Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-757/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul, öhdəliyin kreditor tərəfindən icrası, sübutetmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2632051B299 nömrəli X1 kart müqaviləsindən görünür ki, Bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırır, həmin kartla bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və kredit xidmətindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif tərəcəsinə əsasən ödəyir.
2. Müqavilənin 4.1-ci bəndinə əsasən müştəri müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
3. Müqavilənin 4.3 – 4.5-ci bəndlərinə əsasən kredit xəttindən son istifadə tarixi xx.xx.2026, Kartın son istifadə tarixi xx.xx.2026, kredit xəttinin illik faiz dərəcəsi qeyritaksit əməliyyatları üzrə: 25 % (maksimal FİFD 24,61%) müəyyənləşdirilir.
4. Müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli əlavə razılaşmadan görünür ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 1350 manat müəyyən olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh qeyd olunan məbləğdə kredit xətti ayırmağı xahiş etmişdir.
6. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1349,49 manat əsas, 259,53 manat faiz olmaqla cəmi 1609,02 manat məbləğdə borc mövcuddur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1349,49 manat əsas, 259,53 manat faiz olmaqla cəmi 1609,02 manat məbləğdə pulun və 36,09 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB2632051B299 nömrəli kredit müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli əlavə razılaşmaya əsasən onun kartına 59 ay müddətinə 1350 manat kredit vəsaiti daxil edilmişdir. Daha dəqiq sözlə kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş və onun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 1349,49 manat əsas, 259,53 manat faiz olmaqla cəmi 1609,02 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimeldən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur.
b) iddiaya etiraz
9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; Maddə 331.5. Əqdlərin elektron ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “... Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. ...
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
2. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.”
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2- 2(102)-575/2023 nömrəli Qərarı: “- 40. İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İddianın faktiki əsaslarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
18. Belə ki, iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilmiş sübutlar aşağıdakılardır: kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi, xx.xx.2023-cü il tarixli müqavilə, xx.xx.2023-cü il tarixli əlavə razılaşma və maliyyə arayışı.
19. Eyni zamanda iddiaçı cavabdehlə kredit münasibətlərinin məsafəli formada, yəni elektron imza və mobil tətbiq vasitəsi ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə yarandığını bildirir.
20. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasındakı kredit münasibətlərinin məsafəli formada yaranması mümkün haldır, mövcud qanunvericilik buna imkan verir.
21. Bununla belə, bu zaman müqavilənin digər tərəfinin müqaviləni imzaladığını və təsdiq etdiyini göstərən məlumatlar göstərilməli, bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyi açıq və aydın şəkildə müəyyən olunmalıdır.
22. Hazırkı halda kredit müqaviləsi və nə də əlavə olunan digər sənədlər cavabdeh tərəfindən fiziki olaraq imzalanmamışdır, cavabdehin imzanın digər analoqundan, iddiaçının qeyd etdiyi kimi elektron imzadan istifadə etməklə müqaviləni imzalaması isə müəyyyən olunmur.
23. Belə ki, müqavilənin “imza” hissəsinə cavabdehin fərdi identifikasiya məlumatlarının əlavə edilməsi hələ özlüyündü müqavilənin imzalanması anlamına gəlmir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
24. Həmin Qərara əsasən, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir.
25. Bunlardan əlavə, müqavilənin cavabdeh tərəfindən imzalandığı fərz olunsa belə, iddiaçı tərəfindən kredit öhdəliyinin mövcudluğu yenə də sübuta yetirilmir.
26. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsi artıq formalaşmışdır. Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarındakı hüquqi mövqe də ondan ibarətdir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
27. Göründüyü kimi, bank tərəfindən qarşı tərəfin kredit öhdəliyinin mövcudluğunu sübut etmək üçün kredit müqaviləsi və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir.
28. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən sübutlar yalnız xx.xx.2023-cü il tarixli müqavilə, xx.xx.2023-cü il tarixli əlavə razılaşma, hesabdan çıxarış və bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş maliyyə arayışıdır.
29. Müqavilənin predmetindən isə müəyyən olunur ki, bank müştəriyə “X1” ödəniş kartı verməyi, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartla bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmağı öhdəsinə götürmüşdür.
30. Lakin, iddia ərizəsinə kredit müqaviləsi əlavə edilsə də müqavilənin predmetinə uyğun olaraq ödəniş kartının müştəriyə verildiyini, karta müvafiq qaydada razılaşmış kredit məbləğinin köçürüldüyünü təsdiq edən sənədlər əlavə edilməmişdir.
31. Odur ki, nə qədər ki, nə debet kartın özünün, nə də kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir, bu mövcud sübutlar əsasında iddianın təmin edilməsi yolverilməzdir.
32. Belə ki, hüquqi təbiəti baxımından kredit müqaviləsi iki tərəfli, əvəzli və konsensual müqavilə olmaqla, konsensuallığı onda ifadə olunur ki, bu müqavilə üzrə hüquq və vəzifələr bu barədə razılığın əldə edilməsi ilə yaranır.
33. Müqavilənin iki tərəfli xarakterinə əsasən hər iki tərəf müqavilə üzrə öhdəliklər götürür və bir tərəfin öhdəliyinin icrası ona digər tərəfdən də öhdəliyin icrasını tələb etmək hüquq verir.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə