Məhkəmə qərarları › İş №e-2(004)-782/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-782/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-782/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5688 (beş min altı yüz səksən səkkiz) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 5866 (beş min səkkiz yüz altmış altı) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli AL-123 saylı «X2» əsasında lizinqə verilmiş «Ravon Nexia R3 minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi D131347 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA047000, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 28 yanvar 2022-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu Mehdiabad yolunda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilməsi haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün "xxxx"ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 5688 (beş min altı yüz səksən səkkiz) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 5688 (beş min altı yüz səksən səkkiz) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh ilə onun arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli icarə müqaviləsinin 1.6cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Bu səbəbdən Cavabdeh 5688 (beş min altı yüz səksən səkkiz) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 5866 (beş min səkkiz yüz altmış altı) manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan, iddiaçıya məxsus «Ravon Nexia R3 minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və avtomaşına 5688 (beş min altı yüz səksən səkkiz) manat zərər dəymişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 48 ay müddətinə ayda 450 manat ödəməklə avtomobili icarəyə görə götürürdüyü avtomobili cəmi 2 ay 15 gün idarə etmişdir. İcarə haqqına görə ümumilikdə 1115 (min yüz on beş) manat ödəniş etmişdir. Qeyd edir ki, avtomobilin idarəsinə görə 1000 (min) manat depozit qoymuşdur. Avtomobil zədələnərkən həmin depozitə qoyuğu məbləğdən çıxarılmasını iddiaçıya bildirsə də, həmin məbləğ çıxılmamışdır. Bundan başqa avtomobilin onda qalınmasını və yavaş-yaşav özü düzəldəcəyini təklif etsədə, iddiaçı bununla razılaşmamışdır. İcarə müqaviləsi bağlanarkən ona kasko sığorta haqqıda ərizəyədə qol çəkdirmişlər. Bundan başqa avtomobilə görə polisdən təmizlik kağızı almış və buna görə 550 manat ödəniş etmişdir. Avtomobil ilə qəza törətdikdən sonra cəmi bir həftə icarə haqqını ödəyə bilməmişdir. Avtomobili onun tərəfindən təmir olunması üçün iddiaçıya təklif etsədə razılaşmamış, rəsmi servisdə düzəltdirəcəyini bildirmişdir. Rəsmi servisdə 100-200 manata avtomobilin yağı dəyişdirilirsə, o qıraqda onu 70-80 manata dəyişdirir, həmçinin avtomobilin digər ehtiyyat hissələrini daha ucu düzəldirlər. Avtomobili o, ümumilikdə 2500 manata düzəltdirə bilərdi. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 19 yanvar 2018-ci il tarixli AL-123 saylı “X2” bağlanmışdır. Həmin müqavilə əsasında lizinqə verilmiş «Ravon Nexia R3 minik» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi D131347 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA047000, ağ rəngli) avtomobil xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Avtomobil Cavabdeh istifadəsində olduğu zaman ona zərər dəymişdir. "xxxx" tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 5688 (beş min altı yüz səksən səkkiz) manat tələb olunmuş, lakin cavabdeh Adil Zərbəliyev yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o, həmin vaxt avtomobili "xxxx"-də 5688 (beş min altı yüz səksən səkkiz) manat ödəyərək öz hesabına təmir etdirmişdir. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflər arasında bağlanılmış 23 dekabr 2021-ci il tarixli icarə müqaviləsinin: - 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. - Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. - Həmin müqaviləyə əsasən avtomobil cavabdeh tərəfindən təhvil alınarkən saz vəziyyətdə olması, heç bir qüsürünun olmaması və bütün ləvazimatlarının yerində olmasına dair qüyd aparılaraq imzalanmışdır. Göründüyü kimi cavabdeh nəqliyyat vasitəsinin onun isdifadəsində olduğu müddətdə, istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə və saz vəziyyətdə qəbul etməklə isdifadəsində olduğu müddət ərzində nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə dair öhdəlik götürmüşdür. Məhkəmə tərəfindən təyin edilmiş və rəyi alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5329 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5030.00 manat müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi 5688 manat dəymiş ziyanın cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə, ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən avtomobilin idarəsinə görə 1000 (min) manat depozit qoyulmuşdur. Tərəflər arasında müqavilə tərtib edilərkən depozitin qoyulmasının məqsədi gələcəkdə vurulacaq ziyanın təmin edilməsidir. İş materiallarından da müəyyən olunur ki, avtomobilin 3 ay ərzində qaytarılması cavabdehin iradə ifadəsindən aslı olmamışdır. Avtomobil qəza nəticəsində zədədlənmiş, həmin vaxt cavabdehin onu təmir etməyə imkanı olmadığından, həmçinin cavabdehin etirafedici izahatına əsasən avtomobili özü düzəldəcəyini iddiaçıya bildirsədə, iddiaçı avtomobili ondan geri tələb etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən öncədən qoyulmuş 1000 (bir min) manat depozit məbləği və müvafiq ekspertiza rəyi nəzərə alınmaqla, maddi zərərin əvəzi olaraq 4030 (dörd min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 100 manat məbləğini ağlabatan məbləğ hesab etmədiyinə görə, iddia tələbini həmin hissədə qismən, yəni 50 manat hissəsində təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun 55,26 (əlli beş manat 26 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 22,74 (iyirmi iki manat 74 qəpik) manatı isə İddiaçı özünə aid edilməlidir. İş materiallarında olan 9/5329 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 4030 (dörd min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun 55,26 (əlli beş manat 26 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 22,74 (iyirmi iki manat 74 qəpik) manatı isə İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hüquqi xidmətə görə 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar