Məhkəmə qərarları › İş №e-2(004)-6755/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6755/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6755/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 772.47 manat əsas, 119.24 manat faiz, 139.65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1031.36 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 8 ay müddətinə illik 25% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 noyabr 2025, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 772,47 AZN əsas, 119,24 AZN faiz, 139,65 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1031,36 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehlərə rəsmi qaydada göndərilsə də onlar iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1389micADJ/24-EM nömrəli əsas kredit müqaviləsinə əsasən “X1” ASC borcalana 500000 manat məbləğində, illik maksimum 32 %, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2034-cü il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1389micADJ/24 nömrəli əlavə kredit müqaviləsinə əsasən “X1” ASC borcalana 8 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 25 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 2000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan iddiaçı “X1” ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1389micADJ/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 Bank qarşısında borcalan Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 1389micADJ/24-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (pretenziya) əsasən, iddiaçı Cavabdeh2 20 avqust 2025-ci il tarixinə 772.47 manat əsas, 71.18 manat faiz, 72.11 manat cərimə borcu olmaqla, cəmi 915.76 manat borcunun yarandığını bildirmiş, bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişə (pretenziya) əsasən, iddiaçı Cavabdeh1 22 avqust 2025-ci il tarixinə 772.47 manat əsas, 72.26 manat faiz, 73.83 manat cərimə borcu olmaqla, cəmi 918.56 manat borcunun yarandığını bildirmiş, bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 “X1” ASC-yə 1389micADJ/24 nömrəli kredit müqaviləsi üzrə 19 noyabr 2025-ci il tarixə 772.47 manat əsas, 119.24 manat faiz, 139.65 manat cərimə borcu olmaqla, cəmi 1031.36 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi iddiaçı “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1389micADJ/24-EM nömrəli əsas kredit müqaviləsi və iddiaçı “X1” ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1389micADJ/24 nömrəli zaminlik müqaviləsindən irəli gəlir. Əsas kredit müqaviləsinin şərtlərinə əsasən bank borcalan Cavabdeh2 500000 manat məbləğində, illik maksimum 32%, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2034-cü il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Əlavə kredit müvaqiləsinin şərtlərinə əsasən Bank tərəfindən borcalan Cavabdeh2 8 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 25 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 2000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin Cavabdeh1 Bank qarşısında borcalan Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 1389micADJ/24-EM nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan Cavabdeh2 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, faiz borcu müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Məhkəmə iddiaçının 139.65 manat cərimənin cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 56.35 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 772.47 manat əsas, 71.18 manat faiz, 56.35 manat cərimə borcu olmaqla, cəmi 900 manat məbləğində pul tutularaq iddiaçı “X1” ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30.72 manat məbləğində dövlət rüsumunun 30 manat məbləği cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 772.47 (yeddi yüz yetmiş iki manat qırx yeddi qəpik) manat əsas, 71.18 (yetmiş bir manat on səkkiz qəpik) manat faiz, 56.35 (əlli altı manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 900 (doqquz yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “X1” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar