Məhkəmə qərarları › İş №e-2(004)-6654/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6654/2022

22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6654/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Leyer MMC-nin cavabdeh Accessbank QSC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı Leyer MMC cavabdeh Accessbank QSC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Accessbank QSC-nin qeyri-peşəkarcasina yol verdiyi texniki səhv nəticəsində iddiaçıya maddi ziyan vurulduğunu bildirmişdir. İddia ərizəsində razılaşdırılmış pul məbləğinin müqavilə əsasında Türkiyə Respublikasında hüquqi şəxs kimi qeydiyyatdan keçmiş şikrətə köçürülmləi olduğu, lakin cavabdeh tərəfindən yol verilmiş texniki səhv nəticəsində yalnış müqavilə üzrə köçürülmə baş verdiyini və bu səbəbdən də iddiaçıya cərimə tətbiq edildiyi və maddi ziyan vurulduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin hər ikisi hüquqi şəxs olduğundan mübahisə predmeti hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mlüki işə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Leyer MMC-nin cavabdeh Accessbank QSC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı tələblə bağlı o, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 109 manat məbləğində dövlət rüsumu iddiaçı leyer MMC-yə geri qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar