Məhkəmə qərarları › İş №e-2(004)-836/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-836/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-836/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: icarə müqaviləsi, pulun tutulması, delikt) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1235 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən “Kia Forte” markalı, **- TC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarə şərtləri əsasında müvəqqəti istifadəyə verir.

2. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi təhvil təslim aktına uyğun olmalıdır. Avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə, qüsurların aradan qaldırılması xərcləri hesablanır və icarəçi tərəfindən dərhal ödənilir;

3. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir.

4. xx.xx.2024-cü il tarixli, 1235 nömrəli yol vərəqəsinə əsasən Cavabdeh “Kia Forte” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.

5. Təhvil-təslim aktına əsasən “Kia Forte” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır.

6. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol barədə portaldan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə **-TC-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 118-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir.

7. Fiziki şəxs X1 tərəfindən tərtib edilmiş zərər aktına əsasən avtomobilin təmir xərcləri 4150 manat və usta xərcləri 3150 manat olmaqla, ümumilikdə avtomobilə dəymiş zərər 7300 manatdır.

8. xx.xx.2024-cü il tarixli akta əsasən “Kia Forte” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təmirxanada olmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7300 manat əsas məbləğ və ödənilmiş 93 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Kia Forte” markalı, **-TC-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60, ümumilikdə 600 manat ödəmək şərtiylə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində Bakı- Qazax yolunun 118-ci km-də qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. X3 Nazirliyi BDYP İdarəsinin əməkdaşları tərəfindən araşdırılmış, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Mütəxəssislər tərəfindən avtomobilə dəymiş zərər 7300 manat məbləğində hesablanmışdır.

b) iddiaya etiraz

11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

19. İşdəki sübutlarla müəyyən edilir ki, iddiaçı “Kia Forte” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə icarəyə vermiş, lakin cavabdeh avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir, eyni zamanda avtomobilə maddi zərər dəymişdir. Hansı ki, bu zərərin həcmi təqdim edilən zərər aktı ilə sübut olunur.

20. Məhkəmə işdəki sübutlara qiymət verərək qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri şərtlər iş üzrə ödənilir. Belə ki, cavabdeh tərəfindən təqsirli olaraq hüquqazidd əməl törədilmiş, törədilmiş əməl nəticəsində başqa şəxsə - hazırkı halda iddiaçı şirkətə zərər vurulmuşdur və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcuddur.

21. Odur ki, iddiaçı icarə əsasında cavabdehin sahibliyinə verdiyi avtomobilə görə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

22. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 93 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7300 manat məbləğdə zərər və 93 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7393 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 7300 manat məbləğdə zərər və 93 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7393 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar