Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7178/2025 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: icra xidmətinə görə pulun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2074/2023 nömrəli qətnaməsi ilə Cavabdeh 764,65 manat əsas borc, 3,60 manat faiz borcu, 0,46 manat cərimə borcu olmaqla, cəmi 768,71 manat pul, 1,50 manat poçt xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq «X3 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir.
2. “X3” QSC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bu müqavilə bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.
3. Müqavilənin 4-cü bəndinə əsasən, Büro bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparır və sürətlə yekunlaşdırmaqla həyata keçirir.
4. Təhvil-təslim aktlarına əsasən “X3 Azərbaycan” QSC-nin istehlak kreditləri üzrə borclu müştərilərin banka geri dönüş etmələri banka təhvil verilmişdir.
5. Cavabdehə göndərilmiş bildirişlə iddiaçı tərəfindən "xxxx" MMC-yə köçürülmüş 120,03 manat məbləğdə xidmət haqqının ödənilməsi tələb edilmiş, əsas olaraq göstərilmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndlərinə görə kreditin qaytarılması ilə bağlı bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin əvəzinin ödənilməsi öhdəlik kimi götürülmüşdür.
İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 120,03 manat məbləğdə maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2074/2023 nömrəli qətnaməsi çıxarılmışdır. Bank ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək, məhkəmə qətnaməsi üzrə ödənilməmiş borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. X1 tərəfindən ödənilən ümumilikdə 800,21 manat məbləğdəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 120,03 manat məbləğdə xidmət haqqı ödənilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 5 və 6-cı bəndində borcvеrənin/borcalanın hüquq və vəzifələri öhdəliklərində qeyd edilmişdir: “Borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı borcverənin çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə borcverənin əldən çıxmış faydasını ödəmək.” b) iddiaya etiraz
8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında öhdəliyin icra edilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçı eyni zamanda "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə imzalayaraq bank qarşısında yaranmış borcların alınmasını (qaytarılmasını) MMC-yə həvalə etmişdir.
14. Hazırda iddiaçı cavabdehin borcunun bağlanmış hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq MMC tərəfindən qaytarıldığını əsas gətirərək, ödənilmiş 120,03 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. İddiaçı bu barədə mövqeyini onunla əsaslandırır ki, cavabdeh kredit müqaviləsi ilə eyni zamanda bankın borcun qaytarılması ilə bağlı çəkdiyi və çəkməli olduğu xərclərin də ödənilməsini öhdəsinə götürmüşdür.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən istinad olunan öhdəliyə əsas olmuş razılaşma - müqavilə sübut qismində iş materiallarına əlavə edilməmişdir ki, bu da iddiaçı tərəfindən istinad olunan faktiki hallarının öz təsdiqini tapmaması anlamına gəlir.
16. Digər tərəfdən, qeyd olunan müqavilə təqdim olunsaydı belə, mübahisənin maddi hüquqi əsası baxımından hazırkı iddia təmin oluna bilməzdi.
17. Ona görə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən bütün məhkəmə qərarları icra qurumları tərəfindən icra olunur, tərəfə könüllü icra üçün vaxt verildikdən sonra məcburi icra tədbirləri həyata keçirilir.
18. Hazırkı iş üzrə də qəbul edilmiş məhkəmə aktı könüllü icra olunmamışdırsa bu barədə icra qanunvericiliyinə uyğun məcburi icra tədbirləri görülməli idi. Lakin, icra şöbəsi tərəfindən keçirilmiş icra hərəkətləri, icra tədbirlərinin nəticəsiz qalması, hansı səbəbdən məhz icra məmurları tərəfindən yox, müstəqil fəaliyyət göstərən hüquqi şəxs tərəfindən icra hərəkətlərinin aparılmasına zərurət yaranması barədə sübutlar da təqdim edilməmişdir.
19. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir və dövlətin adından çıxarılmış məhkəmə aktlarının icrasına nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
20. Qyed olunanlara əsasən, yekun olaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 120,03 manat məbləğdə pul iddiaçının hesab etdiyi anlamda çəkməli olduğu xərc deyildi. Ona görə ki, iddiaçının çatmaq istədiyi yekun məqsəd borcun ödənilməsini təmin etmək birbaşa dövlətin təminatı altındadır. Bu təminatdan istifadə edilməməsi isə iddiaçının könüllü seçimi olmaqla, çəkilən xərcin məsuliyyətini də o özü daşıyır.
21. Odur ki, məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşmır.
22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
24. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
25. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
qət etdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə