Məhkəmə qərarları › İş №e-2(004)-6418/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6418/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6418/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment məbləğinin dəyişdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, iddianın vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-317/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1125/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməyə əsasən 18 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 18 sentyabr 2013-cü il təvəllüdlü X3 üçün hər ay 400 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(011)-1067/2025 nömrəli qərardadına əsasən xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancı və gəlirlərinin 1/3 hissəsi məbləğdə müvəqqəti alimentin tutularaq X6 ödənilməsi qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/6 hissədə aliment, 50 manat mediasiya xərci və hüquqi xidmət üçün ödənilmiş 500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, Şabran Rayon Məhkəməsinin 2(031)-317/2020 nömrəli və xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. X4 12 yaşı var və Şabran Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, X10 orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, iddiaçı hazırda işləmir. Cavabdeh hazırda özəl müəssisədə işləməklə aylıq əmək haqqı məbləği 5000 manat məbləğindədir. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissədə alimentin, 50 manat mediasiya xərcinin və hüquqi xidmət üçün ödənilmiş 500 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının keçirilib məhkəmə baxışına təyin edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-1067/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il tarixli X2 üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında müvəqqəti aliment tutularaq, X6 verilməsi qərara alınmışdır. Hazırda Cavabdeh ikinci nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il tarixli X11 adında 2 uşağı doğulmuşdur.

b) iddiaya qarşı etiraz

5. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Etirazın əsaslarına görə, cavabdeh olaraq iddiaçının yazdığı iddia iddia ərizəsinin yetkinlik yaşına çatmayan oğlu X5 yetkinlik yaşma çatana qədər qazancın ¼ hissədə aliment tutulması barədə iddia ərizəsinə etiraz edir. Nikah xx.xx.2020-ci il tarixdə pozulmuş və həmin tarixdən azyaşlı oğlunun saxlanılması üçün aliment ödənilmişdir. Hazırda alimentin tutulmasına görə heç bir borcu yoxdur. İkinci nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü qızı X11 doğulmuşdur. Hazırda nigahda olduğu həyat yoldaşı uşaqların saxlanması üçün alimentin tutulması iddiası ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır və mülki iş məhkəmənin icraatındadır. Həmçinin qoca, xəstə valideyinləri onun himayəsində yaşayırlar. Onların bütün xərclərini o qarşılayır. Hazırda müxtəlif banklardan götürdüyü kredit borcları məvacibindən tutulur. Alimentin məbləğinin dəyişdirilərək hər ay qazancın ¼ hissəsinə yönəldilməsi, həmçinin, ikinci həyat yoldaşının iki azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məvacibin 1/3 hissəsində onların xeyrinə tutulması cavabdeh olaraq maddi durumumun çətinləşməsinə səbəb olacaqdır və həmin məbləğləri ödəyə bilməyəcək.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)- 317/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-1125/2016 nömrəli qətnaməyə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 üçün hər ay 400 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Hazırda isə iddiaçı cavabdehdən uşağın saxlanması üçün hər ay tutulan alimentin məbləğinin dəyişdirilərək cavabdehin qazancının və digər gəlirlərinin 1/6 hissəsində aliment tutulmasını xahiş etmişdir.

15. Məhkəmə iddia tələbi ilə razılaşaraq qeyd edir ki, uşağın saxlanılması üçün qeyd edilən məbləğdə aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Alimentin aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması qanunvericiliyin verdiyi hüquqdur və iddiaçının bu hüquqdan istifadə etməsi digər şəxslərin mənafeyinə toxunmur.

17. Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə araşdırması ilə məlum olmuşdur ki, cavabdehin sonrakı nikahından da 2 uşağı doğulmuşdur və hazırda həmin uşaqların saxlanılması üçün cavabdehdən müvəqqəti təminat tədbiri olaraq aliment tutulur. Bu hal nəzərə alınarsa, iddiaçının alimenti cavabdehin qazancının və ya digər gəlirlərinin 1/6 hissədə tələb etməsi qanunvericiliyin tələbinə uyğundur və cavabdehin sonrakı nikahından doğulan uşaqların saxlanılması üçün tutulan (tutulacaq) aliment məbləğinin faktiki azalmasına səbəb olmayacaq.

18. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Aliment tələbi ümumən əsaslı olduğundan mediasiya xərci olan 50 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Bundan əlavə iddiaçı hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 manat məbləğdə pulu cavabdehdən tutulmasını xahiş etmişdir.

21. Lakin iş materiallarından görünür ki, iddiaçı hüquqi xidmət üçün vəkilə ödənilmiş məbləğlə bağlı sübut təqdim etməmişdir.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/6 hissəsi məbləğində aliment, eyni zamanda mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğdə pul tutularaq İddiaçı ödənilməli,

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-317/2020 nömrəli qətnaməsi ilə Cavabdeh X1 üçün İddiaçı xeyrinə tutulan aliment məbləği dəyişdirilsin. 18 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/6 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olan 50 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar