Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-764/2022 04.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsi üzrə 4265,41 manat əsas, 3542,28 manat faiz borcu, 2263,89 manat cərimə borcu, 591,77 manat gecikmə faizi, ümumilikdə isə 10663,35 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə ərizə verərək xx.xx.2022-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 16 fevral 2015-ci il tarixli 1xx/xx/95487/15 saylı müqavilə bağlanmışdır. Həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5400 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 4265,41 manat əsas borc, 3542,28 manat faiz borcu, 2263,89 manat cərimə, 591,77 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 10663,35 manat məbləğində borcu qalmışdır. Suala cavab olaraq bildirir ki, bu borc üzrə silinmə olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçının bir neçə il əvvəl bağlanmış müqavilə üzrə hazırda iddia qaldırmağı düzgün deyil. Belə olan halda faizlər də çox olur. Hazırda iddia məbləği ilə bağlı faizlər onu qane etmir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 48 ay müddətinə illik 22% ödəmək şərtilə 5400 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB QSC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 4265,41manat əsas, 3542,28 manat faiz borcu, 2263,89 manat cərimə borcu, 591,77 manat gecikmə faizi, ümumilikdə isə 10663,35 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4122 saylı rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məəlumatları və xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilənin bitdiyi, yəni xx.xx.2019-cu il tarixə "xxxx" KB QSC-yə olan borcu əsas borc üzrə 4168,89 manat, faiz borcu üzrə 2425,37 manat, gecikdirilmiş vaxt üçün faiz borcu 572,64 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibət yaranmışdır. İddiaçı "xxxx" KB QSC öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 4265,41 manat əsas, 3542,28 manat faiz borcu tələb etsə də, ekspert rəyindən müəyyən olunur ki, cavabdehin kredit müqaviləsi üzrə 4168,89 manat əsas, 2425,37 manat faiz borcu vardır. Məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsi üzrə 4168,89 manat əsas, 2425,37 faiz borcu tutulmalıdır. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 291 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissədə təmin edilməməlidir. Belə ki, maliyyə arayışından görünür ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış 2263,89 manat cərimə tələb etmişdir. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu tələb edə bilməz. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsi üzrə 4168,89 manat əsas borc, 2425,37 manat faiz borcu, 291 manat cərimə borcu olmaqla, ümumilikdə isə 6885,26 (altı min səkkiz yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 88,85 (səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 88,85 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertizaların xərci olaraq 145 manat Cavabdeh və 145 manat ləğv prosesində olan "xxxx" KB QSC-yə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/95487/15 saylı kredit müqaviləsi üzrə 4168,89 manat əsas borc, 2425,37 manat faiz borcu, 291 manat cərimə borcu olmaqla, ümumilikdə 6885,26 (altı min səkkiz yüz səksən beş manat iyirmi altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 88,85 (səksən səkkiz manat səksən beş qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertizaların xərci olaraq Cavabdeh 145 (yüz qırx beş) manat və ləğv prosesində olan "xxxx" KB QSC-dən 145 (yüz qırx beş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-764/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-764/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver