəmir Yolları" QSC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER markalı EŞ3-003 nömrəli, 6013 saylı qatar xx.xx.2025-ci il tarixində saat 18:12 radələrində Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkət edən zaman Keşlə- Biləcəri mənzilinin 12-ci km pk 2-də olarkən 2-ci vaqonun T-2 qapısının şüşəsinə kənardan daş atılması nəticəsində qatara 2 943,18 (iki min doqquz yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində ziyan dəymişdir. Qeyd edilən hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X1 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsi tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma nəticəsində qatarın 2-ci vaqonunun T-2 qapısının şüşəsinə daş atan şəxsin Cavabdeh olduğu müəyyən olunmuşdur. Baş vermiş hadisə nəticəsində ADY-yə 2 943,18 (iki min doqquz yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, sərnişin daşınması üçün nəzərdə tutulmuş ikimərtəbəli elektrik qatarı olmaqla, 2015-ci və müvafiq olaraq 2019-cu illərdə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia tələbini müdafiə etdiklərini, bugünki məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və cavabdehdən 2 993,18 manat pulun tutularaq ADY-yə ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə əməldə Azərbaycan Respublikası CM ilə nəzərdə tutulan cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi, iş üzrə qərarın surəti məlumat üçün "xxxx" QSC-yə göndərilməsi və müvafiq nümayəndəsinə, Cavabdeh tərəfindən ehtiyatsızlıqdan dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada Cavabdeh qarşı məhkəmə qarşısında iddia qaldırmaq hüququ, eləcə də, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqları izah edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, aparılmış araşdırma materiallarından müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" QSC-yə məxsus «6013» nömrəli qatar Keşlə- BHəcəri mənzilinin 12-ci kilometrliyində hərəkətdə olarkən hərəkət istiqaməti üzrə Cavabdeh tərəfindən daş atılmışdır, nəticədə həmin qatarın 2-ci vaqonunun yan şüşəsi sınmış və qatara maddi ziyan dəyməsi istintaq materialları ilə təsdiq edilmişdir, həmin maddi ziyanın Cavabdeh tərəfindən ehtiyatsızlıqdan daş atılması nəticəsində yetirilməsi istintaq sübutları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan Alıcı "xxxx" QSC ilə X2 AG şirkəti araısnda bağlanmış xx.xx.2019-cu il tarixli, 611 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqaviləyə əsasən Satıcı bu Müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun ehtiyat hissələrini (malları) Alıcıya çatdırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 611 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Qoşma 10093018 Standard window high floor / Sərnişin salonunun yuxarı mərtəbəsinin şüşələrinin 1 ədədinin qiyməti 1099 Euro müəyyənləşdirilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli hesablamasına əsasən EŞ2-003 nömrəli qatara dəymiş ziyanın aradan qaldırılması üçün əmək haqqı 25,35 manat, dolayı əmək haqqı 46,60 manat, mal və materiallar 2 868,58 manat, amortizasiya 0,29 manat və ümumtəsərrüfat xərcləri 2,35 manat olmaqla, ümumilikdə 2 943,18 manat xərc çəkilməsi tələb olunur. Bundan başqa, iş materiallarına zədələnmiş qatar vaqonunun qapısının şüşəsini əks etdirən fotoşəkil əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Dəmir Yolları QSC-yə məxsus STADLER markalı EŞ3-003 nömrəli, 6013 saylı elektrik qatarı xx.xx.2025-ci il tarixdə Bakı–Xırdalan–Sumqayıt istiqamətində hərəkətdə olarkən Keşlə– Biləcəri mənzilinin 12-ci km pk 2-də 2-ci vaqonun T-2 qapısının şüşəsinə kənardan daş atılması nəticəsində zədələnmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, daş Cavabdeh tərəfindən atılmış, lakin əməldə cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və zərərin mülki qaydada tələb olunması hüququ izah edilmişdir. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 611 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Qoşmaya əsasən sərnişin salonunun yuxarı mərtəbəsinin şüşəsinin 1 ədədinin dəyəri 1099 avro təşkil etmişdir. İddiaçı Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2025-ci il tarixli hesablamasına əsasən EŞ2-003 nömrəli qatara dəymiş ziyanın aradan qaldırılması üçün əmək haqqı 25,35 manat, dolayı əmək haqqı 46,60 manat, mal və materiallar 2 868,58 manat, amortizasiya 0,29 manat və ümumtəsərrüfat xərcləri 2,35 manat olmaqla, ümumilikdə 2 943,18 manat məbləğində xərc müəyyən edilmişdir. Hazırda iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh tərəfindən vurulan maddi ziyana görə 2 943,18 (iki min doqquz yüz qırx üç manat on səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli manat) manat, ümumilikdə 2 993,18 (iki min doqquz yüz doxsan üç manat on səkkiz qəpik) manat məbləği Cavabdeh alınıb iddiaçı “Azərbaycan Dəmir Yolları" QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə vurğulayır ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın zərər hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli, 611 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Qoşmaya əsasən sərnişin salonunun yuxarı mərtəbəsinin şüşəsinin 1 ədədinin dəyəri 1099 avro təşkil etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin hərəkəti nəticəsində məhz həmin şüşə zədələnmiş və dəyişdirilməsi zərurəti yaranmışdır. Müqavilə və ona əlavə edilmiş qoşma ilə şüşənin dəyəri rəsmi sənədlə təsdiq olunduğundan, həmin məbləğ real zərərin həcmini obyektiv şəkildə müəyyən etməyə imkan verir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən digər xərclər (əmək haqqı, dolayı əmək haqqı, material və sair xərclər) üzrə təqdim edilmiş hesablamalar birtərəfli qaydada tərtib olunmuş daxili maliyyə sənədləridir və həmin xərclərin məhz cavabdehin hüquqa zidd hərəkəti ilə birbaşa səbəbli əlaqədə yaranmasını və onların faktiki olaraq çəkilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 42.13 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1099 avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 42,13 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1099 (bir min doxsan doqquz) avro (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 42,13 (qırx iki manat on üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-6209/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6209/2025
17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver