Məhkəmə qərarları › İş №e-2(004)-7146/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7146/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7146/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ofertadan görünür ki, bank ərizə-razılaşma əsasında müştəriyə bank xidmətlərinin göstərilməsini təklif edir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 336448-CNS-39924 nömrəli ərizə-razılaşmanı imzalayaraq illik 15,50% hesablanması şərti ilə 59 ay müddətinə 5281 manat məbləğində kredit verilməsi barədə razılaşmışdır.

3. Hesabdan çıxarışdan görünür ki, 5281 manat məbləğ Cavabdeh hesabına köçürülmüşdür.

4. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə olan borc 2870,79 manat əsas borc, 131,26 manat faiz və 115,30 manat cərimə borcu olmaqla cəmi 3117,35 manat məbləğdədir.

5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqla iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 2870,79 manat əsas, 131,26 manat faiz və 115,30 manat cərimə borcu olmaqla, ümumilikdə 3117,35 manat borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2870,79 manat məbləğində əsas borc, 131,26 manat məbləğində faiz və 115,30 manat cərimə borcu olmaqla ümumilikdə isə 3117,35 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,17 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 336448-CNS-39924 nömrəli “Nağd pul kreditinin əsas şərtlərinə dair” müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 15,50 faiz hesablanması şərti ilə 59 ay müddətinə 5281 manat məbləğdə kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür.

b) iddiaya etiraz

8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Borcun əsası olan müqavilə, hesabdan çıxarış və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı kredit alana 59 ay müddətinə, illik 15,50% dərəcəsi ilə 5281 manat məbləğində kredit vermişdir.

15. Cavabdeh öhdəliyini pozaraq 2870,79 manat əsas, 131,26 manat faiz borcu, 115,30 manat cərimə borcu olmaqla, ümumilikdə 3117,35 manat borcu yaranmışdır.

16. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə qalıq 2870,79 manat əsas borc, 131,26 manat məbləğdə faiz və 115,30 manat cərimə borcu cavabdehdən tutulmalıdır.

17. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 51,17 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ödənilməmiş qalan borc məbləği, faiz, cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır.

20. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 2870,79 manat əsas, 131,26 manat faiz, 115,30 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,17 manat olmaqla, ümumilikdə isə 3168,52 manat pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar