Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-824/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 2477,65 manat əsas borc, 44,48 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Yasamal fililalı ilə Səlimov Vaqif Cümşüd oğluarasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********09 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən Səlimov Vaqif Cümşüd oğluna 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 3200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 Cümşüd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Səlimov Vaqif Cümşüd oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Səlimov Vaqif Cümşüd oğlunun Banka ödənilməmiş qalan 2477,65 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, kredit borcunu ödəmək üçün maddi imkanları yoxdur. Mərhum əri borcalan Səlimov Vaqif Cümşüd oğlu kredit vəsaitini ailə ehtiyacları üçün xərcləməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Səlimov Vaqif Cümşüd oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********09 saylı kredit müqaviləsinə əsasən Səlimov Vaqif Cümşüd oğluna 48 ay müddətinə illik 24 faizlə 3200 manat məbləğində kredit vəsaiti verilmişdir. "xxxx" ASC-yə aid xx.xx.2020-ci il tarixli məxaric orderinə əsasən Səlimov Vaqif Cümşüd oğlu bankdan 3168 manat pul vəsaitini almışdır. Maliyyə arayışına əsasən Səlimov Vaqif Cümşüd oğlunun "xxxx" ASC-yə kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borcu 2448,27 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 26,13 manat, cəmi 2477,65 manat təşkil edir. xx.xx.2021-ci il tarixli AZ-İİ 201363 ölüm haqqında şəhadətnaməyə əsasən Səlimov Vaqif Cümşüd oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə akt qeydləri kitabında 1203 N ilə qeyd edilmişdir. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1286 saylı məktubuna, həmin notariat ofisi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhdaətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Səlimov Vaqif Cümşüd oğlunun vərəsələri – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumata əsasən cavabdehlərə mərhum Səlimov Vaqif Cümşüd oğlundan keçmiş miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 102, mənzil 24 üzərində Cavabdeh1 payı 4/6 hissə, Cavabdeh2 payı 1/6 hissə və Cavabdeh3 payı 1/6 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə tədqiq edilmiş sübutlarla Səlimov Vaqif Cümşüd oğlunun kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməməsi, ölümündən sonra ondan miras qalmış əmlak – mənzilin cavabdehlər (arvadı və övladları) tərəfindən qəbul edilməsi və miras əmlakda paylarının bərabər olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən Səlimov Vaqif Cümşüd oğlunun borcu müştərək qaydada tutula bilməz və onların miras əmlakda paylarına mütənasib olaraq tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 1632,18 manat əsas borc, 17,42 manat faiz borcu, cəmi 1649,60 (min altı yüz qırx doqquz manat altmış qəpik) manat borc, 29,92(iyirmi doqquz manat doxsan iki qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 408,05 manat əsas borc, 4,36 manat faiz borcu, cəmi 412, 41 (dörd yüz on iki manat qırx bir qəpik) manat borc, 7,48 (yeddi manat qırx səkkiz qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh3 408,05 manat əsas borc, 4,36 manat faiz borcu, cəmi 412, 41 (dörd yüz on iki manat qırx bir qəpik) manat borc, 7,48 (yeddi manat qırx səkkiz qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-824/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-824/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver