Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-668/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" KB ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2323,14 manat əsas, 131,73 manat faiz, 28,4 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2483,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,84 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 29.50% olmaqla 4900 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 noyabr 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 2323,14 manat əsas, 131,73 manat faiz, 28,4 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2483,27 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən bank - "xxxx" KB ASC müştəriyə - Cavabdeh kredit limiti ayırmağı, bank hesabı açmağı və kart təqdim etməyi təklif etmişdir.
5. xx.xx.2022-ci il tarixli, 6315nkCNTRb/22 saylı kredit müqaviləsinə əsasən Borcverən Borcalana 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 29.5% faiz ödəmək şərtilə 4900.00 manat məbləğində krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür.
6. xx.xx.2022-ci il tarixli, 6315nkCNTRb/22 saylı kredit müqaviləsinin 2-ci bəndində göstərilmiş ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 6315nkCNTRb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 2620,57 manat əsas, 196,7 manat faiz, 34,68 manat cərimə borcu olmaqla, ümumilikdə 2851,95 manat yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsini 3 iş günü müddətində ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 6315nkCNTRb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2323,14 manat əsas, 131,73 manat faiz, 28,4 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2483,27 manat borcu vardır.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
14. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
15. Lakin məhkəmə qeyd edir ki, pretenziya məktubunda cavabdehdən tutulacaq əsas borc 2620,57 manat, faiz borcu 196,7 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehdən tutulacaq əsas borc 2323,14 manat, faiz borcu 131,73 manat müəyyən edilməlidir.
16. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 2323,14 manat məbləğində krеdit bоrcu, 131,73 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
17. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 28,4 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
18. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2323,14 manat əsas, 131,73 manat faiz, 28,4 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 44,84 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2323,14 manat əsas, 131,73 manat faiz, 28,4 manat cərimə borcu, ödənilmiş 44,84 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2528,11 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil