Məhkəmə qərarları › İş №e-2(004)-880/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-880/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-880/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Vəkil Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1747 manat maddi ziyan, hüquqi yardıma görə 100 manat xidmət haqqı, 39 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı lizinqə götürdüyü avtomobili həmin cavabdehin istifadəsinə vermişdir. 10 mart 2022-ci il tarixdə Cavabdeh1 avtomobili geri qaytarmış və geri qaytararkən avtomobildə nasazlıqlar olduğunu aşkar etmişdir. Avtorservis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomaşına 1747 manat məbləğində zərər dəymişdir. Digər Cavabdeh2 iddiaçını Cavabdeh1la tanış etmiş və onun öhdəliklərinin tam yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək mülki işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmışdır. Məhkəmə iclasında Cavabdeh1 mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materillarını araşdırıb hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, tərəflər fərdi sahibkardır, iddiaçı fərdi sahibkar olmaqla minik avtomobillərinin icarəsi və lizinqi fəaliyyəti ilə məşğul olur. Eyni zamanda həmin məlumatlardan görünür ki, hal-hazırda iddiaçının sahibkar kimi fəaliyyətinə xitam verilməmiş, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Məhkəmə tərəflərin subyektiv tərkibi, onlar arasında mövcud mübahisənin onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmasını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti …24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan əlavə məhkəmə hesab edir ki, ikinci cavabdeh X1 qarşı iddia süni olaraq ərazi aidiyyətinin dəyişdirilməsi məqsədi ilə verilmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və iddiaçıya məxsus avtomobilə zərər də məhz həmin cavabdeh tərəfindən vurulmuşdur. Cavabdeh1 qeydiyyat ünvanı Yevlax rayonunda yerləşir. Cavabdeh2 qeydiyyat ünvanı isə Yasamal rayonunda yerləşir. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il 4 saylı qərarının 4. 12-ci bəndinə əsasən Yevlax rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar