Məhkəmə qərarları › İş №e-2(004)-670/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-670/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-670/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1649/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 01 iyul 2019-cu il təvəllüdlü X1 üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, X4 və X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2016-cı il tarixli, Səadət Sarayı Bakı nikah evində 1047 saylı akt qeyd ilə rəsmiləşdirilən nikah pozulması, birgə nikahından doğulmuş xx.xx.2017- ci il təvəllüdlü – X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər iki uşağa hər ay 193 manat olmaqla cəmi 386 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı məhkəmə işi üzrə cavabdeh tərəfindən 600 manat əmək haqqı aldığı göstərilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(001)-1649/2022 saylı qeyd olunmuş aliment məbləği hal-hazırda uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh rəsmi gəlirləri barədə məlumat əldə olunması üçün "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, xx/xx-1467xx/xx-18804 saylı sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq Aztelecom MMC tərəfindən cavab olaraq bildirilmişdir ki, Cavabdeh hal-hazırda xx.xx.2021-ci il tarixdən “Geniş zolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır və aylıq əmək haqqı 2304 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin əmək haqqının məbləği artmış və maddi vəziyyətində dəyişiklik olmuşdur. Bu halı əsası hesab edərək, cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını və cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi reallığı əks etdirmir, tələb tam əsassızdır. Belə ki, Binəqədi rayon Məhkəməsində nikahın pozulması işinə baxılarkən iddiaçının qarşılıqlı iddiası üzrə tələbin alimentin həmin dövr üzrə 600 azn təşkil edən əmək haqqı məbləğinin üçdə bir hissəsinin tutulması olmasına baxmayaraq, Cavabdeh uşaqların mənafeyini əsas tutaraq alimentin sabit pul məbləğində ödənilməsinə razılıq vermişdir və cari gündə alimenti vaxtlı-vaxtında ödənilməsini təmin edir. Habelə ailənin dağılmasında səbəb İddiaçı nikah dövründə əldə olunmuş, iddiaçının özünə, cavabdehə məxsus və uşağlara hədiyyə şəklində verilmiş qızıl-ziynət əşyalarının cavabdehin icazəsi olmadan və ona hər hansı şəkildə açıqlama verilmədən satılması, habelə satılmış ziynət əşyalarının zahirən əvvəlkindən fərqlənməyən dizayna malik dəyərsiz metallardan düzəldilməsi işinin təşkili, qızılların satışından əldə olunan pul vəsaitlərinin hansı istiqamətdə istifadəsi və xərcin təyinatının bugünədək bəlli olmamasıdır.Cavabdeh əməkhaqqı məbləği iddia ərizəsi və ona əlavə olunan sənəddə səhv qeyd olunmuşdur. Belə ki, nikah pozulduqdan sonra cavabdehin əməkhaqqı məbləği 2262 manat təşkil edir, halbuki iddia ərizəsində səhvən 2304 Azn qeyd olunmuşdur. Hazırda cavabdeh əmək qabilliyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq məcburiyyətindədir. Beləki, cavabdehin valideynləri X6 və X2 əmək qabilliyəti yoxdur və maddi yardıma ehtiyacları var. Cavabdehin valideynləri yetkinlik yaşına çatmış övladı - Cavabdeh alimentin tutulması üçün məhkəmədə iddianın qaldırılması məqsədilə mediasiya təşkilatına müraciət etmiş və tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixində barışıq sazişi imzalanmış və aylıq 950 manat məbləğində valideynlərə alimentin ödənilməsi razılaşdırılmışdır. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, cavabdehin valideynlərinin əmək qabiliyyətinin olmaması barədə müvafiq orqanın rəyi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 17 dekabr 2016-cı il tarixdə Səadət sarayı, Bakı nikah evində bağlanmış, 1047 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 fevral 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilçəsi, ərin arvada maddi cəhətdən kömək etməsi ilə əlaqədar xx.xx.2019-cu il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək Cavabdeh 23 fevral 2022-ci il tarixdən hesablanmaqla, İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 30 (otuz) manat miqdarında alimentin tutulması qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, iş materiallarında əlavə edilmiş 28 mart 2022-ci il tarixli “vətəndaşın iş yeri haqqında” arayışa əsasən Cavabdeh lu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir və əmək haqqısının məbləği 600 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən “Aztelekom" MMC-nin “Aztelekom.net" internet xidmətləri şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş xx.xx.2018-ci il tarixdən Genişzolaqlı xidmətlər departamentinin Əlavə dəyər xidmətləri şöbəsində məhsulların idarəedilməsi üzrə mütəxəssis, xx.xx.2020-ci il tarixdən həmin şöbənin müdiri vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdən isə İnformasiya texnologiyaları departamentinin Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir. Eyni zamanda Cavabdeh aylıq əməkhaqqı 2304 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “vətəndaşın iş yeri haqqında” arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir və əmək haqqısının məbləği 2262 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə onun valideynləri X6 və X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/12-00130 saylı barışıq sazişinin surətindən görünür ki, Cavabdeh hər ayın 10-da əmək qabiliyyəti olmayan atası- X7 və anası- X3 950 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)- 1649/2022 saylı tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 386 manat aliment tutulmasını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçının maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşaraq əmək haqqının məbləği 600 manatdan 2262 manata qalxmış, həm uşaqlar böyümüş və ehtiyacları artmış, uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişiklik olduğundan, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər uşaq üçün 193 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin əmək qabiliyətli olmayan valideynlərini saxlamaq üçün aliment ödəməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir kii, əvvəla cavabdehin valideynlərinin əmək qabliyyətinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfdən təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdehin atası X7 fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. (VÖEN **********) Bundan başqa, cavabdehin barışıq sazişinə əsasən valideynlərinə yüksək məbləğdə aliment ödəməsi, uşaqların mənafeyi əsas götürülməklə onların saxlanılması üçün tutulan aliment miqdarının artırılmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşaqların mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1649/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 01 iyul 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 01 iyul 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1649/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 01 iyul 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 01 iyul 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar