Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-841/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Yaşayış Binasında Mənzil Tikintisi” haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzili 42900 manat müqabilində mülkiyyətinə əldə etmişdir. Eyni tarixli maliyyə arayışı ilə mənzilin dəyərinin tam ödənilməsi təsdiq olunur. Mənzili əldə etdikdən sonra 2013-cü ildən bəri o, və nümayəndələri vaxtaşırı mənzilə baş çəkmişlər. Lakin sonuncu dəfə mənzilə baş çəkərkən mənzilin zibilxanaya çevrildiyini və bütün qonşuların ora zibil tökdüklərini müşahidə etmişlər. Bütün bunlarla bağlı öz narazılığını bildirdikdə isə, kommendant həmin MTK-nın hüquqşünası Samir müəllimlə danışmalı olduğunu bildirdi. MTK-nın hüquqşünası telefon vasitəsilə ona bildirdi ki, mənzil ona məxsus deyil və rəsmi məlumat almaq istəyirsə, yazılı sorğu göndərsin. İllər öncə əldə etdiyi mənzilə dair orijinal sənədləri təqdim etməyinə baxmayaraq, maneə aradan qaldırılmadı. Bununla bağlı yazılı şəkildə müraciət edərək cavabdehə pretenziya göndərdi. Lakin indiyədək pretenziyaya cavab verilməyib, mənzilə daxil olmağa isə imkan verilmir. Hazırda mənzilə daxil ola, istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh MTK ilə müqavilə bağlayaraq, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzili 42900 manata almışdır. Mənzilin ümumi sahəsi 85,8 kv.m.-dir, 02 otaqlıdır. MTK-dan ona bildirmişlər ki, mənzil bir ilə yaxın hazır olub təhvil veriləcək, lakin 2014-cü ildən bu günədək nə mənzilini qəbul edə bilir, nə də ora daxil ola bilir. O, həmin ünvana gedəndə komendant bildirir ki, o mənzil onun deyil, başqa adama məxsusdur. Özü bir neçə dəfə həmin mənzilə getmiş, lakin onu ora buraxmamışlar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlum olan axırıncı qeydiyyat ünvanı (hüquqi ünvanı) üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2013-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasında 233A nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müvafiq bəndinə əsasən müqavilənin ümumi məbləği 42900 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın sədri C.H.Alışov tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 85,8 kv.m-dən ibarət olan 2 otaqlı 233A nömrəli mənzil üçün şirkətə borcu yoxdur. İş materiallarında olan İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli “Yaşayış Binasında Mənzil Tikintisi” haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzili 42900 manat müqabilində mülkiyyətinə əldə etmişdir. Eyni tarixli maliyyə arayışı ilə mənzilin dəyərinin tam ödənilməsi təsdiq olunur. Mənzili əldə etdikdən sonra 2013-cü ildən bəri o, və nümayəndələri vaxtaşırı mənzilə baş çəkmişlər. Lakin sonuncu dəfə mənzilə baş çəkərkən mənzilin zibilxanaya çevrildiyini və bütün qonşuların ora zibil tökdüklərini müşahidə etmişlər. Bütün bunlarla bağlı öz narazılığını bildirdikdə isə, kommendant həmin MTK-nın hüquqşünası Samir müəllimlə danışmalı olduğunu bildirmişdir. MTK-nın hüquqşünası telefon vasitəsilə ona bildirdi ki, mənzil ona məxsus deyil və rəsmi məlumat almaq istəyirsə, yazılı sorğu göndərsin. İllər öncə əldə etdiyi mənzilə dair orijinal sənədləri təqdim etməyinə baxmayaraq, maneə aradan qaldırılmadı. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında 233 A saylı mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınması, həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarına yaranan maneə və məhdudiyyətlərin dərhal aradan qaldırılması və mənzilin ona geri təhvil verilməsini tələb etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın binasında ümumi sahəsi 85,8 kv.m-dən ibarət olan 2 otaqlı 233A nömrəli mənzilin tikintisi ilə bağlı xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzillərin ümumi dəyəri 42900 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MTK-ya mənzilin dəyəri 42900 manat məbləğində tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013cü il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 10 ilə yaxın müddət ərzində icra etməməsi müqavilənin ağıla batan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 233A saylı mənzilinə İddiaçı istifadə və sahiblik hüququ tanınmaqla, həmin yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneə və məhdudiyyətlərin aradan qaldırılmalı, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 233A saylı mənzilinə İddiaçı istifadə və sahiblik hüququ tanınmaqla, həmin yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneə və məhdudiyyətlərin aradan qaldırılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İş üzrə ödənimiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-841/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-841/2023
14.03.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver