Məhkəmə qərarları › İş №e-2(004)-6529/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6529/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6529/2025 06.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4760,22 manat əsas, 685,02 manat faiz, 2,6 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5447,84 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,88 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27,50% ödəmək şərtilə 5800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 4 noyabr 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 4760,22 manat əsas, 685,02 manat faiz, 2,6 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5447,84 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmışmübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" ASC-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, borcu ödəyə bilmir. Övladının yanvar ayında 18 yaşı tamam olmuşdur. O, qəyyumluğa görə və aliment müavinəti alırdı. Kredit bu müavinətlər qarşılığında verilmişdir və borcu o pulla ödəyirdi. Hər zaman borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin, müavinət kəsildikdən sonra ödəyə bilmədi. Banka bildirdi ki, o, qəyyumluq üçün yenidən müraciət etməlidir. Bu müavinət ona yenidən verilməyə başlandı, lakin 7-8 ay müddət hesablanmadan verilmişdir. Banka bildirmişdi ki, faizi dayandırsınlar və borcu aylara bölsünlər. O, ayda 100 manatdan artıq ödəyə bilmir. Bank bununla razılaşmamışdır. Övladı əlildir. Onun xərcləri çoxdur. Borcunun olduğunu qəbul edir. O, gücü çatdığı qədər borcu ödəsə də, ancaq faiz borcunu ödəmiş olur. Əsas borc ödənməmiş qalır. 2025-ci ilin yanvarına qədər mütəmadi olaraq ödənişlər etmişdir. Hazırda ayda 100-120 manat ödəniş edə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli ərizə-anketdən və xx.xx.2021-ci il tarixli Ümumi Offerta müqaviləsindən görünür ki, ki, bank tərəfindən borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27,50% ödəmək şərtilə 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit xətti açılmışdır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, bank tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 207nkİNSHb/23 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2025-ci il tarixində 4760,22 manat əsas, 452,6 manat faiz, 17,2 manat cərimə olmaq, cəmi 5230,02 manat borcunun olması bildirilmiş və borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 207nkİNSHb/23 nömrəli kredit müqaviləsi üzrə banka 4760,22 manat məbləğində əsas borc, 685,02 manat məbləğində faiz borcu, 2,6 manat məbləğində cərimə olmaqla, cəmi 5447,84 manat borcu vardır. AR Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.7-ci maddəsinə əsasən, Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 409.4-cü maddəsinə əsasən, Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 739.2-ci maddəsinə (MM əvvəlki redaksiya) əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X1” ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli ərizə-anketə və xx.xx.2021-ci il tarixli Ümumi Offerta müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 27,50% ödəmək şərtilə 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam və vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcun tam olaraq ödənilməsi, əks halda bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə bank tərəfindən iddia tələni ilə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Məhkəmə baxışında cavabdeh banka olan əsas borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği məhz xx.xx.2025-ci il tarixinədək hesablanmalıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 207nkİNSHb/23 saylı müqavilə üzrə 2,6 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və ağlabatan sayır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 72,15 (yetmiş iki manat on beş qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4760,22 (dörd min yeddi yüz altmış manat iyirmi iki qəpik) manat əsas, 452,6 (dörd yüz əlli iki manat altmış qəpik) manat faiz, 2,6 (iki manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 5215,42 (beş min iki yüz on beş manat qırx iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 72,15 (yetmiş iki manat on beş qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4760,22 (dörd min yeddi yüz altmış manat iyirmi iki qəpik) manat əsas, 452,6 (dörd yüz əlli iki manat altmış qəpik) manat faiz, 2,6 (iki manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 5215,42 (beş min iki yüz on beş manat qırx iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 72,15 (yetmiş iki manat on beş qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar