Məhkəmə qərarları › İş №e-2(004)-6694/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6694/2022

23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6694/2022 23.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 46.601,87 (qırx altı min altı yüz bir manat səksən yeddi qəpik) manat və ödənilmiş 230 (iki yüz otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən İddiaçı MMCnin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2022- ci il tarixində işə davamiyyətsizlik səbəbindən bu vəzifədən azad edilmişdir. Cavabdeh qeyd edilən dövrdə iddiaçı müəssisənin qanuni təmsilçisi/direktoru olaraq, müəssisənin işçilərinə münasibətdə işəgötürən qismində çıxış etmişdir və onun nizamnamə ilə müəyyən edilməklə, əmək müqavilələri bağlamaq və onlara xitam vermək səlahiyyətləri vardı. Belə ki, İddiaçı MMC-nin Nizamnaməsinin 5.2-ci maddəsinə əsasən direktor olaraq cavadehin əmək müqavilələr bağlamaq, onlara düzəlişlər etmək və qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla onlara xitam vermək səlahiyyətləri müəyyən edilmişdir. Cavabdeh səlahiyyətlərindən süi-istifadə edərək, özünün və iddiaçı müəssisənin əməkdaşları olan X5, X6, X1, X4, X3 iddiaçının maliyyə vəsaitləri hesabına, əmək haqqı və müavinət adı ilə, cəmi 35.461,99 (otuz beş min dörd yüz altmış bir manat, doxsan doqquz qəpik) manat məbləğində əmək haqqı kimi və həmin məbləğə uyğun olaraq DSMF xərcləri kimi 11.139,88 (on bir min yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsini təmin etmişdir. Bununla da iddiaçı müəssisəyə maddi zərər vurmuşdur. Belə ki, göstərilən şəxslərin əmək müqavilələrinə xitam verilməsi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “A” bəndi göstərilmiş və ödənişlər də bu maddənin və buna uyğun olaraq, Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələbləri qaydasında hesablanaraq ödənilmişdir. Cavabdeh iddiaçı müəssisənin rəhbəri olaraq bilirdi yaxud bilməli idi ki, həmin işçilərin (həmçinin özünə münasibətdə) əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “A” bəndinə əsasən xitam verilməsi qanunsuzdur. Belə ki, iddiaçı müəssisə hazırda da ləğv edilməmişdir, mövcuddur və ləğv edilməsi üçün hər hansı proseslər də başladılmamışdır. Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh iddiaçı müəssisənin rəhbəri/direktoru vəzifələrini yerinə yetirdiyi zaman iddiaçıya zərər vurub (müəssisənin vəsaitini qanunsuz olaraq mənimsəyib və digər şəxslərə ödənilməsini təmin edib). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən müəyyən olunur ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılır. İddia ərizəsinin məzmunun və əlavə olunmuş sənədlərdən də məlum olur ki, cavabdeh İddiaçı MMC-nin direktoru olmuşdur. İddiaçı cababdehin direktor kimi işlədiyi dövrdə onun fəaliyyətindən yaranmış maddi ziyanı mübahisələndirir. Tələb cavabdehin direktor kimi işlədiyi dövrdə onun fəaliyyətindən yaranan korperativ tələbdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya məhkəməsində baxılmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 230 (iki yüz otuz) manat məbləğində pul İddiaçı MMC-nə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 152.1.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzə əsasən AsanPay ödəniş terminalı vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 230 (iki yüz otuz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-nə ("xxxx" ASC, kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T BİK: PAHAAZ22) qaytarılsın. İddiaçı MMC-nə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar