Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-638/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 107 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 (yüz səksən) ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 170000 (yüz yetmiş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 143/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 3-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 49 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 107/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 170000 (yüz yetmiş min) manat əsas borc və 378462.50 (üç yüz yetmiş səkkiz min dörd yüz altmış iki manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 548462.50 (beş yüz qırx səkkiz min dörd yüz altmış iki manat əlli qəpik) manat məbləğində kredit borcu mövcuddur. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 107 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 (yüz səksən) ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 170000 (yüz yetmiş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunda 49 saylı mənzilin alınması üçün verilmişdir. Həmin müqavilənin 1.4.1-ci maddəsinə əsasən alınacaq yaşayış sahəsi eyni zamanda ipoteka predmetidir. İş materiallarına xx.xx.2010-cu il tarixli, 107 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafiki əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 107/1 nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 107 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın B blokunda 49 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2010-cu il tarixli, 107 nömrəli kredit müqaviləsi üzrə 170000 (yüz yetmiş min) manat əsas borc və 378462.50 (üç yüz yetmiş səkkiz min dörd yüz altmış iki manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 548462.50 (beş yüz qırx səkkiz min dörd yüz altmış iki manat əlli qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2361 nömrəli 21 iyun 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2010-cu il tarixli, 107 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə 170000 (yüz yetmiş min) manat əsas borc və 370,911.67 (üç yüz yetmiş min doqquz yüz on bir manat altmış yeddi qəpik) manat faiz borcu vardır. Tədqiqat dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. MM-in 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-in 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM-in 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 107 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 (yüz səksən) ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 170000 (yüz yetmiş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 143/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Əli Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 3-cü mərtəbəsində yerləşən 170 kv.m ümumi sahədən ibarət 4 otaqlı 49 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə iddiaçı Bank və Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 107/1 saylı sadə yazılı formada ipoteka müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, cavabdeh dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə müqavilənin məhkəmədən kənar ləğv edildiyi tarixə 170000 (yüz yetmiş min) manat əsas, 370,911.67 (üç yüz yetmiş min doqquz yüz on bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 540911,67 (beş yüz qırx manat doqquz yüz on bir manat altmış yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 107/1 saylı ipoteka müqaviləsi notarial qaydada deyil, sadə yazılı formada bağlanmışdır. Bununla, ipoteka müqaviləsinin bağlanmasına dair tələb pozulmuşdur. Odur ki, həmin müqavilə forma tələblərinə cavab vermir, etibarsız əqddir. Bu səbəbdən, iddia “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində əsassızdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 839 manat dövlət rüsumunun iddianın təmin edildiyi hissədə, yəni 830 (səkkiz yüz otuz) manat hissəsi məhkəmə xərci də cavabdehə aid edilməlidir. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 170000 (yüz yetmiş min) manat əsas borc, 370,911.67 (üç yüz yetmiş min doqquz yüz on bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla ümumilikdə 540911,67 (beş yüz qırx manat doqquz yüz on bir manat altmış yeddi qəpik) manat pul və ödənilmiş 839 manat dövlət rüsumunun 830 (səkkiz yüz otuz) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi – vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 170000 (yüz yetmiş min) manat əsas borc, 370,911.67 (üç yüz yetmiş min doqquz yüz on bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 540911,67 (beş yüz qırx manat doqquz yüz on bir manat altmış yeddi qəpik) manat pul və ödənilmiş 839 manat dövlət rüsumunun 830 (səkkiz yüz otuz) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-638/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-638/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver