Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6255/2025 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, 100045 nömrəli müqavilə-qəbzdən qeyd olunmuşdur: “Mən Cavabdeh özbəkqostoronom MMC nin direktoru vəzifəsində işləyirəm. Yuxarıda göstərdiyimiz tarixdə Ayba Group MMC – Təsisçisi İddiaçı ilə aramızda biznes məqsədilə 26500 manat borc yarandı. İddiaçı 26500 manat borcmun olmağı aşağıdakı imzamla təsdiq edirəm.”
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıdan borca aldığı 26500 manat pul və ödənilən 169,50 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, xx.xx.2023-cü il tarixdə Cavabdeh ona müraciət edərək biznesinin böyüdülməsi üçün pula ehtiyacının olduğunu bildirərək ona 26500 manat pulu borca verməyini istəmiş, cavabdehi çoxdan tanıdığı və həmçinin onunla əvvəllər də borc münasibətlərinin olduğunu nəzərə alaraq və ona həddindən artıq güvəndiyi üçün həmin tarixdə də ona 26500 manat borca pul vermişdir. Bu məqsədlə həmçinin cavabdeh bunu təsdiq edəcək qəbzdə yazmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 100045 nömrəli və şəxsən cavabdeh tərəfindən imzalanmış borcun etirafına dair yazılı sənəddə Həmidli X1 Ayaz Maxsud oğluna 26500 manat borcunun olmasını imzası ilə təsdiq etdiyini bildirmişdir. Sözügeədən sənədin imzalandığı və ona 26500 manatı borca verdiyi gündən artıq iki ildən də artıq bir müddətin keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmaq istəmir. Dəfələrlə cavabdeh ilə onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə əlaqə saxlayıb ondan borcun ödənilməsin tələb etsə də hər hansı nəticəsi yoxdur.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, borcun etirafına dair müqaviləyə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.
11. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
12. Borcun əsası olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıya 26500 manat məbləğdə borcu olduğunu etiraf etmişdir.
13. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
14. Göründüyü kimi, cavabdeh borcunun olduğunu yazılı şəkildə etiraf etmiş, borc məbləğinin qaytarıldığı barədə hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir.
15. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 169,50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 26500 manat məbləğdə pul və 169,50 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26669,50 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 26500 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 169,50 manat olmaqla, ümumilikdə 26669,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə