Məhkəmə qərarları › İş №e-2(004)-653/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-653/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-653/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 12 (on iki) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1525 (bir min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında xx.xx.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X2 xx.xx.2022-ci il tarixinə əsas borcu 744,63 (yeddi yüz qırx dörd manat altmış üç qəpik) manat, faiz borcu 16,81 (on altı manat səksən bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №073714 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X2 vəfatından sonra Bakı şəhəri 19 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsələri - ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan X8 və ünvan 1 ünvanında qeydiyyatda olan X6r. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh X2 vərəsəsi Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 761.44 (yeddi yüz altmış bir manat qırx dörd qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 744.63 ( yeddi yüz qırx dörd manat altmış üç qəpik) manat əsas, 16.81 ( on altı manat səksən bir qəpik) manat faiz, cəmi 761.44 (yeddi yüz altmış bir manat qırx dörd qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən ödəniş olunmuşdur. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 694.63 (altı yüz doxsan dörd manat 63 qəpik) manat əsas, 16.81 (on altı manat səksən bir qəpik) manat faiz, cəmi 711.44 ( yeddi yüz on bir manat qırx dörd qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, (əvvəlki məhkəmə iclasında iştirak edərək bildirişə imza etmişdir.) lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkənə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, borcu bankdan mərhum həyat yoldaşı götürmüşdür. Yoldaşı hərbiçi idi və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. O, həyat yoldaşının vəfat etdiyi barədə məlumatı dərhal banka vermişdir. Onlardan həmin məbləğin bağışlanmasını xahiş etmiş və bu barədə rəsmi ərizə ilə banka müraciət etmişdir. Üç ildən artıq müddətdir ki, bank tərəfindən heç bir xəbərdarlıq, məktub ünvanlanmamış və zəng edilməmişdir. O da düşünmüşdür ki, yoldaşı 22 ilin zabiti olduğundan, vətən uğrunda vəfat etdiyindən bank üçün kiçik olan bu məbləği onlara bağışlamışlar. Lakin üç il sonra ona bankdan zənglər gəldi, ondan pulun ödənilməsi tələb edildi. O, bank əməkdaşlarına bildirmişdir ki, onun həyat yoldaşı rəhmətə getmiş, iki uşağa o tək baxır. Onlardan biri 9-cu sinif şağirdidir, digəri isə universitetdə oxuyur, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X3 istehlak məqsədi ilə 12 ay müddətinə illik 17 % olmaqla 1525 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X5 İddiaçı ASC-dən 1500 manat məbləğində pul vəsaiti almışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 ******* saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 694,63 manat əsas borc, 16,81 manat faiz borcu, cəmi 711,44 manat borcu vardır. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” X4 AZ-İİ №073714 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X8 və X6r və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamədə verilən miras əmlak: mərhum X2 adına olan "xxxx" ASCnin Naxçıvan filialında ******************** saylı hesabında 0,07 manat, Ordubad filialında ******************** saylı hesabında 0,29 manat və Gəncə filialında ******************** saylı hesabında 5944,76 manat pul məbləğindən ibarətdir; Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 13 mart 2020-ci il tarixli, 07-02-10 saylı məktubuna əsasən mərhum X2 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 11000 manat sığorta ödənişindən ibarətdir; 100 saylı Hərbi hissə tərəfindən 22 iyul 2020-ci il tarixində verilmiş 2465 nömrəli arayışa əsasən mərhum X2 2013-2019-cu illərdə xidmət etdiyi dövr ərzində istifadə etmədiyi 1839,96 manat məzuniyyət pulu kompensasiya məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X8 və X6r və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamədə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 05 avqust 2020-ci il tarixində verilmiş 725 nömrəli arayışa əsasən mərhum X2 hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1365,20 manat pul kompensasiyası məbləğindən ibarətdir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış ******* saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 1525 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş (şəhid olmuşdur) və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı, tərəfdən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 694,63 manat əsas borc, 16,81 manat faiz borcu, cəmi 711,44 manat borcunun olması müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh X2 qanun üzrə vərəsəsi kimi tanınaraq ona X2, lakin mərhumdan yəni X1 hər hansısa əmlak miras kimi qalmamış və miras əmlak kütləsinə miras qoyanın daşınar və ya daşınmaz əmlakları daxil edilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmiş pul vəsaitləri isə mərhumun X2 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ödənilmiş 11000 manat sığorta ödənişindən, 2013- 2019-cu illərdə xidmət etdiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət üçün 1839,96 manat pul məbləğində kompensasiya ödənişindən, hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1365,20 manat pul kompensasiyası məbləğindən və son əmək haqqı hesablaşmasından ibarətdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, cavabdehə ödənilmiş məbləğlər mərhumun “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ödənilmiş sığorta ödənişindən və eləcə də, iş yeri üzrə kompensasiya şəklində verilmiş digər ödənişlərdən ibarət olmaqla, miras əmlak kütləsinə daxil olmadığlndan və bununla da iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar