Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6435/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, dövlət rüsumu) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6722,03 manat məbləğdə əsas borc, 1373,6 manat məbləğdə faiz borcu, 416,44 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 8512,07 manat borcun və 106 manat məbləğdə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Hazırkı iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən 106 manat məbləğində dövlət rüsumu Cəlilabad Rayon Məhkəməsinə ödənilmişdir.
7. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yox digər məhkəməyə ödənilmişdir ki, bu da rüsumun hazırkı işə aidiyyətini şübha altına almaqla, iş üzrə müəyyən edilmiş qaydada və məbləğdə rüsum ödənilmədiyini göstərir.
8. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
9. İddiaçının nəzərinə o da çatdırılmalıdır ki, bu iş üzrə cavabdehə qarşı hazırkı tələblə əvvəl də məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi və ona əlavə olunmuş sənədlər eyni əsaslarla geri qaytarılmış, lakin, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan həmin rüsum yenidən əlavə edilməklə iddia ərizəsi bir daha məhkəmə təqdim edilmişdir.
10. Məhkəmə yuxarıda göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə