Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-629/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 8300 manat borcun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 103 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 27 aprel 2024-cü il tarixli borc müqaviləsinə əsasən öncədən verilmiş 8900 manat borc məbləğinin qaytarılması üçün qarşılıqlı razılaşma bağlamışdılar. Tərəflər arasında bağlanmış borc müqaviləsinin 1.1 bəndinə əsasən borcu qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 8300 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və borcverən məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin 2.2-ci bəndinə əsasən, tərəflərdən biri müqavilə üzrə öhdəliklərini icra etməzsə, səlahiyyətli məhkəmə kimi AR Mülki Prossesual Məcəlləsinin 40-cı maddəsini əsas tutaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi müəyyən edilmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış borc müqaviləsi və “WHATS APP” sosial şəbəkəsi üzərindən olan yazışmalardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, baxmayaraq ki, istər borc verdiyi zaman, istərsə də hər hansı kredit götürdüyü zaman cavabdeh ailəsi ilə məsləhətləşməli olduğunu bildirsə də, heç vaxt bunu etməyib. Aralarında müəyyən problemlər yarandıqdan sonra o, onun ailəsi ilə əlaqə saxladıqda, ailəsi ona cavabdehin heç bir borcundan xəbərdar olmadıqlarını bildirdi. Hətta cavabdeh digər iş yoldaşlarından da pul alaraq borclarını ödəməmişdi. Onun hazırda cavabdehdən tələb etdiyi pul, lizinq üçün ödədiyi şirkətə ödədiyi 5000 manat pul və cavabdehə verdiyi 7000 manat puldur. Cavabdehin sübut kimi təqdim etdiyi ödənişlərin sırf borcun ödənişi kimi qəbul etmir. Orada başqa ödənişlər də ola bilər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, 7000 manat borc 2022-ci ilin əvvəlində verilmişdir. 5000 manat məbləğində pulu isə avtomobilin lizinqi zamanı əldən çıxmış avtomobilinə görə şirkətə ödənilmiş puldur ki, onu da ziyan olaraq qəbul edir. Həmin puldan müəyyən ödənişlər etsə də, son olaraq borcu 8300 manatdır. Həmin müqaviləni də maddi ziyan və borcu birlikdə hesablayaraq ödənilmiş məbləğləri çıxdıqdan sonra heç bir təzyiq altında olmadan cavabdehlə razılaşma olaraq bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçı ilə 2021-ci ildə "xxxx" ASC-də bir yerdə işlədikləri vaxt tanış olmuşdur. Həmin vaxtdan sonra dostluq münasibətləri yarandı. 1 ildən sonra iddiaçı ona borcunun olduğunu və onun üçün kredit götürülməsi üçün zamin olmağını xahiş etdi. O, da razılaşmışdır. Krediti götürdükdən sonra iddiaçını işdən çıxartdılar və buna görə ödənişində kiçik də olsa problemlər yaranmağa başladı. Lakin 7 ay sonra iddiaçı bütün kredit borcunu ödədi. Həmin borcunu banka deyil ona verdi. Çünki o, ipoteka ilə ev almalı idi və iddiaçının qalan borcunu ayba-ay özü ödəyəcəkdi. Lakin onun ödənişlərində də müəyyən gecikmələr oldu. Daha sonra iddiaçı avtomobil almaq istədiyini bildirdi və 5000 manat ilkin ödəniş edərək avtomobil aldı. 7000 manat da ona verdi ki, aybaay 600 manat ödənişi o, etsin. Həmin ödənişdə müəyyən gecikmələr etdiyinə görə aralarında olan dostluq münasibətləri bitdi. Lizinq ödənişi etdiyi vaxt iddiaçı ondan borc istəmiş və o, ona müəyyən məbləğdə borc pul vermişdi. May ayında iddiaçı ondan 1000 manat borc istədi. O, ona borc pulu versə də, həmin pulun aylıq lizinq ödənişindən və əlavə 400 manat borc kimi verdiyini dedi. Sonrakı ayda lizinq ödənişi olmadığına görə avtomobil lizinq şirkəti tərəfindən iddiaçıdan alındı. Bundan sonra iddiaçı ona maddi ziyan vurduğunu ona bildirdi. 2022-ci ilin sentyabr ayında iddiaçının ona verdiyi 7000 manat puldan 6800 manat pul ödəmişdi. Bunu məhkəməyə təqdim etdiyi sənədlər sübut edir. Əlavə olaraq 2400 manat pulu Unibank kartı vasitəsilə etmişdir. Lakin həmin kart bloklandığı üçün ondan çıxarışı sübutlara əlavə edə bilməmişdir. Yəni ümumilikdə 9200 manat iddiaçıya ödəniş etmişdir. Əlavə ödəniş etməyinin səbəbi isə iddiaçının onun işlədiyi yerə məktublar yazmaqla hədələməsi və ona əlavə maddi ziyan vurmağını bildirməsi olmuşdu. O, əlavə ödəniş etməyinə baxmayaraq iddiaçı əlavə faizlər də tələb etmiş, onun iş yeri olan "xxxx" ASC-yə şikayət məzmunlu müraciətlər etmişdir. O, Mərkəzi Banka işlə bağlı müraciət etmişdi və müraciətinə baxılaraq onu işə qəbul edəcəkdilər. İddiaçının həmin yerə də müraciət edəcəyini bildiyi üçün ona bu mübahisənin hər hansı yolla həll etməyi təklif etməyə məcbur olmuşdur. O, da müqavilə bağlamağını istəmişdir. O, da işini itirməmək üçün məcburən razılaşmışdır. O, iddiaçının ona hədə-qorxu gələrək müqavilə bağlatdırdığı ilə bağlı polisə müracət etsə də, onun işinin mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ümumiyyətlə 2024-cü ildə müqavilə bağlandıqdan sonra iddiaçıya 600 manat ödəniş etmişdir. Lakin ümumilikdə ona 11000 manatdan çox pul ödəmişdir. O isə faiz borcu və ziyan olaraq hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmədən etdiyi ödənişləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 aprel 2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc alana) 8900 manat məbləğində pul borca vermiş, “borc alan” borcu xx.xx.2024-cü il tarixinədək hər ayın sonuncu iş günü minimum 200 manat və hər ayın 15-i minimum 200 manat, qalan məbləği isə xx.xx.2025-ci il tarixinədək tam şəkildə “borc verən”in kartına köçürəcəyini şərtləşdirmiş, “borc alan” xx.xx.2025-ci il tarixinədək borcun qalan məbləğini tam ödəyə bilmədiyi halda, həmin ilin yanvar ayından etibarən əmək haqqısının 50%-ni “borc verənə” ödəniş etməyi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, o, cavabdehə 3 gün müddətində borcunun ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan sms yazışmalarının mətnindən də görünür ki, Cavabdeh İddiaçı 7000 manat borc aldığını, 11650 manat ödədiyini, ondan 7000 manat borc və 4650 manat faiz olduğunu bildirmişdir. Əlavə olaraq İddiaçı ondan 8300 manat faiz tələb etdiyini qeyd etmişdir. İddiaçı ona 3700 manat pul verdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinə əsasən Cavabdeh tərəfindən İddiaçı 524375******5610 saylı və 409809******9214 saylı kart hesablarına ümumilikdə 3848 manat məbləğində pul köçürdülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə 8900 manat məbləğində borc verilməsi göstərilsə də, tərəflərin izahatları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə deyil, 2022-ci ilin əvvəlində borc olaraq 8900 manat deyil, 7000 manat məbləğində pul vermişdir. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, cavabdeh indiyədək həmin borcdan 3848 manat ödəniş etmişdir. İddiaçı 7000 manat borc məbləğindən əlavə lizinq şirkətinə ödədiyi 5000 manat məbləğində pulu da cavabdehin hərəkətləri nəticəsində maddi ziyan olaraq hesablasa da, iş materialları ilə bu hal öz sübutunu tapmır. Eləcə də tərəflər arasında iddiaçı tərəfindən cavabdehə verilən pul məbləğinin 7000 manat, cavabdeh tərəfindən qaytarılan məbləğin isə 3848 manat olduğu iş materialları ilə sübuta yetir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2- ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 7000 (yeddi min) manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının ona borc olaraq 7000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 7000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 7000 manat məbləğində puldan qalıq (7000- 3848=3152 (üç min yüz əlli iki)) manat məbləğində pul ona geri qaytarılmalıdır. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3152 (üç min yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hisədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3152 (üç min yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hisədə dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-629/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-629/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver