Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-785/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə mülki işlərin birləşdirilməsi barədə cavabdehin vəsatətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 8808,7 manat məbləğində vəsaitin, mediasiya prosesi üzrə ödənilmiş 50 manat xidmət haqqının, 59 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 514 nömrəli əmək müqaviləsi bağlanmış və cavabdeh “İnsan Resursları Departamentinə Assistent” vəzifəsinə işə qəbul edilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdən isə İnsan Resursları Departamentinin X2 rəhbəri vəzifəsində çalışmışdır. Bankda 2021-ci ilin sentyabr-dekabr aylarında “RM məktəbi” layihəsi baş tutmuşdur. Qeyd edilən layihənin məqsədi bankda çalışan Müştəri Menecerlərinin (Relationship manager, qısa RM) peşəkarlıq səviyyəsinin artırılması olmuşdur. Buna görə də Müştəri Menecerlərinə fərqli sahələr üzrə təlimlər keçirilmiş və eyni zamanda həm təlim prosesi çərçivəsində və həm də yekunda qiymətləndirilmə aparılmaqla ilk üç yeri tutan Müştəri Menecerləri mükafatlandırılmışdır. Bunun üçün də Bank tərəfindən keçirilmiş imtahanda qalib olmuş şəxslərə təltif edilməsi məqsədi ilə hədiyyələr alınmışdır. Həmin hədiyyələr sırasına aşağıdakılar daxildir: - iki ədəd iPad Pro 12.9 (5th Gen), 512 GB, Wi-Fi+4G, Space grey, 2021(MHR83); - iki ədəd MacBook Pro 16 with X7 Core i9, 16 GB,1TB, Boz kosmos, (Z0XZ0); - üç ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - iki ədəd Headsets APPLE AirPods (3nd generation), (MME73); - iki ədəd X6 7 GPS, 45mm, Midnight Aluminium, X3 (MKN53). Qeyd edilən hədiyyələr məhz keçirilmiş layihə çərçivəsində imtahanda qalib olmuş şəxslər üçün nəzərdə tutulmuşdur. Sonradan “RM məktəbi” layihəsi yekunlaşdıqdan sonra X4 funksiyası tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə audit yoxlaması aparılmış və müəyyən edilmişdir ki, aşağıda adları qeyd edilən əmlaklar; - bir ədəd iPad Pro 12.9 (5th Gen), 512 GB, Wi-Fi+4G, Space grey, 2021(MHR83); - İki ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3); - bir ədəd Headsets APPLE AirPods (3nd generation), (MME73); - bir ədəd X6 7 GPS, 45mm, Midnight Aluminium, X3 (MKN53) - 1 ədəd MacBook Pro 16" with X7 Core i9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0); Cavabdeh və tabeliyində olan əməkdaş Simuzər Rzaquliyeva tərəfindən öz şəxsi məqsədləri üçün istifadə edilməklə istismar edilmişdir. X1 tərəfindən ona dair hissədə (1 ədəd MacBook Pro 16" with X7 Core i9, 16 GB, 1TB, Boz kosmos, (Z0XZ0), bir ədəd iPhone 13 Pro, 512 GB, Blue (MLVH3) vurulmuş maddi ziyan ödənilmişdir. Qeyd edilən pozuntularla əlaqədar olaraq Cavabdeh izahatı alınmış və o bir ədəd iPhone 13 Pro telefonunu 2022-ci ilin yanvar ayından sentyabr ayına qədər bir ədəd X5 elektron saatını 2022-ci ilin aprel ayından sentyabr ayının sonuna qədər istifadə etdiyini, bir ədəd “iPad Pro”nu 2022-ci ilin fevral ayından əsassız istifadə etdiyini və 2022-ci ilin sentyabr ayında ofisə qaytardığını bildirmişdir. Bütün məhsullar barəsində rəhbərliyin razılığı olmadan istifadə etməklə sərəncam vermişdir. Qeyd olunan səbəblərdən İddiaçı ASC-nin 141/22-İA/İR nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli 514 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, fəaliyyətində yol verilmiş pozuntulara görə xitam verilmişdir. Cavabdeh tərəfindən imzalanmış vəzifə təlimatına əsasən o, həm də daxili qaydalara əməl etməlidir. İddiaçı ASC-nin daxili qaydalarına əsasən əməkdaş dürüst olmalı və Bankın aktivlərini şəxsiləşdirməməli və ya şəxsi xeyir məqsədilə istifadə etməməlidir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 514 nömrəli əmək müqaviləsinin 5-ci bəndinə və qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh hərəkətləri nəticəsində Banka maddi ziyan dəymiş və buna görə də vurulan ziyanın dəyəri banka ödənilməlidir. Yuxarıda qeyd edilən əmlaklardan istifadə etməsini Cavabdeh öz izahatında da təsdiq etmiş və bununla da ziyan vurması təsdiq edilmişdir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi qeyd edilən avadanlıqlar layihə çərçivəsində qaliblərə təqdim edilməsi nəzərədə tutulduğundan və Cavabdeh tərəfindən əmək funksiyası ilə əlaqədar olmayaraq istifadə edilməklə təyinatı üzrə istifadə edilə bilməyəcək vəziyyətə gətirilmişdir. Belə ki, istifadə edilmiş avadanlıqlar yararsız hala gətirildiyi üçün hədiyyə şəkilində yeni layihələr çərçivəsində hər hansı şəxsə təqdim edilməsi artıq mümkün deyildir. Beləliklə, Banka ümumilikdə vurulmuş maddi ziyanın dəyəri aşağıdakı kimidir: - 1 ədəd iPad Pro - qiyməti ƏDV daxil 3589,56 AZN, - 1 ədəd iPhone 13 Pro - qiyməti ƏDV daxil 3589,56 AZN, - 1 ədəd Headsets APPLE AirPods – qiyməti ƏDV daxil 449,58 AZN - 1 ədəd X6 7 – qiyməti ƏDV daxil 1180 AZN, cəmi ƏDV daxil 8808.70 AZN təşkil edir. Bütün göstərilənləri nəzərə alaraq Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Banka dəymiş maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada barışıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 50 manat məbləğində xidmət haqqı ödəmişdir. Eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı mülki işin onun iddiaçıya qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatında olan 2(009)-2656/2022 saylı iş ilə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 141/22-İA/İR №-li əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi, güya Cavabdeh tərəfindən bankın əmlakının (kompüter, mobil telefon, qulaqcıq və s.) öz şəxsi məqsədləri üçün istifadə etməsi və mənimsəməsi göstərilmişdir. Hazırkı Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisə də həmin əşyalarla bağlıdır. Hər iki iddia tələbi bir-biri ilə bağlıdır və həmin işlərin bir icraatda baxılması daha məqsədəmüvafiqdir. Səbail Rayon Məhkəməsində qaldırılan iddia Yasamal Rayon Məhkəməsində qaldırılan iddiadan əvvəl olduğu üçün, Yasamal Rayon Məhkəməsinin icraatında olan iş Səbail Rayon Məhkəməsinin icraatında olan işə birləşdirilməlidir. Məhkəmə iclasında cavabdeh vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi işlərin birləşdirilməsi məsələsnin həllini məhkəməin mülahizəsinə vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair 2(009)-256/2023 saylı mülki işlə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatdan görünür ki, Səbail Rayon Məhkəməsinin icraatına cavabdehin iddiası xx.xx.2022-ci il tarixdə daxil olmuş, iddiaçı bankın iddiası isə Yasamal Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi cavabdehin iddiası üzrə mülki iş Səbail Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil edilmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki iş Səbail Rayon Məhkəməsinin icraatında olan mülki işə birləşdirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (43.2). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(004)-2960/2022 saylı mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş Cavabdeh "xxxx" ASC-yə qarşı işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(009)-256/2023 saylı mülki işə birləşdirilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-785/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-785/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver