Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6889/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250000 manat pul vəsaitinin, ödənilmiş 540 manat dövlət rüsumunun tutularaq İddiaçı1 qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildən başlayaraq, milliyyətçə türk olan, fast food biznesi ilə məşğul olan Cavabdeh ilə iddiaçının həyat yoldaşı İddiaçı2 ilə aralarında biznes ortaqlığına başlamışdılar. 20 oktyabr 2025-ci ilədək, yəni iddiaçının həyat yoldaşı həbs olunanadək cavabdeh onlara həmin müqabilində aylıq 3000 manat pul ödəmişdir. Təxminən 2025-ci ilin oktyabr ayında İddiaçı1 Ramazandan biznes fəaliyyəti üçün Ramazana verdiyi pulun qalan bütün hissəsini tələb etmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, onun ailə problemləri var, çünki həmin vəsaitin 30000 manatını ilkin aldığı məbləğ kimi biznesə qoysa da, 2018-ci ilin əvvəllərində Yeni Yasamalda yerləşən 5 otaqlı mənzili və 2018-ci ilin təxminən may ayında Qəbələ rayonundan aldığı torpaq sahəsini, həmçinin, Suraxanı rayonu, Südçülük savxozunda olan torpaq sahəsini əldə edərək daşınmaz əmlakların qiymətinin kəskin artımını müşahidə edərək həmin əmlakları almış, guya ki, həmin əmlakların üzərinə faktiki nikahda olan arvadı tərəfindən iddia qaldırılaraq üzərinə həbs qoyulmuşdur. Buna görə də həmin əmlakları satıb iddiaçıdan aldığı pulu geri qaytara bilməmişdir. Cavabdehin idddaçıya məxsus əmlakı ona qaytarmaması, hazırki maddi vəziyyətinin pisləşməsinə, ailə üzvlərinin dövlət və üçüncü şəxslər qarşısında daşıdığı öhdəlikləri icra edə bilməməsinə gətirib çıxarmışdır. Belə ki, 2016-2017-ci illərdə biznesə yatırım adı ilə ilk dəfə aldığı 30000 manatla uğurlu biznes yaradaraq cavabdeh iddiaçıda maraq yaradaraq ona və həyat yoldaşına məxsus olan 70000 manatı 2018-ci ilin əvvəllərində cavabdehə vermişlər. Bundan sonra cavabdehə 80000 manat verilib. Sonuncu dəfə isə 70000 manatı isə Əcəmidə yerləşən MC Donalds-ın yanında şəxsən Ramazana iddiaçı özü vermişdir. Faktla bağlı Nəsimi RPİ-yə ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı Cavabdeh 19-cu polis şöbəsinə yaxınlaşaraq izahat vermiş və ümumilikdə iddiaçıdan 250000 manat pul aldığını və həmin pullarla iddia ərizəsində qeyd edilən əmlakları aldığını təsdiq etmişdir. Lakin cavabdeh hazırda həyat yoldaşı X2 ilə boşanma mərhələsində olduğuna görə işin məhkəmədə baxıldığını, buna görə də qeyd eidlən əmlakların üzərində həbs olduğunu qeyd etmişdir. Nəsimi RPİ-nin xx.xx.2025-ci il tarixli qərarına əsasən, göstərilənlər mülki mübahisə predmeti olduğuna görə, cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı hesab edir ki, Cavabdeh 250000 manat pul vəsaitinin, ödənilmiş 540 manat dövlət rüsumunun tutularaq İddiaçı1 qaytarılmasına dair qətnamə qət edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən araşdırma zamanı Cavabdeh mahiyyəti üzrə təhqiqata izahat verərərək bildirmişdir ki, İddiaçı1 şikayət ərizəsi ilə tanış olmuşdur. O, ərizədə göstərilənləri təsdiqləməzdən əvvəl qeyd edir ki, İddiaçı1 həyat yoldaşı İddiaçı2 ilə təxminən 30 illik dostluq münasibəti olmuşdur. Onun sözlərinə görə. 2017-ci ildən etibarən Ruslan Mansur oğlu ilə fast-food biznesi sahəsində əməkdaşlığa başlamışlar. Biznesə başlamazdan əvvəl Ruslan onuna 30.000 manat vermiş və o da eyni məbləğdə yatırım edərək birlikdə uğurlu biznes qurmuşlar. Biznes qurulduqdan sonra işləri əsasən özü idarə etdiyini və həmin ailəyə aylıq 3.000 manat ödədiyini bildirir. Sonradan biznesi genişləndirmək məqsədilə əlavə olaraq 70.000 manat aldığını və bu vəsait hesabına “28 May” metro stansiyası yaxınlığında yeni filial açıldığını qeyd edir. Həmin filial da uğurlu olmuşdur. Daha sonra o, Yasamal rayonu Yeni Yasamal- 1 küçəsində yerləşən 4 nömrəli binanın 41-ci mənzilini, həmçinin Qəbələ və Suraxanı rayonlarında torpaq sahələri əldə etmək üçün İddiaçı1 müxtəlif vaxtlarda və fərqli məkanlarda, sonuncusu isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Memar əcəmi metrostansiyası yaxınlığında olmaqla 70.000 manat da daxil olmaqla ümumilikdə 250.000 manat borc aldığını bildirir. Onun sözlərinə görə, 2025-ci ilin oktyabr ayında İddiaçı1 həyat yoldaşı İddiaçı2 həbs olunması ilə əlaqədar Sərfinaz xanım ondan ümumilikdə 250.000 manat tələb etmişdir. Şəxs bu məbləği qaytarmağa etiraz etmədiyini, lakin hal-hazırda rəsmi nikahda olduğu X3 ilə boşanma prosesinin getdiyini, onun iddiası əsasında həmin əmlaklara həbs qoyulduğunu bildirir. Bu səbəbdən mülkləri sata bilmədiyi üçün borcu qaytara bilmədiyini, lakin İddiaçı1 qarşısında olan 250.000 manat borcunu inkar etmədiyini və yalnız qaytarmaq üçün müəyyən zamana ehtiyacı olduğunu qeyd edir. Araşdırma zamanı Cavabdeh ünvan 1 ünvanının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, Daşınmaz əmlakın Alqı-satqı müqaviləsi. Torpaq sahəsinin planı ilə bağlı normativlər təqdim edərək, həqiqətən də İddiaçı1 borc aldığı pul ilə həmin mülkləri aldığını təsdiq etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 2i ünvanında yerləşən 1 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu ol tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki satıcı X6 ünvan 3 ünvanında yerləşən 5 otaqlı mənzili alıcı Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh adına xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan tədiyə bildirişindən görünür ki, vergi ödəyicisi olan Cavabdeh ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır.Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh polis şöbəsində izahat verərək, İddiaçı1 250000 manat məbləğində pul aldığını, lakin hələ də qaytarmadığını bildirmişdir. İddia olunan vəsaitin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 250000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi cavabdehin Polis Şöbəsində verdiyi izahatla sübut olunur və həmin məbləğ qeyd edilən Nəsimi RPİ-nin 19cu PŞ-nin qərarında da öz əksini tapmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Karakelle X1 Sərfinaz Rza qızının 250000 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadeh tərəfin etirafını qəbul edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 250000 (iki yüz əlli min) manat məbləğində pul alınaraq İddiaçı1 ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 540 (beş yüz qırx) manat pul Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 250000 (iki yüz əlli min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 540 (beş yüz qırx) manat pul alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6889/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6889/2025
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver