Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6559/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və «QOÇ-DAŞ- T.Ş.T. X1» MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və «QOÇ-DAŞ- T.Ş.T. X1» MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və "QOÇ-DAŞ-T.Ş.T. X1" MMC-dən müştərək qaydada iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına (Ləğv prosesindədir) ödənilməli olan 72.559,95 manatın ödənilməsinin gecikdirildiyi 20 iyul 2010-cu il tarixdən 21 dekabr 2023cü il tarixədək olan 4902 gün üçün həmin məbləğə illik 5% (beş faiz) hesablanmaqla 48.724,50 (qırx səkkiz min yeddi yüz iyirmi dörd manat əlli qəpik) manatın və ödənilmiş 236,18 (iki yüz otuz altı manat on səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (Ləğv prosesindədir) xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırki mübahisə 20 iyul 2010-cu ildən 21 dekabr 2023-cü il tarixədək bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 48.724,50 (qırx səkkiz min yeddi yüz iyirmi dörd manat əlli qəpik) manat maddi ziyanın ödənilməsindən ibarətdir. İş materiallarında olan iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 92 nömrəli kredit müqaviləsinə görə bank borcalana illik 20% olmaqla, 12 ay müddətinə qaytarıılmaq şərti ilə 68000 manat kredit vermişdir. Kredit müqaviləsinin 1.2-ci bəndindən görünür ki, kredit biznesin inkışafı məqsədləri üçün verilir. Həmçinin elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, iddiaçı və cavabdeh «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC vergi ödəyicisidir (VÖEN **********, VÖEN **********). Göründüyü kimi, hazırki iş üzrə tərəflərin (iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC) münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gəlmişdir. Tələbin iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı filialı ilə cavabdeh «QOÇ-DAŞ-T.Ş.T. X1» MMC arasında biznes krediti üzrə ödənilməmiş kredit borcu üzrə vurulmuş maddi zərərin ödənilməsi mübahisəsi olmasını nəzərə alaraq hesab edirəm ki, hazırki iddia tələbinə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 236,18 (iki yüz otuz altı manat on səkkiz qəpik) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Aristanbekovna, Cavabdeh3 və «QOÇ-DAŞ- T.Ş.T. X1» MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edə bilər. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 236,18 (iki yüz otuz altı manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6559/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6559/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver