Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-871/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, DK0227221/12D nömrəli müqaviləyə əsasən 121 manat əsas, 148,73 manat faiz, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixli BAL1901621/13 nömrəli müqaviləyə əsasən 670,47 manat əsas, 536,32 manat faiz borcu, 39,64 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli MM/77671/50/21 nömrəli müqaviləyə əsasən 939,93 ABŞ dolları əsas borcu olmaqla, cəmi 1516,16 manat və 939,93 ABŞ dolları borcun və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır; Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
3. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; Maddə 31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.
5. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-14971/2016 nömrəli məhkəmə əmrinə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə X1 2085,70 ABŞ Dolları əsas borc, 697,56 ABŞ Dolları faiz borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(004)- 3478/2018 nömrəli məhkəmə əmrinə əsasən xx.xx.2014-cü il tarixli, BAL1901621/13 nömrəli müqavilə üzrə X1 1246,83 manat əsas borc və 20 manat məbləğdə ödənilmiş dövlət rüsumu tutulmalıdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(004)- 3950/2018 nömrəli məhkəmə əmrinə əsasən xx.xx.2012-ci il tarixli, DK0227221/12D müqavilə üzrə X1 628,50 manat əsas borc və 20 manat məbləğdə ödənilmiş dövlət rüsumu tutulmalıdır.
8. Hazırda isə iddiaçı sözügedən müqavilələrə istinadən yenidən məhkəməyə müraciət edərək mərhum X3 vərəsəsi Cavabdeh borcun tutulmasını xahiş edir.
9. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarları).
10. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
11. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
12. Bununla belə, məhkəmədə mülki məsələlərdə icraat başlamaq hüququ mütləq hüquq deyil.
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, hər kəs “mülki hüquq və vəzifələri”inə aid hər hansı tələbini məhkəmə və ya tribunal qarşısına çıxarmaq hüququna malikdir. Bu mənada, 6 § 1 Maddə “məhkəməyə hüququ” ehtiva edir ki, məhkəməyə çatım hüququ, yəni mülki məsələlərdə icraatı başlamaq hüququ onun bir aspektidir. (X2rşı, § 36).
14. “Məhkəməyə hüquq” və çatım hüququ mütləq deyil. Onlar müəyyən məhdudiyyətlərə məruz qala bilərlər, lakin bu cür məhdudiyyətlər fərdin məhkəməyə çatım imkanını sözügedən hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə azaltmamalı və məhdudlaşdırmamalıdır. (Philis Yunanıstana qarşı, § 59; De Geouffre de la Pradelle Fransaya qarşı § 28, və Stanev Bolqarıstana qarşı [BP], § 229).
15. Artıq qeyd olunduğu kimi, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bir qismi MPM-nin 261-ci maddəsində nəzərdə tutulmuşdur.
16. Belə ki, MPM-in 261.0.1-cimaddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir.
17. Hazırkı işin hallarından görünür ki, artıq tələb olunan pul vəsaitinin borcludan tutulmasına dair məhkəmə aktları qəbul olunmuşdur və qanuni qüvvədədir.
18. Lakin, icra icraatında tərəf olan borclu və ya tələbkar vəfat etdiyindən faktiki olaraq icra icraatında sıradan çıxmış hesab olunurlar. Bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir. İcra məmurunun bu vəzifəsi “İcra haqqında” Qanunun 31-ci maddəsindən irəli gəlir.
19. Belə ki, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.
20. Baxılan işin hallarından aydın olur ki, tələbkarın vərəsəsi rəsmi qaydada mirası qəbul etmiş və bununla bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
21. Odur ki, artıq məhkəmə aktları ilə həll edilmiş məsələ üzrə borclunun vərəsəsinə qarşı yenidən məhkəmə icraatı aparmaq, iddianı mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmək yolverilməzdir.
22. Beləliklə, məhkəmə hesab edir ki, işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından bu əsasla da iş üzrə icraata xitam verilməlidir.
23. Göstərilənləri və MPM-nin 50, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 52 manat məbləğdə dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə