Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-766/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: icra qeydinin ləğvi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər "xxxx" ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 12 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 15% dərəcəsi olmaqla 500.000 manat kredit götürmüşəm. 23 may 2022-ci il tarixdə 12 saylı Notariat Ofisində bağlanmış 113-MFİ-292 nömrəli ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100.40 kv.m olan qeyri-yaşayış sahəsini və torpaq sahəsini ipoteka saxlayının xeyrinə girov qoyaraq yüklü etmişdir. Cavabdeh1 ASC Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək 24 oktyabr 2023-cü il tarixli icra qeydi almış və Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-ci il tarixli icra qeydinə əsasən tələb olunan 424 460.07 AZN (dörd yüz iyirmi dörd min dörd yüz altmış manat yeddi qəpik) məbləğində əsas borc, 41669.86 AZN (qırx bir min altı yüz altmış doqquz manat səksən altı qəpik) faiz borcu, 4931.44 AZN dəbbə pulu olmaqla cəmi 471086.37 AZN (dprd yüz yetmiş bir min səksən altı manat otuz yeddi qəpik) kredit borcunun tələb edilməsi barədə icra qeydi qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, kredit müqaviləsi bağlandığı tarixdən təxminən 135.000 min manat kredit borcu ödəsə də bank əsassız olaraq şişirdilmiş məbləği ondan tələb etmişdir. Belə çıxır ki, banka ödəmiş olduğu məbləğləri bank əsas borcdan da silmək əvəzinə qanunsuz olaraq faiz borcuna silməklə ona süni rəqəmlərlə borc hesablayaraq icra qeydi verilməsini tələsik olaraq tələb etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın günlərdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olmuşdur. Belə ki, bankla arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən ondan 471086.37 məbləğində pulun ödənilməsini tələb edir. Lakin borc yuxarıda qeyd etdiyi kimi düzgün hesablanmamışdır. Lakin Bakı şəhəri 30 saylı Notariat Ofisi icra qeydinə əsasən əsassız olaraq 471086.37 AZN (dörd yüz yetmiş bir min səksən altı manat otuz yeddi qəpik) min manat məbləğin ondan tutularaq tələbkara ödənilməsi tələb olunur. Bundan başqa ipoteka rəsmiləşdirilməsindən irəli gələn hüquqları da pozulmaqdadır. İpotekaya yönəldilmə haqqında bildiriş qeydiyyata alınmadan borcun ipoteka predmetinə yönəldilməsi icra qeydində tələb edilmişdir. İpoteka müqaviləsi bağlanan zaman qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin bazar dəyəri 770.000 manat qiymətləndirilmişdir. İcra qeydində isə borcun ipoteka predmetinə yönəldilməsi tələb olunsa da hərracdan satılıb–satılmaması barədə göstəriş və qalan məbləğin ona qaytarılması qeyd edilməmişdir. Hesab edir ki, burda qanunvericiliyin tələbləri pozulmuşdur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət bank tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq icra məcburi dayandırılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2022-ci il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı illik 15% dərəcəsi ilə 3 ay güzəştli olmaqla, 36 ay müddətinə 500000 manat məbləğdə kredit verilmişdir.
9. 23.05.2022-ci il tarixli, 113-MFİ-292 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,4 m2 olan qeyri-yaşayış binası və torpaq sahəsini Cavabdeh1 Səmhdar Cəmiyyəti qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü edir.
10. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-15148 reyestr nömrəli xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka saxlayan “AFB” Bankın tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 93,1 m2 qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilmişdir.
11. Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə hərracda satılması ilə bağlı tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildirişə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən yaranmış 463439,39 manat borcunun 21 gün müddətində ödənilmədiyi halda ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 100,40 m2 olan qeyri-yaşayış binası və torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanılması ilə bağlı xəbərdar edilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
13. xx.xx.2023-cü il tarixli 095556 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzindən görünür ki, bildiriş İddiaçı ünvan 5 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.
14. xx.xx.2023-cü il tarixli 095555 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzindən görünür ki, bildiriş İddiaçı ünvan 6 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.
15. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.
16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
17. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir.
18. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
19. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
20. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
21. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
22. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
23. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
24. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borcverən kreditin təminat üsulu olan ipoteka predmetinə tutma yönəldirməsi barədə notariusa müraciət etmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 93,1 m2 qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilməsi barədə 8İ-15148 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. İddiaçı iddia etmişdir ki, ipoteka predmetinə tutma yönəldilərəkən ona bildiriş verilməmiş, bildirişdəki imza ona məxsus olmamışdır.
25. Qanunvericiliyin yuxarıda sadalanan nömralarından göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi - bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir.
26. İşdə olan bildirişdən və xəbərnamədən görünür ki, həm borclu, həm də ipoteka qoyan olan iddiaçının yaşadıqları ünvana poçt vasitəsi ilə bildirişlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən soyadı yazılmaqla imzalanaraq çatdırılmışdır. Bununla belə yuxarıda qeyd olunan qanunun normasından görünür ki, bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
27. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Beləki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, bildiriş iddiaçıya çatdırılmışdır. Kredit müqaviləsinin bitmə müddəti xx.xx.2025-ci il olduğundan isə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
28. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil