Məhkəmə qərarları › İş №e-2(004)-6981/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6981/2025

27.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6981/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və övladları X8 və X9 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X5 xx.xx.2009-cu il tarixində nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından iki övladı xx.xx.2010-cu il tarixli X8 və xx.xx.2011-ci il tarixli X9 dünyaya gəlmişdir. İddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2025-ci il tarixində yol nəqliyyat hadisəsində vəfat etmişdir. Bundan sonra, ərizəçi ilə mərhum həyat yoldaşının valideynləri arasında münasibətlər pişləşmiş və ərizəçi əvvəllər ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzildən övladları ilə birlikdə çıxarılmışdır. Ərizəçi ilə mərhum T.Qənbərli arasında nikah bağlanan zaman tərəflər ilk öncə ünvan 2 ünvanına köçmüş və orda yaşamışlar. Daha sonra, tərəflər birgə nikah dövründə 2012-ci ildə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil alınmış, lakin mənzil müəyyən səbəblərdən mərhumun anası Cavabdeh2 adına “sənədləşdirilmişdir”. Lakin ailə uzun illər həmin mənzildə yaşamış, övladlarını həmin mənzildə böyütmüş, o cümlədən mənzil üçün bütün zəruri mebel və avadanlıqlar almışlar. İddiaçı nikahdan sonra ilk öncə ünvan 2 ünvanına gəlin köçməklə istifadə hüququ yaranmış, daha sonra isə ailəsi ilə birlikdə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanına köçməklə həmin mənzilə istifadə hüquqları yaranmışdır. Eyni zaman sonuncu mənzil onların birgə nikah dövründə birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsaitlə alınmışdır. Əlavə olaraq bildiririk ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e16(006)- 468/2025 nömrəli Qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2r qızına və digər şəxslərə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzildəki şəxsi əşyaların və mebellərin mənzildən çıxarılması və Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Beləliklə, iddiaçı hazırda iki azyaşlı övladı ilə birgə uzun müddət yaşadığı mənzildən məhrum olmuş və həmin mənzilə istifadə hüququ tanınmaqla övladları ilə birgə həmin mənzildə yaşamaq hüququnun tanınması zərurəti yaranmışdır. Daha sonra, cavabdehlər xx.xx.2025-ci il tarixd iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycanlı ailəsinə yaraşmayan hərəkətləri təxminən 3 il öncə həyat yoldaşı Tural Qənbərli tərəfindən aşkarlandıqdan sonra evdən getmişdir. Edilmiş hərəkətdən sonra artıq onların birgə yaşayışı mümkünsüz olmuşdur. Oğlu həmin hadisədən sonra uzun müddət əsəb və ürək xəstəliyindən əziyyət çəkmişdir. Həmin müddətdən oğlu Tural Qənbərli dünyasını dəyişənə qədər İddiaçı bir dəfə də olsun həmin evə gəlməyib. O atasının Badamdar qəsəbəsindəki evinə köçdükdən sonra uşaqların da məktəbini də onlara rahat olsun deyə dəyişmişdir. Son 3 il ərzində onun harda nə işlə məşğul olması haqqında cavabdehlərin heç bir məlumatı yoxdur. Uşaqlarla dəfələrlə söhbətləri olduqda bizə ana babamın evi rahatdır, orda bizə xüsusi münasibət göstərirlər kimi fikirlər bildirmişlər. Yalnız oğlunun vəfatından sonra İddiaçı mərasim evlərində keçirilən yas mərasimində iştirak etmişdir. İddiaçı, uşaqların qeydiyyat ünvanı Badamdar yaşayış massivində atası Əli Hacıevlinin adına olan 6 sot torpaq sahəsində olan Badamdar şossesi 13 ünvanındakı 3 mərtəbəli villadır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ İİ № seriyalı, 441091 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2009-cu ildə nikah 1418 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ İİ № seriyalı, 520246 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ İV № seriyalı, 568118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı, atası X4r. İş materiallarında olan AZ İV № seriyalı, 568119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı, atası X4r. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB/9/2023-02428 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1-ci bəndinə əsasən tərəflər razılaşmışdır ki, aralarında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən biri müvafi rayon məhkəməsinə müraciət etsin. Birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün ananın himayəsinə verisin. Ata birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat aliment məbləğini anaya ödəyəcək. Tərəflər razılaşırlar ki, indi və gələcəkdə bir-birilərindən mülki və qızıl-zinət əşyaları ilə bağlı tələbləri olmayacaq. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi pr.,77A ünvanında yerləşən qonşular və həmin binanın sakinləri aktı ona görə tərtib etmişlər ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş Bakı şəhəri Yasamal rayonu, H.ünvan 3 ünvanında yaşamış X3 həyat yoldaşı İddiaçı 2023-cü ilin avqust ayından etibarən bu ünvanda yaşamadığı müəyyən edilmişdir. X2 vəfat etdiyi tarixədək həmin ünvanda valideynləri - Cavabdeh1 və Cavabdeh2 il birlikdə yaşamışlar. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2012-ci ildə yaranmışdır. Mübahisəli hüquq münasibətinin predmeti mənzilə olan istifadə hüququnun tanınması və mənzilə köçürülmədir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə baxılarkən 2009-cu ilin oktyabr ayının 1-də qanuni qüvvəsini almış Mənzil Məcəlləsinin müddəalarına istinad olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlərin keçmiş gəlinidir. O, 2012-ci ildə əri X5 ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən mənzilə köçüb yaşamış, 2023-cü ildə iddiaçı mənzili tərk etməklə başqa yerdə yaşamağa başlamışdır. Daha sonra, X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Hazırda İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini tələb edir. Lakin İddiaçı nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İddiaçı bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddiaçı Cavabdeh2 məxsus mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə onlar arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır. Həmçinin, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda da görünür ki, İddiaçı Cavabdeh2 oğlunun arvadı olmaqla, Cavabdeh2 ailə üzvləri sırasına aid olmamışdır. Həmçinin iddiaçının uşaqları da mülkiyyətçi Cavabdeh2 nəvəsi olmaqla qanunvericiliyin tələbinə görə ailə üzvləri (mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir) sırasına aid deyillər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, yuxarıda sadalananlara əsasən müəyyən edilir ki, iddiaçının və onun azyaşlı uşaqlarının mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də, iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi istifadə hüqunun tanınması hissəsində təmin edilmədiyindən mənzilə köçürülmə hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar