Məhkəmə qərarları › İş №e-2(004)-7148/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7148/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7148/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun ödənilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bank arasında bağlanmış 003CASA193430022 saylı, 09.12.2019-cu il tarixili güzəştli kredit müqaviləsinə xitam verilməsini, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 6445,82 manat əsas borc, 32,2 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 6480,02 manat borcun və 84,41 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 003CASA193430022 saylı, 09.12.2019-cu il tarixili güzəştli kredit müqaviləsinə əsasən, ona 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6445,82 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Zamin1 ilə Bank arasında 09.11.2019-cu il tarixli, 003FİZAM48122401 saylı və Zamin2 ilə 09.12.2019-cu il tarixli, 003FİZAM05069502 saylı zaminlik müqavilələri imzalanmış və onlar həmin müqavilələr üzrə öhdəlikləri öz üzərlərinə götümüşlər. Lakin cavabdehlər müqavilələrdən irəli gələn öhdəlikləri bank qarsında icra etməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 09.12.2019-cu il tarixli, 003CASA193430022 nömrəli güzəştli kredit müqaviləsinə əsasən, İddiaçı ASC 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 6445,82 manat məbləğində borc pulu Cavabdeh verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin digər cavabdehlər Zamin1 və Zamin2 ilə 28.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmini məqsədilə bank arasında 09.12.2019-cu il tarixli, 003FİZAM48122401 saylı və 09.12.2019-cu il tarixli, 003FİZAM05069502 saylı zaminlik müqavilələri imzalanmızdır. İş materiallarında olan 23.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 09.12.2019-cu il tarixli, 003CASA193430022 saylı güzəştli kredit müqaviləsi üzrə 6445,82 manat əsas borc, 34,2 manat faiz borcu olmaqla, cəmi 6480,02 manat borcu qalıq borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, bankla Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli, 003CASA193430022 nömrəli güzəştli kredit müqaviləsinə əsasən, İddiaçı ASC 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 6445,82 manat məbləğində krediti verməyi, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müvafiq müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, iş materiallarında olan 23.09.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 09.12.2019-cu il tarixli, 003CASA193430022 nömrəli güzəştli kredit müqaviləsi üzrə 6445,82 manat əsas borc, 34,2 manat faiz borcu, cəmi 6480,02 manat borcu mövcuddur. Eyni zamanda digər cavabdehlər Zamin1 və Zamin2 da zaminlik əsasında üzərinə götürdükləri öhdəliklərə görə borclu Cavabdeh ilə eyni məsuliyyəti daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissələrində tam, faiz borcunun tutulması hissəsində isə qismən qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 6445,82 manat əsas borc, 32,2 manat faiz borcu olmaqla, cəmi 6478,02 manat pul tutularaq iddiaçı ”Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli, 003CASA193430022 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 09.12.2019-cu il tarixli, 003CASA193430022 nömrəli güzəştli kredit müqaviləsi üzrə 6445,82 manat əsas borc, 32,2 manat faiz borcu, cəmi 6478,02 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 84,81 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada 6445,82 (altı min dörd yüz qırx beş manat səksən iki qəpik) manat əsas borc, 32,20 (otuz iki manat iyimi qəpik) manat faiz borcu olmaqla cəmi 6478,02 (altı min dörd yüz yetmiş səkkiz manat iki qəpik) manat borc və 84,81 (səksən dörd manat səksən bir qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar