Məhkəmə qərarları › İş №e-2(004)-650/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-650/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-650/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı - ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/135011/15 saylı kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.603,86 ABŞ dolları borc və 225,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 9.997,55 ABŞ dolları əsas borc, 6.476,35 ABŞ dolları faiz borcu, 7.155,36 ABŞ dolları cərimə borcu, 2.974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.603,86 ABŞ dolları borcu qalmışdır. Əlavə olaraq bildirir ki, bank tərəfindən 2019-cu ildə həmin iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-8856/2019 saylı qərardadına əsasən baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmasına əsas xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı müəyyən edilmiş güzəştli və məhkəmədən kənar həlli qaydaların müəyyən edilməsi olmuşdur. Həmin qərardadda həmçinin qeyd olunmuşdur ki, zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalı və sərf edilmiş müddət bank olaraq onların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Lakin cavabdeh bu müddət ərzində Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət etməmiş və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Faiz borcu müqavilə müddətinə hesablanmışdır. Gecikmə faizi müqavilə şərtləri çərçivəsindədir. Eyni tələblə xx.xx.2022-ci il tarixdə yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin qeydiyyat ünvanı dəyişdiyindən və aidiyyət qaydası pozulduğundan xx.xx.2022-ci il tarixli e-2(001)-6961/2022 saylı qərardada əsasən iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)- 8856/2019 saylı qərardadında göstərilənlər və xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə eyni iddia tələblə müraciət olunması nəzərə alınaraq hesab edir ki, iddia müddəti tətbiq edilə bilməz. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, kredit müqaviləsi 2015-ci ildə bağlanmışdır. Həmin vaxtdan 7 il müddət keçmişdir. Bu qədər vaxt ərzində iddiaçı onu axtarıb tapa bilərdi. O, ödənişlərini gecikdirməmişdir. Hətta bir dəfə ödəniş etmək istəmiş, lakin bankla əlaqə yarada bilməmişdir. Məhkəmədən xahiş edir ki, iddia müddəti tətbiq edərək iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilsin. Suala cavab olaraq bildirir ki, iddia tələbinə 2019-cu ildə Binəqədi Rayon Məhkəməsində baxıldıqdan sonra banka yaxınlaşmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/135011/15 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB QSC Cavabdeh 12 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birliktə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********092 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,6 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.603,86 ABŞ dolları məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh bank qarşısında öhdəliyini pozmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8856/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6961/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə xx.xx.2015-ci ildə bağlanmışdır. Müqavilə müddəti 12 ay - xx.xx.2016-cı ildə bitmişdir. İddiaçı 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-8856/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Bank Standart” KB QSC-nin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, 1xx/xx/135011/15 saylı kredit müqaviləsi üzrə 9997,55 ABŞ dolları əsas borc, 6476,35 ABŞ dolları faiz borcu, 7155,36 ABŞ dolları cərimə borcu, 2974,60 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26603,86 ABŞ dolları borc və 225,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddia tələbi müddət ötürüldüyündən təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar